20:40 13 Dekabr 2019 13940
Ana səhifə Xəbərlər

Hitlerin Xəzərə buraxdırdığı ekoloji silah: “nemes balığı” - ARAŞDIRMA

İkinci Dünya müharibəsi illəri, həm də aclıq illəri kimi xatırlanır. Müharibə zonasında yaşayıb aclıq çəkməyəsən, bu mümkün deyil. Yalnız su hövzələrinə yaxın yaşayanların bəxti gətirib dünyanın ən dəhşətli müharibəsi zamanı. Əsas qida təbii ki, balıq olub.


Xəzər də az insanı xilas etməyib... Və həmin illərdə Xəzərdə bir balıq növü peyda olur. Balıqçılar hətta onu ovladıqda, qaytarıb dənizə atıb. O balıqçılardan indi heç kəs sağ qalmasa da, söhbətlərinin şahidi var. Sözü gedən müəmmalı balığın Xəzərə necə, haradan gəlib düşdüyünü də məhz həmin şahid - 60 ildir balıqçılıq edən Nardaran sakini Əhmədağa Əsgərzadə danışır: “O vaxt kefal balığını Xəzərə almanlar buraxıb. Kefal dənizə buraxılandan sonra ilbəil digər balıqların sayında azalma baş verdi. Kefal yırtıcı olduğundan digər balıqlarla və onların kürüsü ilə qidalanır. Özü də kefal o biri balıqlarla müqayisədə çox iti balıqdır. Düzdür, mən onların yanında olmamışam, amma o vaxt yaşlı kişilərdən bu barədə eşitmişəm. İndiyə kimi yerli camaatın bu kefaldan xoşu gəlmir”.

Yerli camaat kefala başqa adlar da qoyub. Onu “uçan balıq” da adlandırırlar. Ağzı geniş açılan kefal üçün nisbətən kiçik balıqları yemək asandır. Qocaman balıqçı deyir ki, Hitler Almaniyası kefalı Xəzərə qəsdən buraxıb, məqsəd yerli əhalini qidadan məhrum etmək olub: “Almanlar kefalı Xəzərə o biri balıqların kökünü kəsməkdən ötrü buraxıb. Onların məqsədi Azərbaycan və digər Xəzəryanı əraziləri müharibə vaxtı insanları aclıqdan qurtaran əsas qidadan - balıq və balıq məhsullarından məhrum etmək idi. Hazırda Xəzərdə bircə ədəd Şamayı, Sarı balıq, Külmə tapa bilməzsiniz. Sadaladığım balıqlarının hamısının kökü kəsilib”.


Araşdırmaçı-jurnalist H.Herisçi də mövzudan xəbərdar olanlardandır. O deyir ki, el arasında söz-söhbət boş yerə yaranmır və almanların kefalı Xəzərə buraxması kimi iddialar ciddi araşdırma tələb edir: “Xəzər dənizinin flora və faunasının kəskin azalmasında günahkar həqiqətən kefaldır? Bu ciddi araşdırma işidir. İnanmıram ki, o vaxt almanlar ekoloji müharibə ilə məşğul olsun, onlar hərbçi idilər. Şimali Qafqaza da müharibə aparmaq üçün gəlmişdilər. Ekoloji müharibə termini daha çox indiki dövrə aiddir. Bunlara hibrit müharibələr də deyirlər. Mən inanıram ki, hətta faşist Almaniyası belə Xəzər dənizi hövzəsindəki balıqlara qənim kəsilməzdi. Bu nədirsə, müasir dövrlərdə müasir düşmənlərimiz edir”.

Xəzər, Bakı, Abşeron sahilləri, yerli camaat və... meyxanasız keçinmək olarmı? Əlbəttə ki, xeyr. “Xəzərimizə bəla kefaldan gəlir”... Bakı kəndlərinin birində meyxana ustası Kərim açıb bu qafiyəni. Həmid Herisçi mövzu ilə bağlı söhbətləşəndə xatırladı bu əhvalatı: “Bakı toylarından birində meyxanaçı Kərimin yanında olan bir nəfər “Xəzər dənizi gözəldir, bu kefalı atıblar dənizə, kefal ağ balığın (nərə) yemini azaldıb...” kimi söhbətlər edirdi. Mən də üzümü meyxanaçı Kərimə tutdum və dedim ki, bu barədə meyxana desin. Bəli, Kərim özü də bunu danmaz. Düzdür indi xəstədir, yastığı yüngül olsun. Belə bir mövzunu vermişəm”.

Dəniz və müharibə... Xeyr, dəniz döyüşlərindən danışmaq fikrimiz yoxdur. Söhbət dənizin aclıqdan xilas etdiyi insanlardan, dənizin necə deyərlər, yaxşılığını unutmayan insanların qəribə taleyindən gedir. Olub, bəlkə də indi də var belə insanlar.

1960-cı illərdə - yenə Bakı kəndlərindən birində keçirilən toy məclisində “Sən ki çıxartdın bizi bu davadan, səndə ölüm, sən gözümü yum dəniz...” rədifli qafiyə açılıb. “Yazıçı” nəşriyyatının 1993-cü ildə nəşr olunan “Meyxanalar” toplusunda da bu barədə qeyd olunur. Tale elə gətirib ki, insanları ac qalmağa qoymadığına görə, canını da Xəzərə qurban verməyə hazır olduğunu bildirmək istəyən cavan meyxanaçı elə dənizdə batır.

İxtioloq Süleyman Süleymanov deyir ki, kefalın Xəzər dənizinə buraxılmasında nə Almaniyanın, nə də Hitlerin əli yoxdur. Bu balıq ötən əsrin 30-40-cı illərində Qara dənizdən Xəzərə tədqiqatçı alimlər tərəfindən transfer olunub. Gətirilən 3 növdən yalnız ikisi təzə yerinə adaptasiya olub - qızılı kefal və sivriburun hazırda vətəgə əhəmiyyətli balıqlardır. Lavan növünün isə kökü kəsilib.

Süleyman Süleymanov bir maraqlı məlumat da verdi. Sən demə vaxtı ilə düşmən adı - “nemes balığı” deyilən kefal əslində dəniz suyunun təmizlənməsində əvəzsiz rol oynayır: “Kefalların əsas qidasını detritlər təşkil edir. Yəni onun qida rasionunda digər xırda balıqların körpələrinə və onların kürüsünə rast gəlinmir. Kefalların digər balıqların qida ehtiyatının azalmasında elə də böyük təsiri yoxdur. Deyilən sözlər elmi əsassızdır”.

Həmidağa Məcidov

Vətən Sadatlı

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın