08:40 19 Noyabr 2019 44
Ana səhifə Xəbərlər

Hərbi jurnalistlərimizin sayı niyə azdır? - ARAŞDIRMA

Snayper gözlü, qan yaddaşlı, səngər sinəli insanlar. Onlar jurnalistikanın əsgərləri və müharibə carçılarıdır. Söhbət hərbi jurnalistlərdən, reportyorlardan gedir. Yəni, hər anı ölüm olan insanlardan. Başında dəbilqələri və “Press” yazılı jiletləri ilə səngərlərdə əsgərlərlə çiyin-çiyinə döyüşən bu şəxslər müharibə zonalarının informasiya ötürücüsüdür. Bəli, döyüşürlər. Özü də əllərində qələm və fotoaparatları, çiyinlərində kameraları ilə hadisələrin izində, güllə yağışı altında.

Onların sayı elə də çox deyil. Əslində jurnalistikamızın minusudur bu. Çünki Qarabağ müharibəsi hələ bitməyib və bu istiqamətə maraq əksinə, artmalıdır. Marağı isə aşılamaq lazımdır. Necə?

Bu sualı bayaq dediyimiz həmin o azsaylı həmkarlarımıza ünvanladıq. Anar Şuşalı kiçik yaşlarından hərbçi olmaq istəyib, tale elə gətirib ki, müharibə görüb, hətta torpağı işğal edilib. Öz isə hərbçi olmasa da, peşəsini bu sahəyə bağlayıb. Həmkarımız deyir ki, təbliğata universitetlərdən başlamaq lazımdır: “Hər zaman döyüş bölgəsində olursan, hər zaman güllə altında olursan. Təbii ki, bu bəzilərini qorxudur. Buna görə də hərbi jurnalist seçimi daha azdır. Ümumiyyətlə hərbi jurnalist olmaq üçün hərbini araşdırmalısan. Get-gedə bu hərbinin içində bişməlisən. Silahı bilməlisən, texnikanı bilməlisən, hərbi qayda-qanunu bilməlisən”.

Hərbi jurnalist Rəşad Süleymanovun sözlərinə görə, mətbuatımızda bu sahədə nöqsanlar olduqca çoxdur: “Bunlardan birincisi cəbhə zonasında işləyən hazırlıqlı müxbirlərin, ikincisi, göndəriləcək şəxslərin sığortalarının olmamasıdır. Redaksiyalarda, həm döyüş-əməliyyat, həm də konflikt zonalarında ezam edilən şəxslər üçün xüsusi qoruyucu gödəkcələrin, dəbilqələrin, ilkin tibbi yardım paketinin olmaması da qeyd olunmalıdır”.

Müsahibimiz söyləyir ki, sadaladıqları jurnalisti cəbhə bölgəsinə göndərərkən riski artırır: “Təəssüf olsun ki, bu gün cəbhə xəttinə gedən jurnalistlərin digər bir problemi də hərbi uniforma geyinməmələridir. Mən deyirəm ki, bu qəbul edilməzdir. Jurnalist kimi gedirsənsə, hərbi bölgəyə gedirsənsə, xüsusi “press” yazılmış geyimdən istifadə etməlisən”.

Digər hərbi jurnalist Rey Kərimoğlu da Azərbaycanda hərbi jurnalistlərin kifayət qədər olmadığını deyir: “Azərbaycan Ordusu yaranandan - 1991-ci ildən bu günə qədər Müdafiə Nazirlİyi - ümumiyyətlə cəbhə bölgəsi ilə işləyən jurnalistlər formalaşıb. Ən yaxşısı budur ki, jurnalist olub sonra hərbi sahəni seçəsən. Çünki hərbi jurnalistika ilə bağlı hərbi təlimlər keçilir, amma baxıram ki, yaza bilmirlər. Jurnalistikanın təməl prinsipləri var ki, onları bilmək lazımdır. Xəbər yazmağı, reportaj hazırlmağı bilsinlər”.

Baki Dövlət Universitetinin (Bdu) Jurnalistika Fakültəsinin Dekani Vüqar Zifəroğlu hərbi dərslərin də keçirilməsinin vacib olduğunu bildirir: “Hərbi jurnalistika öz tələbatlılığı ilə seçilən bir istiqamət olub. Təsadüfi deyil ki, hətta qərb jurnalistikasında hərbi jurnalistika ilə bağlı xüsusi kurslar və treninqlər təşkil olunur. BDU-nin jurnalistika fakültəsi olaraq növbəti tədris planımızda məhz hərbi jurnalistikanın bir kurs olaraq tələbələrimizə tədrisini nəzərdə tutmuşuq”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov müharibə şəraitində yaşayan ölkədə hərbi jurnalistikaya diqqətin önəmli məsələ olduğunu söylədi: “Bu məsələni biz bir neçə dəfə müzakirə etmişik. Həm Mətbuat Şurasında, həm hərbdən yazan və hərbi mövzuda fəaliyyət göstərən KİV-in rəhbərləri ilə, həmçinin ayrı-ayrı jurnalistlərlə də söhbətlər olub. Hələlik ayrı-ayrı KİV-də çalışan jurnalistlərin bir araya gəlib seminarlarda iştirakına üstünlük verilib”.

Jurnalistika fakültəsinin tələbələri arasında hərbi jurnalist olmaq istəyənlər çoxdur. Onlar deyir ki, hərbi jurnalistlərin yetişməsi üçün bu sahədə tədrisi artırmaq lazımdır: “Biz dərslərimizdə və aprel döyüşlərində gördük ki, həqiqətən bizim peşəkar hərbi jurnalistlərimizə ehtiyac var.”.

“Hərbi jurnalistika ilə bağlı böyük bir məlumatım yox idi. Mən araşdırmağa başladım və məndə böyük bir həvəs yarandı.”.

“Elə jurnalistlər var ki, hərbi hissələrdən çəkilişlər edirlər və həmin çəkilişdən bəzi kadrları efirə vermək olmaz. Burda hərbi sirləri saxlamaq lazım olur”.

“Hərbi jurnalist olmaq istəyərdim. Və bunun üçün də artıq keçirilən, Müdafiə Nazirliyinin təşəbbüsü ilə baş tutan hərbi jurnalistika təlimində iştirak etmişəm.”.

Ümid edək ki, bu problem tezliklə həllini tapacaq. Əks halda qələmini süngüyə çevirən həmkarlarımızın sırası daha da azalacaq. Bu isə yaxşı deyil. Çünki bizi qarşıda Qarabağ uğrunda döyüşlər və qələbə xəbərləri gözləyir.

Gülsurə Mirzəyeva, Xəyal Şükürlü, Musa Qulammirzəyev, APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın