22:59 06 Aprel 2021 184
Ana səhifə Xəbərlər

İƏT-in Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Gəncədə olub

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Gəncə şəhərində səfərdə olub. APA TV xəbər verir ki, qonaqlar Gəncədə Ermənistanın Vətən müharibəsi zamanı raket atəşi nəticəsində onlarla mülki şəxsin həlak olduğu, böyük dağıntılara məruz qalan Qələbə meydanına baş çəkiblər. Həmçinin şəhərdə Ermənistanın Gəncədə törətdiyi müharibə cinayətləri ilə tanış olublar. Qambiyanın İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) nümayəndəsinin müavini Əbubəkr Cəh Gəncədə kifayət qədər böyük dağıntıların şahidi olduqlarını bildirib: “Dua edirəm ki, belə bir dağıntı və faciə bir də yaşanmasın. Biz burada Azərbaycan xalqına, mülki əhalisinə qarşı erməni vəhşiliyinin şahidi oluruq. Bunu bütün dünya ictimaiyyəti olaraq qınayırıq. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri olaraq bütün baş verən hadisələri qətiyyətlə pisləyirik. Biz həm də görürük ki, insan tələfatı olub. Burada yaşayan insanların heç bir günahı yoxdur. Onlara qarşı atılan addım həqiqətən çox böyük terror nümunəsidir”. İƏT-in baş katibinin köməkçisi Əhməd Kavesa Senqendo isə Azərbaycan dövlətinə təşəkkür edib: “Öz gözlərimizlə burda baş verən terror hadisələrini görə bildik. Biz bu müharibədə öz həyatını itirmiş qardaş və bacılarımıza görə də dua edirik. Allahdan arzumuz budur ki, onları firdövs cənnəti ilə mükafatlandırsın. Onların qanı yerdə qalmayıb. Biz İslam Əməkdaşlıq Təşkilatı olaraq siyasi müstəvidə Azərbaycanı hər zaman müxtəlif qətnamələr vasitəsilə dəstəkləməyə çalışmışıq. Eyni zamanda da BMT-nin Azərbaycanın lehinə qətnamələr qəbul etməsi üçün əlimizdən gələni əsirgəməmişik”. Qeyd edək ki, nümayəndə heyəti bu gün işğaldan azad edilmiş Ağdam şəhərinə də səfər edərək, erməni vəhşiliyi tanış olublar.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın