16:16 23 Mart 2021 130
Ana səhifə Xəbərlər

Generalın evi, erməni müəllim yoldaşları, 31 illik həsrətə son - REPORTAJ

APA TV-nin əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edir, həmin ərazilərdən “Zəfərin izi ilə” rubrikası altında silsilə reportajlar hazırlayır. Bu silsilədən növbəti reportajı təqdim edirik.

Buralar artıq mənə tanışdır. Ötən dəfə bu yolla Xocavəndin Tuğ kəndinə getmişdik. Bu dəfə isə qonşu Edilliyə baş çəkəcəyik. O dəfə uzaqdan gördüyüm Edilli kəndinə. Sovet dövründə daha çox azərbaycanlıların yaşadıqları, 1992-ci il yanvarın 9-da işğal edilən, daşı daş üstdə qalmayan Axulludan fərqli olaraq, Edillidə evlər də, həyət-bacalar da, bağ-bağat da, hamısı salamatdır. Onda bunları uzaqdan görmüşdük, bu dəfə isə lap yaxından tamaşa edəcəyik:

Füsunkar dağların qoynunda yerləşən bu kənd Xocavənd rayonunun Edilli kəndidir. Prezident İlham Əliyev martın 15-də işğaldan azad olunmuş ərazilərə növbəti səfəri zamanı bu kənddə də oldu. Təxminən elə dayandığımız bu yerdən bir qədər aşağıda dayandı və ərazini, bu kəndi, bu dağları seyr etdi. Məlumat üçün deyim ki, aşağıda Axullu kəndi yerləşir. İşğaldan əvvəl Axullu kəndində azərbaycanlılar yaşadığı üçün ermənilər o kəndi tamamilə dağıtmışdılar. Biz əvvəlki süjetlərimizdə kəndin qalıqlarını, ərazinin xarabazarlıqlarını göstərmişdik. Lakin sovet hakimiyyəti illərində bu ərazidə ermənilər daha çox məskunlaşdıqlarına görə işğaldan sonra ermənilər buranı dağıtmayıblar. Burada onların evlərinin bir çox salamat qalıb, burada yaşayıblar. Amma aşağı hissədə azərbaycanlıların yaşadığı Axullu kəndi isə tamamilə yer üzündən silinmiş haldadır.

Qar gizləməyə çalışsa da, evlərin çoxunun görünüşündən yoxsulluq, nimdaşlıq yağır. İnzibati tikililəri nəzərə almasaq, çox azı təmirli, müasir görünüşlüdür. Təmirli evlərdən biri isə general Kamo Ağacanyanın mülküdür. O Ağacanyan ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nın milli təhlükəsizlik xidmətinin rəhbəri olub. O Ağacanyan ki, damarlarında azərbaycanlı qanı axsa da, bunu danıb, atasının Əkbər adından imtina edib. O Ağacanyan ki, Edillidə doğulub böyüsə də, Qarabağ münaqişəsi başlayan zaman öz doğmalarına silah qaldırıb.

Qarşısında dayandığımız bu ev qondarma “Dağlıq Qarabağ Respublikası”nın Təhlükəsizlik Xidmətinin rəhbəri olmuş Kamo Ağacanyana məxsusdur. O bu kənddə anadan olub, bu kənddə böyüyüb, boya-başa çatıb.

Edillinin neçə-neçə küçəsinə daş döşənib. Bizimlə gələnlərdən, bu yerlərə nabələd olmayanlardan bəziləri deyirlər ki, əvvəllər Edillinin küçələri belə deyilmiş. Bunların hamısı Füzulidə, Axulluda sökülən evlərin daşlarıdır, gətirib burada yerə döşəyiblər. Kimsə hətta öz darvazalarını tanıyır. Edillidə təhsil almış Qəhrəman Həsənov isə deyir ki, kəndin əsl adı Edilli deyil, Ədillidir: “Bura Ədil bəyin yurdudur. Burda azərbaycanlılar yaşayıb. Ermənilər bura gəlmədir. Bizim məktəb aşağıdaydı. Mən 1971-ci ildə institutu bitirmişəm və elə həmin məktəbdə dərs demişəm. 1988-ci ildə hadisələr başladı, sonra buranı ermənilər işğal elədi. 31 ildir bu kəndə gəlmirdim. Burda mənim erməni müəllim yoldaşlarım vardı. Bu gün onlara demək istəyirəm ki, mən gəlmişəm, sizsə burda yoxsunuz. 31 illik həsrətə son qoyduqları üçün Ali Baş Komandana, müzəffər ordumuza minnətdarlığımı bildirirəm, şəhidlərimizin, qazilərimizin önündə baş əyirəm”.

Edillidən sonra yolüstü Düdükçü kəndinə də baş çəkir, oxşar mənzərə ilə burada da qarşılaşırıq. Prezident İlham Əliyev martın 15-də işğaldan azad olunmuş ərazilərə növbəti səfəri zamanı bu kənddə də oldu, bu kənddəki mənzərə ilə yaxından tanış oldu. Məlumat üçün deyim ki, Düdükçü kəndi 2020-ci ilin 15 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

İşğal dövründə ermənilər Düdükçüdə də yaşayıblar. Bunu hər şeydən əvvəl kəndin girəcəyindəki budanmış, qulluq görmüş tut ağacları deyir, sonra dərə boyu yayılıb, yuxuya getmiş, mürgülü evlər. Ona görə də hazırda yaşayış olmasa da, kənddə həyat əlaməti qalmaqdadır. Bircə evlərin bacasından tüstünün çıxması çatışmır, bir də həyətlərdən yayılan mal-heyvan səsi...

İNTERŞUM

Mirmehdi Ağaoğlu,

Faiq Həsənov,

APA TV,

Xocavənd

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın