11:01 29 Noyabr 2020 226
Ana səhifə Xəbərlər

Hərbi həkim: “Əsgərlər “yaramı sarın, mən geri qayıdıram” deyirdilər”

Qəhrəman Tərtərin tibb işçiləri Birinci Qarabağ savaşında olduğu kimi, İkinci Qarabağ müharibəsində də xalqın, ordunun xidmətində fasiləsiz dayandı.

Yamən Cəfərov qəhrəman şəhərin həkim qazisidir. 1959-cu ildə Tərtərin Süsənli kəndində doğulub. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Elinə-obasına bağlılığı onu doğulub boya-başa çatdığı Tərtərə qaytarıb. 1983-cü ildən Tərtər rayon xəstəxanasında fəaliyyətə başlayıb. 1988-ci ildə Qarabağ münaqişəsi başlayandan cəbhə bölgəsindən ayrılmayıb: “Müharibənin ilk illərindən Ağdərə rayonunun azərbaycanlılar yaşayan kəndlərinə həkim briqadası ilə gedib, əsgərlərimizə tibbi xidmət göstərmişik. 1991-ci ilin dekabr ayından Tərtər özünümüdafiə batalyonuna həkim kimi yazıldım. Sonra bu ərazidə hərbi hissə yaradıldı və burada çalışdıq. 1992-ci il iyunun 17-də hücum əməliyyatları başladı Torpaqtəpə deyilən ərazidə. Bundan sonra Ağdərənin kəndlərini, iyul ayının 4-dən 5-nə keçən gecə Ağdərəni ermənilərdən azad etdik. Vəng döyüşləri də daxil olmaqla ən qaynar nöqtələrdə olduq”.

Yamən Cəfərov 1994-cü il mayın 12-də atəşkəs sazişi imzalandıqdan sonra hərbi-tibbi sanitar batalyonunun tərkibində həkim kimi fəaliyyət göstərib. 1997-ci ilin sonlarından tərxis olunub, hazırda ehtiyatda olan tibb xidməti kapitanıdır.

Müsahibimiz 2010-cu ildə Bərdə Müalicə Diaqnostika Mərkəzi açıldıqdan sonra cərrahiyyə şöbəsinin müdiri kimi fəaliyyətə başlayıb, 2019-cu ilin noyabr ayından bu günədək mərkəzdə baş həkimin müalicə işləri üzrə müavini kimi çalışır: “Bu il Vətən Müharibəsi başlamazdan əvvəl 2016-cı ilin Aprel döyüşlərində həkim yoldaşlarımla birgə könüllü olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasında fəaliyyətə başladıq, ta döyüşlər bitənə kimi. Sentyabrın 27-də səhər saatlarında döyüşlərin başladığı xəbərini aldıq. Həyat yoldaşım da həkimdir. Evdə narahatlıq yaransa da, onları qonşuya tapşırıb yenidən yollandım Tərtər Rayon Mərkəzi Xəstəxanasına”.

Tərtər xəstəxanasına çatar-çatmaz qızğın artilleriya döyüşlərinin getdiyinin şahidi olan Yamən Cəfov deyir ki, təxminən bir neçə saat sonra yaralı əsgərlərimizi qəbul etməyə başlayıblar: “Yaralarımızı qəbul etdik. İnanın, qəbul etdiyimiz yaralı əsgərlərimiz bizimlə dava edirdi ki, həkim, bizi saxlamayın, buraxın gedək. “Yaramı sarı, mən geri qayıdıram” deyirdilər. Biz buna icazə verə bilməzdik, axı yaralı qayıdan əsgər digərlərinə də problem yaradır. Sözüm budur ki, bu dəfə ruh tamam başqa idi. Yəni belə igidlərimiz var bizim. Heç nədən çəkinməyən, qorxmayan uşaqlar var. “Döyüşü davam etdirməliyik” deyirdilər”.

Birinci Qarabağ savaşının da iştirakçısı olan həkim deyir ki, əsgərlər arasında vətənpərvərlik ruhu, vətənə və döyüşçü yoldaşlarına bağlılıq o qədər yüksək idi ki, qürurlanmamaq mümkün deyildi: “Deyirdilər, doktor, axı biz o ərazilər uğrunda gedən döyüşləri yarımçıq qoyduq. Biz iştirak etməliyik. Tək əsgərlər belə deyildi. Yaralı zabit gözünü açan kimi deyirdi ki, buraxın gedim, əsgərlərim mənsiz qaldı. Halal olsun oğullarımıza! Fəxr olunası, qürur duyulası igidlərimiz var. Tək bu deyil, axı qadınlar əslində müharibə istəmir, bu da təbiidir. Heç kim qan tökülməsini istəməz. Amma bu müharibədə heç kim heç nəyin yarıda qalmasını istəmədi. Bu birlik möhtəşəm idi”.

Ömrünün 37 ilini sevdiyi peşəsinə həsr edən, iki Qarabağ savaşında xidmət edən hərbi həkim onlarla ağır yaralı gördüyünü, ən ağır əməliyyatlarda iştirak etdiyini deyir. Yamən Cəfərovun sözlərinə görə, hər yaralı əsgər görəndə sarsılıb, düşünüb ki, təkcə onun yox, həm də əzizlərinin, doğmalarının qarşısında ikiqat məsuliyyət daşıyır.

Şuşanın işğaldan azad olunduğu gün isə.... “İnanın, ən çətin vaxtlarda belə göz yaşlarıma hakim ola bilmişəm. Şuşanın azadlıq günü sevincimdən özümə gələ bilmədim. Ağladım...”

Vəzifə borcunu icra etdiyini, özünü qəhrəman olaraq görmədiyini desə də, ətrafında ona qarşı münasibətin dəyişdiyini deyir. Həkim bir çoxlarının, eləcə də əzizlərinin gözündə insanları sevdiklərinə qovuşduran bir qəhrəmandır.

“Həkimin qayğısı, səmimiyyəti də müalicə vasitəsidir” söyləyən ehtiyatda olan tibb xidməti kapitanı Yamən Cəfərov bütün hərbçilərimiz kimi, savaşa hər an hazır olduğunu deyir.

SEVİNC VAQİFQIZI

HABİL ASLANOĞLU

ZİYA İSMAYILOV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın