10:53 17 Aprel 2021 67
Ana səhifə Xəbərlər

Gizli əməliyyatlar, mafiyanın qatı cinayətləri, insan alveri – POLİSİN “İFŞA”SI

Polisin keçirdiyi gizli əməliyyatlar, mafiyanın qatı cinayətləri, insan alveri, auksion səhnələr... Bir sözlə bütün bunları tamaşaçılar yaxın günlərdə ekrana gələcək yeni serialda izləyə biləcəklər.

APA TV xəbər verir ki, layihə rəhbəri və ideya müəllifi Ramiz Alıyevə məxsus olan “İFŞA” serialı ölkədə ilk dəfə olaraq asayiş keşikçiləri olan polislərin fəaliyyətindən, insan alverinə, narkomaniyaya, kiber və digər cinayətkarlıqla mübarizədən bəhs edəcək.

Teleməkana yenilik gətirəcək serialın komanda heyəti və çəkilişlərin necə keçirildiyi ilə yaxından tanış olmaq üçün yolumuzu çəkiliş meydançasından saldıq. Hər kəs iş başındadır. Aktyorlar qrim olunur, rejissor son tapşırıqlarını verir, texniki heyət isə avadanlıqları hazır vəziyyətə gətirir.

Serialın quruluşçu rejissoru Elvin Abdulla deyir ki, ssenaristləri Fariz Əliyev və Səbuhi Bayramov, prodüsserləri Nicat Həsənzadə və Vüqar Təhməzov olan serialın çəkilməsində məqsəd ölkədə sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində polisin, hüquq-mühafizə orqanlarının məqsədyönlü fəaliyyətini, cinayətkarlıqla məşğul olan şəxslərin necə ifşa olunmasını göstərməkdir:

Rejissor Elvin Abdulla çox uğurlu bir layihə alınacağına inanır: Aktyor seçimindən tutmuş komandanın seçiminə kimi hər biri dəqiqliklə seçilib. Peşəkar aktyorları seçmişik və onlar da sağ olsun hər biri ayrılıqda təklifimizi qəbul edib bu serialda çəkiləcəklər. Düşünürəm ki, həm aktyor oyunu, həm rejissor işi, həm də layihənin keyfiyyəti baxımından digər seriallardan fərqlənəcək”.

İlk sezonda 6 seriyanın efirə gedəcəyini deyən rejissor hesab edir ki, serialda Azərbaycan dövləti xalqın təhlükəsizliyinin tam təmin olunması istiqamətində necə fəaliyyət göstərdiyi və aidiyyəti orqanlar öz üzərilərinə düşən vəzifəni hansı məsuliyyətlə yerinə yetirdikləri əsas məqsəd olaraq tamaşaçıya çatdırılacaq. Ssenariyə uyğun olaraq cinayətkar qrupların fəaliyyəti müəyyən olunacaq, onların hansı qanun pozuntularına yol verdikləri, hansı məkrli planlar üzərində çalışdıqları aşkara çıxacaq.

Baş rol ifaçıları polis tərəfindən Tural Əhmədin, mafiya tərəfindən isə Məhəmməd Verdiyevin rol aldığı serialda Şahin Nəsirov, Murad Məmmədov, Füzuli Hüseynov, Mahir Mirişli, Vahid Orucoğlu, Zülfiyyə Qurbanova, Sənubər İsgəndərli, İsmayıl Kərimov, Cavanşir Hadıyev, Gülər Nəbiyeva, Könül Cəfərzadə və başqaları iştirak edəcəklər.

Xalq artisti Rasim Balayev isə serialda General rolunu ifa edəcək. Setdə olduğumuz zaman böyük sənətkarımız Rasim Balayevin çəkilişini də izləmək fürsətimiz oldu: “Bu layihə böyük işdir. Polisin elə sahələri var ki, onların fəaliyyətini insanlar bilmir. Ona görə hesab edirəm ki, serialda qoyulan mövzular, problemlər aydın şəkildə öz əksini tapacaq. Bu film bir növ polisin uğurlu əməliyyatlarından, qadın alveri və s problemin qarşısını almaq üçün maarifləndirici xüsusiyyətə malik olacaq. Düşünürəm ki, olduqca aktual mövzudur və insanlar bir sıra nüansları bilməlidir”.

Hər bir filmdə ən çox mənfi qəhrəmanlar tamaşaçının tənqid hədəfi olur. “İfşa” serialının “mafiya başqanı” obrazını isə peşəkar aktyor Məhəmməd Verdiyev canlandıracaq. Aktyor deyir ki, düz 40 il bundan əvvəl "Babək" filmində canlandırdığı “Buğday” obrazı ilə Rasim Balayevlə eyni səhnəni bölüşüb. Bu gün isə ata-oğul olaraq deyil, məhz əks cəbhələrdə ”mübarizə” aparacaqlar: “Fərqli bir roldur, bu günə kimi belə bir rol oynamamışam. “Narkobaron”dur, olduqca qəddar və bir qədər də ürəyi yumşaq obrazdır. Qeyd edim ki, xaraktercə olduqca çətin bir obrazdır. 40 ildən sonra Rasim Balayevlə eyni filmdə yenidən çəkilirik. Ata bala olmasaq da amma tamamilə fərqli bir obrazda qarşılaşacağıq. Mən cinayətkar o isə polis generalıdır. Sevinirəm ki, 40 ildən sonra biz yenidən bir filimdə, bir araya gəldik”.

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin gənc əməkdaşı rolunda çıxış edən İsmayıl Kərimov isə serialda öz komandası ilə cinayətkarlara qarşı mübarizə aparacaq. Deyir layihənin əsas məqsədlərindən biri insanların maarifləndirilməsindən ibarət olacaq. Çünki insan alverinə qarşı yalnız müvafiq idarənin deyil, həmçinin hər bir vətəndaşımızın mübarizə aparması vacibdir: “Biz bir cinayətkar qadının axtarışındayıq və onu çoxdan izləyirik. Onun saxlanılması istiqamətində xüsusi bir əməliyyat qurulub. Komandaya rəhbərlik edirəm. Fuad Əliyev adlı mayoru oynayıram. Tamaşaçılara sözüm odur ki, çox maraqlı seiral olacaq. Əvvəl görmədiyiniz fərqli bir kadrlara baxa biləcəksiniz”.

Rejissor Elvin Abdulla film üçün bütün avadanlıqlarla təchiz olunduqlarını deyir: “Biz hazırda İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsindəyik. Bu serialın çəkilişləri zamanı bizə lazım olan hər bir avadanlıq, təchizat və komandası ilə bizi təmin ediblər. Fürsətdən istifadə edib Daxili İşlər Nazirliyinə və cənab nazirə öz minnətdarlığımı bildirmək istəyirəm”.

Qeyd edək ki, Azad Azərbaycan (ATV) televiziyasında yayımlanacaq serialı “Biz Group” və “Baku Art Lab” şirkəti birlikdə çəkəcək. Yeni serialın informasiya dəstəkçisi isə “ APA GROUP” olacaq.

İlahə Vəliyeva,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın