14:07 20 Fevral 2020 263
Ana səhifə Xəbərlər

İcbari tibbi sığortadan yararlananların sayı 400 minə yaxınlaşır

"Bu ilin fevral ayının 15-dək icbari tibbi sığortanın tətbiq edildiyi 23 regiondakı tibb müəssisələrinə 381 482 nəfər, 607 063 müraciət edib".

APA TV-nin xəbərinə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib: “Ən çox vətəndaşın müraciət etdiyi regionlar Mingəçevir, Yevlax, Xaçmaz, Şəki və Qəbələdir. Ən çox tibbi xidmət göstərən tibb müəssisələri Mingəçevir şəhər Mərkəzi Xəstəxanası, Yevlax rayon Mərkəzi Xəstəxanası, Ağdaş rayon Mərkəzi Xəstəxanası, Xaçmaz rayon Mərkəzi Xəstəxanası və Şəki rayon Mərkəzi Xəstəxanasıdır”.

Zaur Əliyev qeyd edib ki, bu gün 5 ərazi tibbi bölməsi - Şəki-Zaqatala, Bərdə-Yevlax, Quba-Xaçmaz, Göyçay-Kürdəmir və Dağlıq Şirvan fəaliyyətə başlayıb.

Onun sözlərinə görə, ötən ay 242 nəfər həyati vacib-dəyəri yüksək olan əməliyyatlardan yararlanıb.

Agentlik sədri bildirib ki, hazırda icbari tibbi sığortanın tətbiqi 5 tibbi ərazi bölməsini əhatə edir: “Həmin tibbi ərazi bölmələri üzrə müraciət sayına gəldikdə, deyə bilərəm ki, fevralın 15-dək ən çox Şəki – Zaqatala tibbi ərazi bölməsinə müraciət edilib. Şəki – Zaqatala üzrə 169 204, Bərdə – Yevlax üzrə 149 683, Quba – Xaçmaz üzrə 124 350, Göyçay – Kürdəmir üzrə 83 562 və Dağlıq Şirvan üzrə 80 264 müraciət qeydə alınıb”.

Ən çox müraciət edilən xəstəliklərə gəldikdə, fevralın 15-dək müraciətlərin böyük əksəriyyəti yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası xəstəliyi ilə bağlı olub. Bu xəstəlik üzrə 12 182 müraciət qeydə alınıb. Ən çox müraciət edilən xəstəliklər sırasında ümumi tibbi baxış, yüksək qan təzyiqi, digər ümumi baxışlar, insulindən asılı olmayan şəkərli diabet və s. xəstəliklər yer alır.

Agentlik sədri tibb müəssisələrində baş verən ölüm faktlarına münasibət bildirərkən əlavə edib ki, əgər tibb müəssisəsində ölüm aktı baş verirsə, bu, dərhal aidiyyəti qurum tərəfindən araşdırmaya götürülür. Aparılan araşdırmanın yekun nəticələrinə uyğun olaraq da qərar verilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın