11:53 27 İyun 2020 534
Ana səhifə Xəbərlər

Göyçayda su çatışmazlığı – 15-Ə YAXIN KƏND SUSUZ QALDI

Yayın isti günlərində Göyçayda minlərlə insan suvarma suyunun çatışmazlığından əziyyət çəkir.

APA TV-nin yerli bürosunun məlumatına görə, son bir ayda yağıntının az olması səbəbindən Göyçay çayında, Yekəxana gölündə və Yuxarı Şirvan kanalında suyun səviyyəsi xeyli aşağı düşüb. Nəticədə rayonun 15-ə yaxın kəndində su qıtlığı yaranıb. Problemlə üzləşən sakin Zamin Məlikov deyir ki, meyvə bağlarını, tərəvəz və bostan məhsullarını vaxtında suvara bilmirlər: "Bu günlərim elə sahələr var ki, taxıl sahəsidir, yoncadır, ondan sonra xurma bağlarıdır bərbad bir vəziyyətdədir. Bəlkə də bu saat bizim qapıya getsən ağaclarda quruyub. Mən arxın başında yaşayıram mənim qapıma su girmir".

Ülvi Mehdiyev də bir aydır ki, bağ sahələrini suvara bilmədiklərini deyir: "Təxminən bir aydır ki, biz sudan əziyyət çəkirik. Lazım gəlsə gedək o bağları göstərək, bağ əkmişik, bağ salmışıq ki, inkişaf elətdirək, özümüz üçün. Bağı, ağacı əmələ gətirmək üçün sulamaq lazımdır suda yoxdur".

Məsələ ilə bağlı Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov APA TV-nin yerli bürosuna bildirib ki, quraqlıq səbəbindən su kanallarında və çaylarda suyun səviyyəsi aşağı düşüb ki, bu da sözügedən kəndlərdə su çatışmazlığı yaradıb: "Göyçayın əsas üç su mənbəyi var. Yekəxana gölü, Yuxarı Şirvan kanalı birdə Göyçay çayı. Bu Göyçay çayının hövzəsinə gələn su İsmayıllı və Qəbələ rayonları ərazilərindən gələn sudur. Yağan yağışlar nəticəsində əmələ gəlir. Bu gün gördüyünüz kimi Göyçay çayının məcrası quru vəziyyətdədir. Mövcud su ehtiyatı nədirsə biz onu səfərbər edib kəndlərə ötürmüşük. Ancaq bundan israfçılıqla yox, qənaətlə istifadə etməklə vəziyyətdən çıxmaq olar".

Qeyd edək ki, Göyçayda torpaqların 17 min 772 hektarı Yuxarı Şirvan kanalı, 7 min 19 hektarı Göyçay çayı, 1609 hektarı Yekəxana su anbarı vasitəsilə suvarılır. Rayon suvarma sistemləri idarəsinin əməkdaşları hazırda suyun bölüşdürülməsi işini nizamla həyata keçirməyə çalışır və yerli əhali əkin sahələrini gecə-gündüz növbəsi ilə suvarırlar.

Şahnəzər Bəşirov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın