17:53 27 Yanvar 2021 165
Ana səhifə Xəbərlər

Hande Harmancı: “Azərbaycana müəyyən miqdarda Pfizer/BioNTech peyvəndi də gətiriləcək"

“Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşkil etdiyi COVAX platformasına üzv olub və bu platformada əməkdaşlıq çərçivəsində Azərbaycana peyvəndlər gətiriləcək”.

Bunu APA TV-yə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, fərqli peyvəndlərin də gətirilməsi müzakirə mövzusudur: “Müəyyən miqdarda Pfizer/BioNTech peyvəndi də gətiriləcək. Hazırda isə Azərbaycanda Sinovac peyvəndi tətbiq olunur. Azərbaycan da digər ölkələr kimi mümkün olduğu qədər çox peyvəndi qısa vaxtda ölkəyə gətirib tətbiq etmək istəyir. Bunun üçün işlər davam edir”.

Hande Harmancı qeyd edib ki, indiyə qədər ölkələrdə aparılan araşdırmalar zamanı peyvəndlə bağlı hər hansı ciddi yan təsir aşkarlanmayıb: “Amma yenə də izləmək, diqqət etmək lazımdır. Çünki klinik sınaqlar daha az sayda insan üzərində həyata keçirilir. Üçüncü faza sınaqlar 10 minlərlə insan üzərində yoxlanılır. 10 milyonlarla insan üzərində sınaqlar aparıldığı zaman daha fərqli nəticələr ortaya çıxa biləcəyi üçün daha diqqətlə izləmək lazımdır. İndiyə qədər hər hansı təhlükəli, ciddi, ağır yan təsirə rast gəlinməyib”.

ÜST rəsmisi deyib ki, təmsil etdiyi qurum tərəfindən indiyə qədər sənəd verilən şirkətlərdən ilki Pfizer/BioNTech olub. Bununla yanaşı, təxminən 10 peyvənd də dəyərləndirmələrdən keçir. Qısa zamanda bir çox vaksin bu siyahıya daxil olacaq. BMT bu vaksinlərin alınmasına imkan verəcək və ölkələr bunu rahat şəkildə istifadə də biləcəklər: “52 ölkədə vaksinasiya başlayıb. 41 ölkədə tək növ, 11 ölkədə isə 2 fərqli peyvənddən istifadə olunur. İndiyə qədər ən çox istifadə olunan, 44 ölkədə tətbiq edilən Pfizer/BioNTech vaksinidir. 6 ölkədə Moderna, 4 ölkədə Sinopharm, 3 ölkədə Sputnik V, 3 ölkədə CoronoVac, 1 ölkədə isə Kovaksin, Covishield vaksini tətbiq olunur. ÜST indiyə qədər yalnız Pfizer/BioNTech vaksinini təsdiq edib. Yaxın zamanda Moderna, Covishield və Sinopharmla bağlı araşdırmaların nəticəsi də ÜST tərəfindən açıqlanacaq”.

Hande Harmancı peyvənd olunacaq şəxslərə xüsusi pasportların verilməsi məsələsinə də münasibət bildirib: “Vaksinasiya ilə bağlı 2 növ sənəd var. Bunlardan biri peyvənd olunmağa dair, həmçinin uşaqlara peyvənd olunduğu zaman verilən sənəddir. Hər insana harada, nə vaxt peyvənd vurulduğu ilə bağlı sənəd verilməlidir. Bunun elektron olması daha yaxşıdır, Azərbaycanda bununla bağlı işlər davam edir. Səyahətlə bağlı sənəd hələ ki, ÜST-ün tövsiyə etdiyi bir şey deyil. İndiyə qədər sarı qızdırma ilə bağlı belə məcburiyyət var. Ondan başqa hər hansı xəstəliklə bağlı səyahət üçün sənəd yoxdur. Yenə də bunlara ölkələr özü qərar verməlidir”.

Koronavirusun Britaniya növünün Azərbaycana gəlmə ehtimalından danışan ÜST rəsmisi deyib ki, hazırda bu növ virus sürətlə yayılır və Türkiyədə olduğu halda Azərbaycana də gəlməsi istisna deyil: “Ancaq ehtiyatı əldən vermək olmaz. Keçən yaz və yay aylarında həm dünyada, həm də Azərbaycanda koronavirusa yoluxma sayında azalma oldu. Ancaq bu yaz və yay aylarında eyni şeyi görməyə bilərik. Çünki yoluxma sayları çox artıb. Bu həftə ərzində dünyada COVID-19-a yoluxma sayı 100 milyonu ötdü. Artıq o qədər insan yoluxub ki, diqqətli olmasaq, yay və yaz aylarında azalma olmaya bilər. Gigiyena qaydalarına əməl etmək lazımdır, çünki hələ COVID bitməyib və təkrar gələcək”.

Handa Harmancı onu da əlavə edib ki, koronavirus əleyhinə peyvəndlər 16 yaşdan aşağı uşaqlarda sınaqdan keçirilmir.

İlahə Vəliyeva APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın