20:37 27 Sentyabr 2020 296
Ana səhifə Xəbərlər

Hikmət Hacıyev: “Murov və ətraf yüksəkliklərin azad edilməsi Ordumuza böyük strateji üstünlük verir”

“Azərbaycan Silahlı Qüvvələri Cenevrə Konvensiyasına uyğun öz fəaliyyətini həyata keçirməkdədir”.

APA TV-nin məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Ermənistan mətbuatında Ermənistan-Azərbaycan dövlət sərhədində də toqquşma baş verməsi ilə bağlı yayılan məlumat yalandır: “Hərbi əməliyyatlar Azərbaycanın işğal olunmuş ərazilərində baş verir. Əsas məqsəd mülki insanların təhlükəsizliyini təmin etmək və işğal olunmuş əraziləri azad etməkdir”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, artıq bir sıra beynəlxalq təşkilatlar narahatlıqlarını ifadə edirlər. Vəziyyətin gərginləşməsinin məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Hikmət Hacıyev həmçinin qeyd edib ki, bu gün baş verənlər Tovuz hadisələrindən sonra Ermənistanın Azərbaycana qarşı yürütdüyü təxribatçı siyasətin nəticəsidir. Eyni zamanda, düşmən tərəfindən kiberhücumlar da təşkil edilir.

Həmçinin H. Hacıyev deyib ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verənlərlə bağlı beynəlxalq təşkilatlar da məlumatlandırılır.

Brifinqdə çıxış edən Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov qeyd edib ki, cəbhənin Goranboy istiqamətində Murovdağ silsiləsindəki Murov zirvəsi azad olunub: “Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir”.

Hikmət Hacıyev nəzərə çatdırıb ki, Murov zirvəsi ətrafındakı digər yüksəkliklər də azad edilib ki, bu da Azərbaycan Ordusuna böyük strateji üstünlüklər verir.

Elvin Paşazadə,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın