15:52 22 May 2020 395
Ana səhifə Xəbərlər

Hande Harmancı: “8 vaksin insanlar üzərində yoxlanılmağa başlayıb”

“REACT-C19” heyəti seçilmiş xəstəxanalardakı mövcud vəziyyəti qiymətləndirib və boşluqların aradan qaldırılmasında xəstəxanalara dəstək olub”.

APA TV-nin xəbərinə görə, bunu REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib. Onun sözlərinə görə, iki həftə müddətində heyət Bakıda 4 xəstəxanada işləri yekunlaşdırdıqdan sonra Gəncə, Ağdaş, Goranboy və Şəmkirdəki xəstəxanalarda olub, fəaliyyət planı hazırlayıb tövsiyələr veriblər: “Bu tədbirlər infeksiyanın tibb işçilərinə, ailələrə yayılmasının minimuma endirilməsi üçündür. Bu müddətdə 400-dən çox tibb işçisi təlimlərdə iştirak edib. Yerli həkimlərlə ağır xəstələrin müalicəsi üçün təcrübələrini bölüşüblər. Bundan sonra da onlayn platformalar üzərindən tövsiyə və konsultasiyaların davam etməsi gözlənilir. Pandemiya ilə mübarizədə yolumuz uzundur. Bundan sonra da mübarizəyə dəstək verməyə davam edəcəyik”.

Hande Harmancı onu da əlavə edib ki, koronavirusa qarşı vaksinlə bağlı 100-dən çox iş görülür. 8 vaksin insanlar üzərində yoxlanılmağa başlayıb.

TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev isə bildirib ki, “REACT-C19” layihəsinin ikinci mərhələsi uğurla yekunlaşıb, hazırda növbəti mərhələdəyik: "Layihə çərçivəsində pandemiya xəstəxanalarında keyfiyyətin təkmilləşdirilməsi üçün işlər görülüb. Əminəm ki, Türkiyədən gələn azərbaycanlı həkimlərin pandemiya dövründə ölkəmizdəki həmkarlarına dəstəyi çox müsbət nəticələr verəcək və biz az itki ilə koronavirusa qarşı mübarizəni başa çatdıracağıq".

““REACT-C19” layihəsi çərçivəsində ölkəyə dəvət olunan 19 həkimin dövlət xətti ilə oxuduğunu deyən Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, deputat Soltan Məmmədov bildirib ki, bu gün həmin mütəxəssislər ölkəmizin ehtiyacı olduğu bir dönəmdə vətənə dönüb və təcrübələrini bölüşüblər: “Əminəm ki, bu gün ölkədə virusla mübarizədə aparılan uğurlu mübarizə digər ölkələrə nümunə olduğu kimi, bu layihə də başqa ölkələrə nümunə olacaq. Bir ay əvvəl Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və tapşırığı ilə Heydər Əliyev Fondu, TƏBİB və ÜST tərəfindən koronovirusla mübarizədə “REACT-C19” layihəsinin icrasına başlanılıb”.

Onun sözlərinə görə, Azərbaycanda pandemiya ilə mübarizənin ilk günlərindən Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük" çağırışından sonra ölkədə bütün dövlət qurumları, QHT, sahibkarlar, ictimaiyyət və beynəlxalq təşkilatların imkanları səfərbər olunaraq genişmiqyaslı tədbirlərin icrasına başlanıb.

Layihə çərçivəsində xaricdə tibb təhsili alıb ölkəmizə gələn, ölkəmizin müxtəlif regionlarına ezam olunan həkimlərdən biri Turanə Rəsulova koronavirusla mübarizənin önəmini vurğuladılar: “Mən bir sıra qərb rayonlarında oldum. Orada xəstəxanalarda “COVİD-19” la necə mübarizə aparmaq lazım olduğu ilə bağlı söhbətlər apardıq, təcrübələrimizi bölüşdük. Qeyd edim ki, “COVİD -19” la mübarizə aparmaq üçün müəyyən bir siyahı mövcuddur. Bu siyahıya, qəza idarəetmə sistemi, pandemiya gələndə xəstəxana rəhbərliyi kimləri məsul seçib nə edəcək. Xəstəlik hallarının idarə edilməsi, epidemioloji analiz necə həyata keçirilir, infeksiyanın qarşısının alınması ilə bağlı tədbirlər necə görülməlidir və s.”

Həkimlər bir daha vətəndaşları koronavirusa qarşı ciddi olmağa və bu xəstəliyə laqeyd yanaşmamağa çağırıblar.

İlahə Vəliyeva

Üzeyir Ağayev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın