16:59 30 Noyabr 2020 158
Ana səhifə Xəbərlər

İki rayonda şəhid ailələri və müharibə veteranlarına ev verildi

Bu gün Qusar və Xaçmaz rayonlarında şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün tikilən 13 fərdi ev sahiblərinə təqdim olunub.

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, evlərin təqdim edilməsi mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov bildirib ki, bu gün respublika üzrə ümumilikdə 107 şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzil və fərdi evlə təmin olunub. Nazirlik tərəfindən mənzillə təminat proqramının davamı olaraq şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə Gəncədə 50 mənzil, 18 rayonda isə yeni inşa olunmuş 57 fərdi yaşayış evi təqdim edilib: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanaraq tariximizin şanlı qəhrəmanlıq səhifəsini yazdı. STIK: Bu fərəhli günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə dövlətin qayğısı, bu kateqoriyadan olan vətəndaşların mənzil və fərdi evlə təminatı işləri də davam edir. 2020-ci ildə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulan 1500 mənzil və fərdi evdən artıq 1000-i bu kateqoriyadan olanlara verilib”.

Bununla da indiyədək şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim olunan mənzil və fərdi evlərin sayı 8 min 558-ə çatıb.

Şəhid qardaşı Təvəkkül Tahidov mənzillə təmin edildiklərinə görə, təşəkkürünü bildirib: “Qardaşım Fizuli Birinci Qarabağ müharibəsində şəhid olub. Biz mənzil şəraitimizin yaxşılaşdırılması üçün müraciət etmişdik. Çox sağ olsunlar ki bizim müraciətimizi eşitdilər. Bizi yeni tikilmiş evlə təmin etdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı qazilərimizə Allah şəfa versin”.

Yeni fərdi evlə təmin olunan şəhid ailələrinin üzvləri, müharibə əlilləri qələbə sevinclərini bölüşüb, yeni evlə təmin edildiklərinə görə təşəkkürlərini ifadə ediblər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın