20:00 21 May 2020 244
Ana səhifə Xəbərlər

Hikmət Əlizadə: “Ətraf mühitə istənilən dezinfeksiyaedici maddənin buraxılmasının az da olsa, neqativ təsiri var”

“Karantin rejiminə ciddi riayət edilməsi və preventiv tədbirlərin görülməsi nəticəsində çox minlik kollektivdə bu günədək virusa yoluxma halı qeydə alınmayıb”.

APA TV-nin məlumatına görə, bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.

Nazir həmçinin bildirib ki, 2 200 kubmetrdən çox təhlükəli tibbi tullantı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə birlikdə daşınaraq - Abşeron yarımadası, Lənkəran, Şəmkir və Quba rayonlarında yerləşən xüsusi qurğularda yandırılaraq zərərsizləşdirilib: “Cənub zonasında AQTA tərəfindən zərərsizləşdirilən 13 nöqtə təqribən 150 kubmetr, Nazirlik tərəfindən zərərsizləşdirilən digər 37 nöqtə isə təqribən 2 054 kubmetrdir. Bu zaman əmələ gəlmiş təqribən 40 kubmetr kül tullantısı isə daşınaraq Təhlükəli Tullantılar poliqonunda utilizasiya edilib. Bu işlər bu gün də davam etdirilir. Təhlükəli tullantıların daşınması və utilizasiyası sahəsində ixtisaslaşmış özəl şirkətlər bu işlərin həyata keçirilməsində bizə yaxından kömək edir".

Muxtar Babayev karantin dövründə havanın çirklənmə səviyyəsinin xeyli aşağı düşdüyünü də vurğulayıb.

Bundan əlavə, nazir bu dövrdə tətbiq olunan məhdudlaşmalar Xəzər dənizinin sahil sularının keyfiyyətinə də müsbət təsir göstərib. Nardaran, Pirşağı, Bilgəh ərazilərində dənizdə aparılan son monitorinqlər onu deməyə əsas verir ki, sahilboyu ictimai-iaşə obyektləri fəaliyyət göstərmədiyindən dəniz suyunun çirklənmə səviyyəsində azalma müşahidə edilir.

Nazirin sözlərinə görə, qərargahın rəyindən asılı olaraq, yumşalma olsa, milli park və qoruqlar mayın 31-dən fəaliyyətini bərpa edəcək.

Konfransda çıxış edən Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə isə bildirib ki, ətraf mühitə istənilən dezinfeksiyaedici maddənin buraxılmasının az da olsa, neqativ təsiri var.

Bundan əlavə, o qeyd edib ki, heyvanlar üzərində koronavirusla bağlı test aparılmayıb.

Hikmət Əlizadə ötən gün Sumqayıt məişət tullantıları poliqonunda baş verən yanğından da söhbət açıb: “Yanğından sonra ətrafa kəskin qoxu yayılır, bu isə vətəndaşların etirazına səbəb olur. Sumqayıt Məişət Tullantıları MMC-nin rəhbəri 4800 manat məbləğində cərimə olunub. Eyni zamanda fəsadların aradan qaldırılması və ərazinin bərpa olunması tapşırılıb. Tullantıların qalaqlanması təbiətə zərər verir”.

Xidmət rəisi vurğulayıb ki, Azərbaycanda 2008-ci ildə meşə ərazilərinin ümumi sahəsi 11,4 faiz idisə, hazırda meşə ərazisinin ümumi sahəsi 12 faizdir. Yəni 0,6 faiz artım var.

Daha sonra çıxış edən Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib ki, aprel ayında Bakı şəhərinin nəqliyyat sıxlığı çox olan yerlərində - Neftçilər, Nobel, Heydər Əliyev prospektlərində, Ukrayna dairəsində havada olan çirkləndirici maddələr 45-50 faizə qədər azalıb.

Elvin Paşazadə,

Musa Qulammirzəyev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın