12:00 20 Mart 2021 159
Ana səhifə Xəbərlər

Hadruta çağırılan rus professor, Üzeyir Hacıbəylinin dərsi, sənədlərdəki azərbaycanlılar - REPORTAJ

APA TV-nin əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edir, həmin ərazilərdən “Zəfərin izi ilə” rubrikası altında silsilə reportajlar hazırlayır. Bu silsilədən növbəti reportajı təqdim edirik.

Vətən Müharibəsi zamanı uğrunda ən qanlı döyüşlərin getdiyi məntəqələrdən biri Hadrut olub. Düşmən Dağlıq Qarabağın cənub darvazası sayılan bu məntəqənin əldən getməsi ilə barışa bilmirdi. Buna görə də Hadrut uğrunda təkcə meydanda deyil, informasiya məkanında da müharibə aparılırdı. Yəqin ki, o günlərdə rusiyalı blogerin Hadrutun işğaldan azad edilmədiyini “sübut etmək” üçün göstərdiyi canfəşanlıqlar da yaddan çıxmayıb.

Hər tərəfdən dağlarla əhatə olunmuş Hadrut Qozluçay dərəsində yerləşir. Buradakı binalardan, evlərdən də müharibənin izləri hələ silinməyib. Belə tikililərdən biri də keçmiş Rayon İcraiyyə Komitəsinin binasıdır. Bu binada sovet dövründə Hadrut Rayon Partiya Komitəsi yerləşib. Vaxtilə hər gün, Allah bilir, nə qədər insanın üz tutduğu binanın soyuq dəhlizlərində indi yalnız başsız küləklər dolaşır. Otaqlarda sovet istehsalı olan dəftərxana mebellərinin gözlərində qovluqlar, müxtəlif sənədlər qalaqlanıb. Bu qovluqlardakı sənədlərin xeylisi ermənicə olsa da, aralarında sovet dövründən qalma rusca sənədlər də az deyil. O sənədlərdə nə qədər azərbaycanlı adına, familiyasına rast gəlmək olar. Maraq üçün birini vərəqləyirəm və yanılmadığıma şahid oluram.

Pəncərələrin qırağına düzülmüş dibçəklərdəki güllər isə baxımsızlıqdan ömürlərini çoxdan başa vurublar. Bəlkə kiməsə sentimental görünə bilər, amma həqiqətən o solmuş güllərə baxanda adamın içini utanc hissi bürüyür. Müharibə təkcə insanları deyil, dibçəkdəki gülləri də bədbəxt edirmiş.

Qəsəbədə yeni tikililərin sayı azdır, çoxu sovet dövründən qalmadır. İşğal illərində elə bir ciddi tikinti-quruculuq işləri aparılmayıb. Əksinə olanlar dağılıb. Məsələn, hər iki tərəfindən dairəvi pilləkən uzanan postamentin üstündə çox güman nə vaxtsa heykəl olub.

Hadrutda bir də yadıma Üzeyir Hacıbəyov düşür. Bu da yersiz deyil. Dahi bəstəkar Qori Seminariyasını bitirdikdən sonra bir müddət burada dərs demişdi.

Bu tərk edilmişliyə, dağınıqlığa baxanda istər-istəməz Hadrutla bağlı yaddaşımda ilişib qalmış bir tarixi hadisə yadıma düşür. 1930-cu ildə Hadrutda indi dünyanı bürümüş koronavirusa tay bir xəstəlik - vəba epidemiyası yayılır. Yerli hakimiyyət orqanları nə qədər çalışsa da, xəstəliyin qarşısını ala bilmir, əksinə, xəstəlik hər gün daha çox can alır. Qəsəbəyə giriş-çıxış qadağan edilir, epidemiyanın qarşısını almaq üçün Rusiyadan professor Lev Zilber dəvət edilir. Ölənləri basdırmaq təhlükəli olduğu üçün yandırırlar. Həmin günlərdə o qədər insan vəbadan tələf olur, o qədər insanın meyiti yandırılır ki, bir neçə müddət Hadrut küçələrindən, Hadrutun havasından yanmış insan iyi çəkilmir.

Bütün bunları xalq yazıçısı Elçin “Ölüm hökmü” romanında ətraflı şəkildə nəql edib. Bu təmiz havada Hadrutun atılmış, tərk edilmiş evlərinə, küçələrinə baxa-baxa gözlərimin önünə o dəhşət saçan vəbalı günləri gətirirəm.

Dağların qoynunda məskən salmış cənnət Hadrut...

Hər qarışı igidlərimizin canı, qanı bahasına alınmış Hadrut...

Xalqımızın qürur yeri Hadrut...

Düşmənin yuxusunu ərşə çəkən Hadrut...

Səfərimiz yekunlaşır, getməliyik. Lakin biz yenə qayıdacağıq. Hələ neçə-neçə füsunkar yerlərini gəzmək, görmək, çəkmək üçün. Sağlıqla qal, gözəl Hadrut! Görüşənədək...

Mirmehdi Ağaoğlu,

Faiq Həsənov,

İlahə Vəliyeva,

İqrar Eyvazov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın