21:20 02 Dekabr 2019 47
Ana səhifə Xəbərlər

İmişlidə şəhid ailəsi darısqal mənzildə yaşayır

İmişlidə Məhəmməd Əsədov küçəsi-9, mənzil 16 ünvanında yaşayan şəhid anası, 78 yaşlı Şəkər Mustafa qızı Həmidova darısqal mənzildə yaşamaqdan yorulduğunu deyir. APA TV-nin yerli bürosunun xəbərinə görə, Şəkər xanım uzun müddətdir 6 nəfərlik ailə üzvü ilə birlikdə 30 kv. metr sahəsi olan darısqal mənzildə yaşayır.

Ailənin sonbeşiyi Əli Hümbət oğlu Həmidov 1992-ci il oktyabrın 23-də Fizulinin Divanalılar kəndində düşmənlə təmas xəttində 21 yaşında şəhid olub. Digər oğlu Rusiyada ailə qurub və orda yaşayır. Şəkər ana oğlu Müqabil, gəlini, onların azyaşlı iki övladı və 50 yaşlı ağır xəstə olan oğlu, Qarabağ və Əfqanıstan müharibəsi veteranı İlyas Həmidovla birgə yaşayır. Bu səbəbdən mənzil şəraitinin yaxşılaşdırılmasını istəyir: “Bu evdə bir yoldaşım, 5 uşaq idi, bir də mən idim. Hamısı dağıldı getdi. İndi iki oğlumun, biri də ailəsindən boşanıb mənim yanıma sığınıb, getməyə yeri yoxdur. Ona görə də mən xahiş edirəm xalqa, dövlətə... hamıya verilən qiymətdən mənə də versinlər”.

Şəhid anasının çoxsaylı məktublarına isə şablon cavablar verilir: “Mənə deyirlər ki, sənin evin var, bu iki otaqlı mənzilə deyirlər ki, sənin evin var. İki otaqlı evdə nə qədər adam yaşaya bilər? Uşaq var, böyük var yerləşə bilmirik. Yükü yerdən salırıq səhər qoyuruq yerinə. Heç yerdən bir cavab yoxdur. 1992-ci ildə mənim balam əsgərlik çəkib gəldi, 7 aydan sonra cəbhəyə yollandı, 6 ay Laçın və Şuşada vuruşdu, Füzuliyə gələndə orda şəhid oldu. Cəbhədə zənci tutmuşdu qardaşı ilə, şöbəyə təhvil verdilər. Nəzərə alan yoxdur. Adları 3 kitabda qeyd edilib. Saymırlar, sanki qəribəm, kimsəsizəm”.

Əfqanıstan və Qarabağ müharibəsində iştirak etmiş İlyas Həmidov ağır xəstədir. Evin darısqallığı ucbatından həyat yoldaşı İlyasdan ayrılıb. O da bu mənzildə yaşayır. Ağbirçək ana onun da əziyyətini çəkir: “Böyrəyi işləmir, ürəyi zəifdir, qaraciyəri şişib, bir az əvvəl Şirvana xəstəxanaya müayinəyə apardılar. Kantuziyası var, əsəbidir, sənədlərini cırıb atıb, başından müalicə alıb. Həm Əfqanıstan, həm də Qarabağ müharibəsi veteranıdır”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyd edir ki, 2005-ci ildən mənzil növbəsinə duran Şəkər Hümbətovanın adına ictimai mənzil fondu olduğundan, bu ailəyə mənzil düşmür: “Bizdə nazirliyə təqdim etdiyimiz Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, Azərbaycanın konstitusiya quruluşunun müdafiəsi zamanı əlil və şəhid olmuş, o cümlədən itkin düşmüş şəhid hesab edilən ailələr üçün mənzil növbəliliyi siyahısında nəzərdə tutulan ev inşa olunub İmişli Rayon İcra Hakimiyyətinin növbəsində dayanan adamlar üçün. 6 mərtəbəli 54 mənzilli həmin ev paylanarkən ƏƏSMN-in nümayəndələri növbədə duran adamların adına evin olub-olmaması ilə bağlı Beyləqan reyestr idarəsindən çıxarış əldə olundu ki, Şəkər xanımın adına ictimai mənzil fondunda yaşayış mənzili var. Həmin arayış ƏƏSMN-ə göndərildi və mənzil püşkatma qaydasında Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə paylandı. Şəkər xanımın adına ev olduğuna görə ƏƏSMN tərəfindən Şəkər xanımın adı püşkatma siyahısına daxil edilməyib.

Orda da özünə məlumat verdilər ki, sizin adınızda yaşayış fondu var, ona görə də sizin adınız püşkatmaya daxil edilməyib”. Problemi diqqətə çatdırmaq jurnalistlərin, şəhid ailəsinin problemlərini həll etmək isə dövlət qurumlarının borcudur. Biz borcumuzdan çıxdıq...

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın