10:11 28 Avqust 2020 520
Ana səhifə Xəbərlər

İnsanlığın utanc yeri – BALLIQAYA – FACİƏDƏN 28 İL ÖTÜR

Ermənilərin 20-ci əsrin sonlarında reallaşdırdığı soyqırım siyasəti əvvəlcə Xocavənd rayonunda Qaradağlı faciəsi ilə başladı. Ardınca bəşər tarixinə əsrin faciəsi kimi yazılan 26 fevral Xocalı soyqırımı törədildi.

APA TV xəbər verir ki, müharibənin öz qanunları var, amma bunun adı müharibə deyildi, bu açıqca insanlığa qarşı amansızlıq idi, kin idi, nifrət idi. İnsanlığa sığmayan bu dəhşət daha sonra Goranboyun Ballıqaya yaylağında baş verdi. Laçınlılara qarşı törədilən 28 avqust Ballıqaya faciəsi.

İnsanlığın utanc yeri olan Ballıqaya faciəsində 24 nəfər eyni gündə qətlə yetirildi. Həmin qanlı gecədə 90 yaşlı qadın da, 6 aylıq körpədə amansızcasına öldürüldü. Onların tək bir günahı vardı, azərbaycanlı olmaq... Azərbaycanlı olduqları üçün, müdafiəsiz insanların ölüm fərmanları verilmişdi.

Müsahibimiz Laçın rayon sakini Vəzir Hümbətov hazırda Tərtərin Poladlı kəndində yaşayır. Əgər buna yaşamaq demək olarsa... Həmin faciədə 5-i oğlan, 1-i qız olmaqla 6 körpəsini və həyat yoldaşı 33 yaşlı Hürzamanı itirib.

Vəzir Hümbətov Həmin gün yurd yeri seçmək üçün Göygöl rayonuna getdiyini deyir. Çünki Laçın rayonunun Nağdalı kəndindən çıxandan sonra çöllərdə qalmışdı. Körpə balalarına saxlamaq üçün bir yer axtarırdı. Qarşıdan da soyuq havalar gəlirdi. Yaylağa bir gün tez qayıtsaydı övladlarını sap-sağlam gətirəcəkdi, amma gecikmişdi: “Həmən gecə öz ailəmdən-Hümbətova Hürüzaman Qara qızı yoldaşımdı, Elçin Vəziroğlu, Bəxtiyar Vəziroğlu, İsmayıl Vəziroğlu, Nəbadi Vəziroğlu, Gülnar Vəzirqızı və Canpolad Vəziroğlu. Hamısını bir kəfənə yığmışam. Meyit qalmayıb, yanmışdı sümükləri, külləri qalmışdı. Onun hamısını bir kəfənə yığıb bir qəbirə qoymuşuq. Ora da işğal olundu, nə gedə bilirik, nə gələ bilirik. Bəlkə də elə dağıdıblar ki, getsəm qəbiri də tapa bilməyəcəm”.

Vəzir Hümbətov uzun müddət psixoloji sarsıntılar keçirdiyini, bu səbəbdən müalicə aldığını deyir. Çünki acı üstünə acı yaşamışdı. Ömür gün yoldaşını övladları ilə birlikdə, bir yerdə dəfn etdiyi Ağdamın Güllücə kəndi də işğal olmuşdu. Bu yaşadıqları acıya tab gətirə bilmədiyi üçün intihar etmək belə keçib könlündən. Lakin sonradan qohum-əqrəbanın təkidi ilə ikinci dəfə Sevda adlı xanımla ailə qurub. Talehin işinə bax ki, 6 uşaq atasının bir daha uşağı olmayıb: “Burda ailə qurdum uşaqda olmadı. Həyatda belədir, Allah verən saatı, canı heç kəs ala bilməz. Allahın öz verdiyi vaxtdır. İstədim intihar edəm. Son vaxtı Goranboy rayonunda Ağcakənddə bir qardaşım yaşayır. İki oğlu var, birin gətirdi verdi mənə. Əsgərliyə gedib gəlmiş uşaqdır. Gətirdi verdi mənə, dedi qardaş iki uşaqdır, biri sənin olsun, biri mənim. Onsuzda Allahın qisməti belədir”.

Ballı qaya faciəsinin digər qurbanlarını tanımaq üçün üz tutduq Bərdənin “Xam Torpaq” adlanan ərazisinə. Məcburi köçkünlər üçün salınmış qəsəbədə Mehdiyevlər ailəsi ilə görüşdük. Bu mövzuya haradan necə başlayacağımızı biz də bilmirdik. Sual verməyə belə çəkinirdik. Kimdən nəyi soruşasan!? Axı bu ailə də həmin gecə 4 üzvünü itirib.

Müsahibimiz Laçın rayon Nağdalı kənd sakini, Yunis Mehdiyev deyir ki, həmin gecə yaxın qohum əqrəbaları ilə birlikdə 67 yaşlı anası Gülayə Mehdiyeva, 39 yaşlı qardaşı Rəhbər, onun həyat yoldaşı Nübar Kəlbalıyeva və bacısı 36 yaşlı Sürəyya erməni vəhşiliyinin qurbanı olub: “1992-ci ildə Laçın rayonundan köçkün olmuşuq. Xanlar rayonunun Toğana kəndinin yaxınlığında məskunlaşmışıq. Orda da belə bir faciə başımıza gəlib. Ailəmizi ermənilər vəhşicəsinə qətlə yetirib. Saat 5-6 arası qətlə yetirilib hamısı vəhşicəsinə. Ondan da əlavə, qardaşımın 3 uşağı meyitlərin arasında qan içində qalmışdılar”.

Bu 3 nəfər - Lamiyə, Elxan və Məhəmməd isə o gecədən sağ çıxa bilib. Həmin gecə güllə boran edilən o, çadırlardan birində onlarda olub. Amma sağ qalma səbəbləri ali təhsilli atası Rəhbər və tibb bacısı işləyən anası Nübar olub. Ermənilərin çadırları mühasirəyə alıb atəşə tutduğunu görən valideynlərin hər ikisi özünü körpələrinin üstünə atıb. Bədənləri güllə yarasından deşik-deşik olan Rəhbər və Nübar 3 körpəsini qoruya bilib. Uşaqların hər 3-ü güllə yarası alıb. Lakin çadıra girən ermənilər meyitlərin altında yaralı və qan içində olan uşaqların qısa vaxtda öləcəyini düşünüb oranı tərk edib. Hadisə yerinə gələn Azərbaycanlı polis və hərbçilər uşaqların sağ qaldığını görüb onları xəstəxanaya yerləşdiriblər: “Həmin gecə sağ qalanlardan biridə mənəm. Anamla, atam özün sipər elədi. Yığıb altlarına saldıqları üçün sağ qalmışıq. Xatırlamıram kölgə kimi yadımdadır. Duman tüstü belə bir şey yadımdadır? Tam olaraq yox. Səhər-səhər əsgərlərin bizi xilas etməsi yadımdadır. Qardaşımın birin apardılar Bakıya, beynindən güllə yarası almışdı. Balaca qardaşım qolundan, məndə ayağımdan yaralanmışdım. İkimiz evdə müalicə olunduq, amma böyük qardaşım Bakıda müalicə aldı. Əmim, babam götürdü himayəsinə, elə böyüdük. 2007-ci ildə ailə qurdum 2 övladım var.

Faciə günü sağ qalanlardan biri də Məhəmməd Mehdiyevdir: “2013-cü ildə ailə qurdum 2 övladım var. Övladlarımdan birinə anamın adın qoymuşam. Adı Nübardır. Həm qızım həm anamdır”.

Əmiləri Yunis, qardaşı Rəhbərin yaralı qalan 3 körpəsini öz himayəsinə götürüb. Həmin illərdə subay olan Yunis ailə qurmaqdan imtina etsə də, el ağsaqqalları uşaqların xətri üçün onu ailə qurmağa razı sala bilib. Şükufə adlı xanımla ailə quran Yunisin indi iki oğlu var. Lamiyə, Elxan və Məhəmmədin özlərini ailədə yad hiss etməmələri üçün Şükufə xanım özünün dünyaya gətirdiyi körpələrinə dil açanda ana demələrinə icazə verməyib. Onlarda Yunisin qardaşının əmanətləri kimi analarına bibi, atalarına əmi deyib: “Öz uşaqlarımda bibi deyir mənə. Bunlarda deyir deyə, onlarda bibi deyirlər. Özüm razı olmadım, dedim bibi desinlər. Özüm qoymadım ana desinlər. Hamısı bir yerdə qardaşdırlar. Əmiuşağı bilmirlər, qardaş bilirlər bir-birin”.

Ermənilərin hücum etdiyi gecə Yunis Mehdiyevin əmisi oğlu Sahib isə Gəncə şəhər xəstəxanasında olub. Geri qaydan gün ailəsindən 6 nəfərin qətlə yetirildiyini görüb. Bir ailədən olan 62 yaşlı Hümbət Mehdiyev, onun həyat yoldaşı, 57 yaşlı Qənirə Mehdiyeva, övladları, 31 yaşlı Fikrət, 25 yaşlı Ayna, 19 yaşlı Mehdi, 33 yaşlı gəlini Bəyimi də ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib.

Həmin gün 8 nəfərlik ailədən cəmi 2 nəfər sağ qalmışdı. Onların 2-si də xəstə olduğu üçün ailədən kənarda idi. O gündən sonra Sahibin bacısı ailə qurmayıb. Sahib isə evlənib və bir qızı, bir oğlu var.

Şəkər Mehdiyevanın sözlərinə görə, hər il avqust ayı gələndə onlar bu ağrını yenidən yaşayırlar: “Xeyir iş olur, göz yaşı ilə olur. Avqust ayı da çatanda tamamilə pis olur. Bizim qızımızın ad günü avqustun 27-sidir. Biz onun heç vaxt ad günün qeyd eləməmişik. Balaca qardaşı sentyabrın 1-i olub. Biz uşağın könlün almaq üçün qardaşının ad günündə qeyd edirik. O uşaqlar böyüyüb, indi uşaq sahibləridir. Biz bilmirik onları necə dindirək ki, könüllərinə dəyməyək. Hara gedirik, hər kəs bizim uşaqları qoruyur. Deyirlər bu uşaqlar faciədən sonra gələn uşaqlardır, onları qoruyun”.

Soyqırım qurbanlarından 3-ü, 1934-cü il təvəllüdlü Abdulla Abdullayev, 30 yaşlı oğlu Fərman və 19 yaşlı qızı Səadət Bərdənin Qaradəmirçi kənd məzarlığında dəfn olunub.

60 yaşlı Minarə Alməmmədova, onun iki qız övladı, 20 yaşlı Zeynəb və 16 yaşlı Kəmalə də həmin gecənin qurbanlarındadır. Onlar Bərdə rayonunun Tumaslı kənd məzarlığında dəfn olunub.

Yunis və Sahibin ailə üzvləri, 10 nəfər bir yerdə Nazırlı kənd məzarlığında dəfn olunub.

Xatırladaq ki, 1992-ci ilin avqust ayının son günlərində məcburi köçkünlük həyatı yaşayan, Azərbaycanın fərqli bölgələrində məskunlaşan, yaxın qohumluq münasibətləri olan bu ailələr məskunlaşdıqları ərazilərin heyvandarlıq üçün əlverişsiz olduğundan məsləhətləşmələr apardıqdan sonra heyvandarlıq üçün daha əlverişli şərait yaratmaq məqsədi ilə Goranboyun Ballıqaya kəndinin ərazisində yerləşən Gülüstan meşəsi adlanan ərazisində alaçıqda (çadırda) məskunlaşıblar. Məskunlaşdıqdan üç gün sonra yəni avqustun 28-i səhər saat 5 radələrində Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun 10-12 nəfər üzvü alaçıqları xüsusi amansızlıqla, iri çaplı silahlardan və qumbaraatanlardan atəşə tutub. Nəticədə dinc sakinlərdən 24 nəfər şəhid olub.

Habil Aslanoğlu,

Arzu Quliyev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın