14:32 09 Yanvar 2021 169
Ana səhifə Xəbərlər

Hospitaldan qaçıb yenidən döyüşə qayıtdı, şəhid oldu - REPORTAJ

Torpağın vətən olması üçün şəhadət zirvəsinə yüksələn igidlərimizdən biri də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının giziri Faiq Həsənovdur.

APA TV-nin məlumatına görə, Faiq Həsənov 1990-cı il iyulun 28-də Bakı şəhərində anadan olub.

Birinci Qarabağ müharibəsi başlayanda Faiqin yaxınları, doğmaları da torpaqların azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Əmisi Elşən Həsənov şəhid, dayısı Mahir Rzayev isə qazi olub.

Bəlkə də elə buna görədir ki, ali təhsilini başa vurub hərbi xidmətə yollanan Faiq əsgərlikdən sonra hərbçi olmağa qərar verdiyini ailəsinə deyəndə, onlar razılaşmayıb. Amma Faiq Həsənov Xüsusi Təyinatlı Qüvvələrin tərkibində həyat yoluna davam etmək istəyib.

Anası Yeganə xanım deyir ki, nə qədər cəhd etsək də, Faiq arzusunun ardınca getdi: “Əvvəlcə İsmayıllıya təlimə getdi. “Yaşma” ilə birlikdə təlimlərə qatıldılar. Sonra Faiqgili bir həftəlik evə göndərdilər. Sentyabrın 26-sı gecə 5-in yarısı zəng gəldi və təlimat verildi ki, hərbi hissəyə geri dönsünlər. Qapıdan çıxanda dedi ki, Ağcabədiyə təlimə gedirik. Gənc əsgərlərə təlim keçəcəyik. Mən də inandım, elə bildim doğrudan da təlim keçməyə gedir”.

Gizir Faiq Həsənov anası və bacı-qardaşları ilə sağollaşır. Anasına “hər şey yaxşı olacaq” deyib ayrılır: “Qapıdan çıxanda məni iki dəfə öpdü, bir də dala qayıtdı və yenidən üzümdən öpdü. Sentyabrın 27-si zəngləşdik, dedi ki, meşədə təlimdəyik. Oktyabrın 4-nə kimi mütəmadi danışmışam. Oktyabrın 4-ü axşam saat 7-nin yarısına kimi dayanmadan telefonunu yığdım, açmadı. Sən demə, döyüşdə olduğu üçün telefonuma cavab verə bilməyib. Oktyabrın 5-i gecə şəhid olub”.

2017-ci ildə atasını itirən Faiq Həsənov anasına həm oğul, bacı və qardaşlarına isə atalıq edib. Bacısının ali təhsil almasına yardımçı olub. Dayısı Qarabağ qazisi Mahir Rzayevin sözlərinə görə, Faiq hərbi xidmətdən qayıtdıqdan sonra Xüsusi Təyinatlıların əsgəri olacağını ilk ona deyib. Sənədlərini hazırlayıb, imtahana gedib: “Döyüşlərdə yaralanmışdı. Mən də bunu eşidib onun ardınca Füzulidəki hospitala getdim. Gəldim gördüm ki, özü öz dediyini belə eşitmir. Eşitməsini itirmişdi. Ağır kəllə-beyin travması almışdı, ayağını da çəkirdi”.

Döyüşlərdə ağır yaralanan Faiq dayısının “səni Bakıya aparaq” təklifi ilə razılaşmayıb. Oktyabrın 1-dən 3-dək dayısı onu inadından döndərə bilməyib: “Nə etdim, qayıtmadı. Bakıya tək qayıtdım. Oktyabrın 4-ü axşam saatlarında Bakıya qayıtdım. Oktyabrın 5-i sübh tezdən zəng gəldi ki, Faiq şəhid olub. İnanmadım, dedim axı mən onu hospitalda qoyub geri dönmüşdüm. Deməli, mən qayıdan gecə hospitaldan qaçıb”.

Gecə ilə yaralı halda döyüş yoldaşlarının olduğu ön cəbhəyə irəliləyib Faiq. Komandiri, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı Nadir Şərifov deyir ki, Faiq Həsənov Vətən Müharibəsində qəhrəmanlıqla döyüşüb: “Müharibənin ilk günlərindən döyüşlərə qatıldıq. Füzuli istiqamətindəki ağır döyüşlərdən başladıq. Gizir Faiq Həsənov döyüşlərdə qəhrəmanlığı ilə fərqlənirdi. Çoxsaylı düşmən qüvvələrinin məhv edilməsində şücaət göstərdi. Faiqin də iştirakı ilə əhəmiyyətli yüksəklikləri əldə elədik. Qorxmaz idi, elə bil onda canavar ürəyi vardı”.

Oktyabrın 2-də Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə düşmənin açdığı ağır artilleriya zərbəsindən eşitmə qabiliyyətini itirən Faiq döyüş bölgəsindən təxliyə olunur. Həkimlər hospitalda Faiqi yalnız bir gün saxlaya biliblər. “Məni buraxın, mənə qulağım lazım deyil. Əlim silah tutur, bəsimdir. Qala bilmərəm, uşaqlar döyüşdədir” - deyib və hospitaldan yenidən ən qaynar nöqtəyə qayıdıb şəhid qəhrəmanımız: “Faiq hospitaldan qaçıb. Bizə təminat göndərilən hissəyə gəlib, motosiklet götürüb. Heç kimin xəbəri olmadan Füzuli istiqamətinə qədər gəlib. Füzuli ilə Cəbrayılı birləşdirən yolda ermənilərin qurduğu pusquya düşüblər. Artilleriya atəşi əsgərlərimizin hərəsini bir yana dağıdıb. Bir zabitimiz ağır yaralanıb. Onu yaralandığı yerdən Faiq kənara çəkib çıxarıb. Faiqlə bərabər 8 hərbi qulluqçumuz olub. Həmin döyüşlərdə düşmən snayperlər onun ürəyini hədəf alıb. İki snayper gülləsi nəticəsində şəhid olub, yaralı çıxardığı zabitimiz isə yaşayır”.

Fuad İsmayılov Vətən müharibəsinin könüllü iştirakçısıdır. Faiq Həsənovun uşaqlıq dostudur. Döyüşlərə eyni gündə, cəbhənin müxtəlif istiqamətlərindən qatılıblar: “Mən sonuncu dəfə Faiqlə hospitalda olanda danışdım. “Artıq qulağım eşidir” dedi. Səsini eşitdiyimə o qədər sevinmişdim ki. Heç üstündən bir gün keçmədi, zəng etdilər ki, Faiq şəhid olub. Səsim telefonda tutuldu, nə deyəcəyimi bilmədim”.

Uşaqlıq dostu, hərbçi Əli Babayev Faiqin hospitaldan qaçış xəbərini eşidəndə təəccüblənmədiyini deyir: “Çünki onu yaxından tanıyanlar bilir ki, o qayıdacaqdı. Vətən Müharibəsində döyüşçülərimizin o qədər yüksək döyüş əzmi vardı, inanın, ən ağır yaralı belə qayıtmaq istəmirdi. Mən Cəbrayıl döyüşlərində idim, qardaşım dedi ki, Faiq şəhid olub. Ömrümdə ilk dəfə Faiqi itirəndə ağlamışam”.

Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan gizir Faiq Həsənov İkinci Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Sevinc Vaqifqızı,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın