13:37 11 İyul 2020 491
Ana səhifə Xəbərlər

İcazəsi olan şəxslərin sənədləri ilə sərnişin daşımağa cəhd edən sürücü həbs edildi

Xaçmazda karantin qaydalarını pozaraq xüsusi icazəsi olan şəxslərin şəxsiyyət vəsiqələri ilə sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.

DİN mətbuat xidmətinin Quba rayonunda regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar xidməti ərazidə müvəqqəti stasionar postda xidmət aparan zaman respublika ərazisində elan edilmiş xüsusi karantin rejimi qaydalarını pozaraq Bakı şəhərinə sərnişin daşımağa cəhd edən Bafa Qasımovu saxlayıblar.

Məlum olub ki, o, xüsusi icazə sistemində qeydiyyatdan keçən başqa bir taksi sürücüsünə məxsus şəxsiyyət vəsiqəsi ilə sərnişin daşımaq istəyib. B.Qasımov idarə etdiyi “Opel” markalı avtomobillə ayrı-ayrı şəxslərdən 50 manat pul vəsaiti almaqla onları Bakı şəhərinə aparacağını vəd edib, sərnişinləri postlardan keçirmək üçün isə özündə saxladığı xüsusi icazəsi olan müxtəlif vətəndaşlara məxsus şəxsiyyət vəsiqələrindən istifadə etməyə cəhd edib.

“Özüm taksi sürücüsü işləyirəm. Bir nəfər mənə yaxınlaşıb rayon qeydiyyatında olduqlarını bildirdilər. Bakıya getmək istəyirdilər, sonra razılaşdıq. Postda şəxsiyyət vəsiqəsini verdiyim zaman məni tutdular. Peşmanam”.

“Bir neçə gün bundan öncə Bafa ilə “ASAN Xidmət”ə getmişdik icazə almağa. Mənə verdilər, ona vermədilər. Mənim şəxsiyyət vəsiqəm qaldı onda. O da ölkə ərazisində icazəsi olmayan şəxsləri mənim vəsiqəmlə Bakıya aparırdı. Heç kimə məsləhət görmürəm”.

Faktla bağlı toplanmış materiallar aidiyyəti üzrə Xaçmaz rayon məhkəməsinə göndərilib. Məhkəmənin müvafiq qərarlarına əsasən, B.Qasımov inzibati qaydada həbs edilib. Karantin qaydalarını pozan digər şəxslər isə inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın