15:09 12 Sentyabr 2020 356
Ana səhifə Xəbərlər

İmişlidə arxeoloji qazıntılar zamanı orta əsrə aid gözətçi qalasının qalıqları aşkar edilib

İmişlidə arxeoloqlar tərəfindən aparılan qazıntı işləri zamanı orta əsrə aid gözətçi qalasının qalıqları aşkar edilib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, tarixi tapıntı AMEA-nın Arxeologiya və Etnoqrafiya institutu tərəfindən İmişli rayonu ərazisində Qızıl Təpə adlı qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar nəticəsində ortaya çıxıb.

Burada gil və bişmiş kərpiclərdən ibarət hörgülər də üzə çıxıb. AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunun Tarix üzrə fəlsəfə doktoru, ekspedisiya rəhbəri Mikayıl Mustafayev deyir ki, aşkar olunan tikinti və sənət nümunələrinin 8 əsr və daha çox yaşı olduğu ehtimal edilir: “Qızıl Təpə yaşayış məskəni müxtəlif tarixi dövrləri əhatə edən abidədir. Şirvanşahlar dövlətindən Səfəvilərə qədər, həmçinin Ağqoyunlu və Qaraqoyunlu dövlətləri zamanı da bu ərazidə intensiv yaşayış məskənləri olub və bu kimi təpələr həmin dövrlər üçün əlverişli yüksəkliklər hesab edilib. Çünki bu qalalar üzərində inşa edilən gözətçi məntəqələri, baş verə biləcək hücumların əvvəlcədən qarşısının alınmasında əhəmiyyətli rol oynayıb. Monqol yürüşləri zamanı bu ərazilər dağıntılara məruz qalsa da Əmir Teymurun bu ərazilərə səfəri zamanı yenidən bərpa işləri aparılıb”.

Mikayıl Mustafayevin sözlərinə görə, buranı təpə kimi yox, möhtəşəm qəsr hesab etmək olar. Çünki ərazisi 4 hektardan çoxdur və yerin unikallığı su hövzəsi ilə əhatə olunub: “İlk dəfə Qızıl Təpədə 2018-ci ildə aparılan arxeoloji qazıntılar zamanı ərazidə Kür-Araz mədəniyyətindən, yəni bizim eradan əvvəl 3-cü, 4-cü minillikdən orta əsrə qədər uzanan tarixi mədəniyyət nümunələri aşkar edilib. Burada gil və bişmiş kərpiclərdən ibarət hörgülər də üzə çıxıb. Bu dəfəki qazıntı isə “Titadil” adlandırılan hissədə aparılır. Qazıntı 200 kvadratmetri əhatə edir. Qazıntı zamanı ilk dəfə üzə çıxan hörgü divarlarının davamı aşkarlanıb. Həmçinin müxtəlif ocaq izləri, təndir tikililərinin qalıqları və dirəklərin olması bir daha onu göstərir ki, bu ərazi yaşayış məskəni olaraq qorunan bir yer olub”.

Hazırda arxeoloji qazıntılar davam etdirilir.

Əlibəy Zeynallı

Elçin Həsənov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın