20:00 04 Mart 2020 1772
Ana səhifə Xəbərlər

Günəş batareyalarından necə istifadə olunur? - REPORTAJ

“Təbiətin yaratdıqları insanın yaratdıqlarından daha mükəmmədir”. Eramızdan əvvəl romalı mütəfəkkir Siseronun dediyi bu kəlam əsrlərin sınağından keçərək, bu gün də özünü doğrultmaqdadır. Eynən müasir dövrdə elektrik enerjisinə alternativ hesab olunan günəş enerjisi kimi…

APA TV-nin məlumatına görə, alternativ enerji adi elektrik enerjisindən mükəmməl olmasa da, ondan qat-qat ucuz başa gəlir və ən əsası, ətraf mühitin qorunması baxımından daha əlverişlidir. Dünyada bu sahəyə xeyli investisiya yatırıldığı bir vaxtda ölkəmizdə alternativ enerjiyə, xüsusən də günəş enerjisinə o qədər də çox maraq yoxdur.

Ölkəmizdəki azsaylı alternativ enerji şirkətlərindən biri olan, günəş panellərinin və batareyalarının satışını həyata keçirən “Provitaz” şirkətinin icraçı direktoru, mühəndis Emin Məmmədov deyir ki, vətəndaşlar günəş enerjisi barədə kifayət qədər məlumatlı deyil: “Əsasən günəş olanda bu enerji verə bilir. Buludlu havada da enerji almaq mümkündür, amma keyfiyyət aşağı düşür. Ölkəmizdə bu sistemlə bağlı məlumatsızlıqla bərabər inamsızlıq da var. Vətəndaşlara tövsiyə edərdim ki, alternativ enerji şirkətlərini bir az araşdırsınlar və bunu istifadə etsinlər. Çünki günəşimiz, küləyimiz boldur. Ölkə olaraq alternativ enerjidən istifadə etmək üçün böyük potensialımız var. Azərbaycanda il ərzində 365 günün 300-ü günəşli keçir”.

Emin Məmmədov günəş panellərinin qurulmasının sadə bir prosedur olduğunu deyir: “Birinci olaraq əraziyə gedib baxırıq. Ölçülərimizi götürürük və müştərinin nə istədiyini hesablayırıq. Sonra təklifimizi veririk və müştərinin razılığından sonra müqavilə bağlanılır. Ondan sonra lazım olan avadanlıqlar bazamızda varsa, razılaşdırılmış bir tarixdə gedib həmin ərazidə quraşdırırıq. Avadanlıq olmadıqda isə onu sifariş edirik. Avadanlığı əldə etdikdən sonra gedib quraşdırırıq”.

Həmsöhbətimiz deyir ki, günəş panellərinin, günəş batareyalarının qurulması üçün hər hansı bir rəsmi sənəd lazım deyil: “Müqavilə bizimlə, yəni satıcı ilə alıcı arasında bağlanılır. Məhz bu müqavilə əsasında məhsullarımızı müştəriyə təqdim edirik və rəsmiləşdiririk. Günəş batareyalarını və panellərini əldə etməkdən ötrü müştəri üçün başqa bir sənəd lazım deyil. Hansısa bir arayış, hansısa icazə olmadan bu sistemi quraşdırmaq mümkündür”.

Emin Məmmədov bu sistemin işləmə mexanizminin çox sadə olduğunu bildirir: “Ümumiyyətlə, panel enerji toplamır. Enerjini toplayan batareyadır. Sadəcə olaraq panel ötürücüdür və günəş enerjisini elektrikə çevirir. Batareyaların saxlama müddəti var. Bu da batareyaların ölçülərindən, vattından, voltundan, amperindən asılıdır. Təbii ki, enerjinin saxlanması da istifadədən asılıdır. Əgər sizin yükünüz 2 kv/saatdırsa, batareyadakı rezerv enerjiniz minimum bu ölçüdən 3 dəfə çox olmalıdır ki, heç olmasa, 1-2 saat rezerv enerji toplaya biləsiniz”.

Qiymətlərə gəlincə, icraçı direktor deyir ki, bu sistem 5-6 ilə öz xərcini ödəyir və qoyulan məbləği istifadəçiyə qaytarır: “Qanunvericiliklə 150 kv/saata icazəsiz alternativ enerjidən istifadə etmək mümkündür. Bizim şirkətdə bu sistemin qiyməti 1 vatta görə bir manatdan hesablanır. Əgər günəş paneli 270 vattdırsa, qiyməti də 270 manat olacaq. Polikristal panellərin effektivliyi monokristal panellərlə müqayisədə daha zəifdir. Monokristal panellər buludlu havada daha effektiv olur. Ona görə Avropada daha çox monokristala üstünlük verirlər. İsti ölkələrdə isə polikristala üstünlük verirlər”.

Emin Məmmədov bildirir ki, son illər dövlət tərəfindən də bu sahəyə maraq artmaqdadır:

“Son illərdə günəş panellərinə maraq artıb. Dövlət tərəfindən alternativ enerji şirkətlərinə gömrük rüsumundan azadolunma var. Şirkətlərə belə dəstək olandan sonra istifadəçi də çox rahatlıqla və ucuz qiymətə bu sistemi əldə edib qoşa bilər. Bu sahə sistemləşdirilsə, vətəndaş artıq qalan enerjini böyük şirkətlərə sata bilər. Türkiyə, Ukrayna, Gürcüstan və digər ölkələrdə belə bir qanunlar mövcuddur. Buna yaşıl tarif deyirlər. Belə olanda, qoyulan pulun vətəndaşa qayıtması tez baş verəcək”.

Qeyd edək ki, 2004-cü ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”na uyğun olaraq ölkəmizdə 2030-cu ilədək bütövlükdə istehlak olunan enerjinin 30%-nin alternativ mənbələrdən əldə olunması nəzərdə tutulub.

Həmidağa Məcidov,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın