06:40 12 Dekabr 2017 622
Ana səhifə Xəbərlər

Güllə altında yaşayan Orta Qərvənd - 9 YAŞLI ŞƏHİDİN KƏNDİNDƏN REPORTAJ

Son günlər ermənilər yenidən cəbhə xəttində gərginlik yaratmağa başlayıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, düşmən əsgərləri cəbhənin Ağdam istiqamətində daha da fəallaşıb, yaşayış məntəqələrini və dinc əhalini intensiv atəş altında saxlamağa çalışır.

Ağdam rayonunun Orta Qərvənd kəndi demək olar ki, qoşunların qarşıdurma xəttində yerləşir. Azğınlaşan erməni əsgərləri bu kəndi mütəmadi atəş altında saxlayır. Xüsusilə də axşamlar…

Kənd sakini Vilayət Həsənovun evi hər atışmada güllə yarası alır. Ailə üzvləri artıq düşmən gülləsindən necə qorunacağını bilir. Lakin əmlaklarını qorumaq elə də asan olmur: "Qəfildən atışma başladı. Yarım saatdan artıq atışma getdi. PK-dan, pulemyotdan avtomatdan 5.45 güllələri idi. Xeyli müddət atışma getdi, bizdə düşdük zirzəmiyə gözlədik. Daldalanırıq, sonra ara sakitləşəndən sonra çıxırıq görək hara nə dəyib. ".

Dəfələrlə ya evin dam örtüyü, ya da qapı-pəncərəsi düşmənin açdığı atəşdən zərər görən bu həyətdə sonuncu dəfə yanğın baş vermişdi. Ermənilərin atışma zamanı istifadə etdiyi iz buraxan güllələrdən biri ot tayasına düşmüşdü: "Günorta saat 13:00 radələri idi, çörək yeyirdik. Şiferin şaqqıltısına çıxdıq. Ot alışmışdı, şiferə keçmişdi. İki yanğınsöndürən maşın gəldi, söndürə bilmədi. Yandı, çıxdı getdi".

Bu kəndin sakinləri 25 ildir sahələrdən mal-qarasını günəş batmadan toplayır. Düşmən gülləsindən qorunmaq üçün uşaqlar da hava qaralmadan evdə olmalıdırlar. Çünki 2011-ci il martın 8-də bu kəndin 9 yaşlı sakini Fariz Bədəlovun öz həyətlərində oynayarkən düşmən gülləsinə tuş gəlməsi hələ də xatirələrdən silinməyib.

Ermənilərin mütəmadi atəş açdığı evlərdən biri də Bağırovlar ailəsinə məxsusdur. Sonuncu atışmada evin dam örtüyü ciddi zərər görüb. Ailənin böyük oğlu Famil Bağırov deyir ki, qırılan şiferləri dəyişməkdə çətindir. Dama çıxan kimi ermənilər atəş açır: "Ev indi heç, uşağa qurban. Uşaqdan qorxuruq. Körpə uşaqdır. Axşam mənim balacamın dili qatlanmışdı. Anam görüb qaçırıb ki, qorxmasın".

Nənə Simuzər Bağırova gördüklərinin şokundan hələ də çıxmayıb: "And olsun Allaha, imkan vermədilər ki, uşağı götürüb bir yana keçəsən. Dolu təki güllə yağırdı, dəhşət idi".

Atışma zamanı hər kəs ailəsinə aid sığınacaqda daldalanır. Lakin atəş səsləri sakitləşən kimi kişilər küçədə cəmləşir. "Bəlkə kiməsə bir şey olub" deyə əvvəlcə bir-birindən, sonra isə səngərdə barmaqları tətikdə Vətənin keşiyində duran Azərbaycan əsgərlərindən xəbər tuturlar. "Şükür, salamatlıqdır" deyə bu günü də sağ-salamat başa vurur cəbhə kəndi...

Müəllif | Apa.Tv

Ayşən Əhməd

Kodu kopyalayın