14:40 13 Noyabr 2019 49
Ana səhifə Xəbərlər

İcra başçısı ittiham etdi: “Onlar hər zaman ikili oynayır”

ATƏT nümayəndələri Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqi keçirilir.


APA TV-nin Qarabağ bürosunun məlumatına görə, cəbhə bölgəsinə səfər edən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər.

Görüş zamanı ərazidə keçirilmiş sonuncu monitorinqdən sonra ermənilərin atəşkəs rejimini mütəmadi pozduğu ATƏT nümayəndələrinin diqqətinə çatdırılıb.Bildirilib ki, ermənilər aparılan danışıqlara əhəmiyyət vermir və davamlı olaraq gərginlik yaradır: “Sərsəng su anbarından rayonumuza suyun daxili bərpa olunsa, məhsuldarlıq artar, bu da əhalimizin güzəranını yaxşılaşdırar. 2018-ci ildə əhalinin kənd təsərrüfatından gələn gəliri 68 milyon manat idisə, 9 ayda 69 milyonu keçmişik, son 3 ayda bu rəqəm artacaq. Sərsəng su anbarından su buraxılsa gələn gəlir də artar”.


İcra başçısı ATƏT nümayəndələrini erməni təxribatlarını görməzlikdən gəlməkdə ittiham edib: “ATƏT-in həmsədrləri 2015-ci ilin oktyabrında gəlmişdilər. Həmin vaxt Ermənistan ordusu işğal etdiyi ərazidən bu tərəfə keçərkən onları və bizi atəşə tutdu. Həmsədrlər ölkələrinə qayıtdıqdan sonra açıqlamalarında bizi haqsız hesab etdilər. Biz həmişə onların ikili standart oynadıqlarının şahidi olmuşuq”.

Daha sonra ATƏT nümayəndələri qoşunların qarşıdurma xəttində monitorinq keçirmək üçün cəbhənin Borsunlu kəndi istiqamətinə yollanıb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Oqnyen Yoviç və Gennadi Petrika keçirir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın