15:20 21 May 2020 247
Ana səhifə Xəbərlər

Goranboy RİH-in binasından özünü atan şəxs həbs edildi

Sosial şəbəkələrdə Goranboy rayon Qızılhacılı qəsəbə sakini Verdiyev Arzu Vəli oğlunun icra başçısının birinci müavini Ceyhun Həsənov tərəfindən döyülməsi ilə bağlı xəbərlər yayılıb.

APA TV xəbər verir ki, həmin xəbərlərdə qeyd olunur ki, mayın 14-də Goranboy rayonu, Qızılhacılı qəsəbə sakinləri Arzu Verdiyev və Eldar Musayev şikayət üçün rayon İcra Hakimiyyətinə gəliblər. Lakin bu vaxt İcra hakimiyyətinin vəzifəli şəxsləri qəbul zamanı onları döyüb, Arzu Verdiyevi isə pəncərədən aşağı atıblar.

Araşdırmamız zamanı hadisə şahidləri belə bir halın baş vermədiyini, Arzu Verdiyev və Eldar Musayevin iddialarının əsassız olduğunu bildiriblər.

Goranboyun Qızılhacılı qəsəbə və Aşağı Ballıqaya kəndinin bir qrup sakini redaksiyamıza müraciət edərək, onların qanuni istifadələrində olan torpaq sahələrinin Arzu Verdiyev və Eldar Musayev tərəfindən qanunsuz zəbt edildiyini bildiriblər.

Əldə etdiyimiz məlumata görə, rayonun Qızılhacılı qəsəbə və Aşağı Ballıqaya kənd sakinlərinin qanuni istifadələrində olan torpaq sahələrinin Arzu Verdiyev və Eldar Musayev tərəfindən qanunsuz zəbt edilməsi barədə müraciətləri üzrə hazırda Goranboy rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.

Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb. Rayon məhkəməsinin qərarı ilə Arzu Verdiyevin barəsində 10 gün müddətinə inzibati həbs seçilib, Eldar Musayev isə inzibati qaydada cərimə edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın