13:01 27 Yanvar 2021 138
Ana səhifə Xəbərlər

İctimai nəqliyyatda sıxlıq: narazı sərnişinlər, axtarılan səbəbkarlar - ARAŞDIRMA

“Artıq SMS icazə sistemi ləğv edilib. Səhər işə gələndə ictimai nəqliyyatda sıxlıq hiss elədik, yəqin ki, bunu siz də müşahidə etmisiniz. İndi biz Koroğlu Nəqliyyat Mübadilə mərkəzindəyik. Baxmayaraq ki, pik saatlar deyil, hətta saat 12-ə qalıb, yenə də müəyyən sıxlıq müşahidə etmək mümkündür”.

Bir müddət əvvəl xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar Bakı Metrosunun fəaliyyəti dayandırılıb. Bu qərardan sonra şəhər ərazisində sərnişin yükünün əhəmiyyətli hissəsi məhz avtobusların payına düşüb. Bəs yerüstü ictimai nəqliyyat bu işin öhdəsindən tək gələ bilirmi?

Bu suala cavab tapmaq üçün şəhər əhalisi arasında sorğu keçirdik:

- Sıxlıq hər gün var. Fevralın birindən məktəblər açılacaq, mən nəvəmi necə aparacam avtobusla?

- Əvvəl avtobuslar vaxtında gələrdi, indi yarım saat gözləyirsən, gəlmir. Özü də burada gözləyib milləti doldurur.

- Ümumiyyətlə, avtobuslar son zamanlar gec gəlir.

- Biz 5 dəqiqəlik yolu yarım saata gedib çıxırıq. Dolmamış çıxmırlar.

- Xəstəlik var, yenə də o qədər adam doldururlar. Mümkün deyil gəlmək.

Mövzu ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir ki, bununla əlaqədar daşıyıcı şirkətlərə hələ keçən həftədən xəbərdarlıq edilib, onlara avtobusların sayının artırılması barədə tapşırıq verilib: “Keçən həftə ilə müqayisədə bu gün xəttə 10-15 faiz çox avtobusun çıxışı təmin olunub. Lakin, göründüyü kimi, xəttə əlavə avtobusların buraxılması da problemi tam həll etmir. Çünki yumşaldılma ilə əlaqədar artan hərəkət artımı avtobusların hərəkətinə də təsir edir. Çünki bu gün şəhərimizdə avtobusların maneəsiz hərəkəti üçün şərait yoxdur. Ayrıca zolaqlar olan küçələrdə isə sürücülərimiz təəssüf ki, qaydalara əməl etmirlər. Bütün bu xoşagəlməz halları nəzərə alaraq, bir daha fərdi avtomobil sürücülərindən xahiş edirik ki, avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşsınlar”.

Bakı Metrosunun fəaliyyətinin bərpa edilməsi hələ ki, gözlənilmir. Deməli, bir müddət də yerüstü ictimai nəqliyyatdan başqa alternativimiz olmayacaq.

Problemin həlli ilə bağlı isə BNA tərəfindən fərdi avtomobil sürücülərinə tövsiyə olunur ki, avtomobillərini avtobus dayanacaqlarında və avtobusların hərəkət trayektoriyalarında park etməsinlər.

İslam Qədirli

Əli Ələkbər

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın