21:20 03 Aprel 2020 244
Ana səhifə Xəbərlər

Gəncədə yanacaqdoldurma məntəqələri xüsusi karantin rejiminin tələblərini pozub

Gəncədə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində karantin rejiminin tələblərinə əməl olunmadığı aşkarlanıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, bu məqsədlə Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları şəhərin bir neçə yanacaqdoldurma məntəqəsində reyd keçiriblər. Reyd zamanı yanacaqdoldurma məntəqələrinin əməkdaşlarının müştərilərə xidmət göstərən zaman xüsusi karantin rejiminin tələblərini pozduğu müəyyən edilib. DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımovun sözlərinə görə, onların barəsində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb: “Gəncə şəhəri ərazisində bir neçə yanacaqdoldurma məntəqəsi müəyyən olundu ki, onlar xüsusi karantin rejiminin tələblərini pozmuşdur. Həmin yanacaqdoldurma məntəqəsi barəsində və qanunu pozan əməkdaşlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edildi. Sakinlərə və sahibkarlara bir daha müraciət edərək xüsusi karantin rejiminin tələblərinə əməl etməyə çağırırıq”.

Sahibkarlar isə aşkarlanan qayda pozuntularının səbəbini öz işçilərində görürlər. Onların sözlərinə görə, əvvəlcədən koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə müəyyən tədbirlər görülüb:

Əli Novruzov deyir ki, müştərilərə xidmət zamanı əməkdaşları maska və əlcəkdən istifadə etməyiblər: “Biz əvvəlcədən müəyyən tədbirlər görmüşdük. Ancaq əməkdaşlarımızın məsuliyyətsizliyi ucbatından maska və əlcəkdən istifadə etməyiblər. Biz tamamilə protokolla razıyıq. Bir daha belə bir məsuliyyətsizlik olmayacaq.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən Xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində çalışır.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Gəncə

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın