00:00 27 Yanvar 2020 797
Ana səhifə Xəbərlər

İpotekalı ev sürüşdü, sığorta şirkəti isə... - REPORTAJ

Bakının Yasamal rayonunda, Talıblı küçəsi 36, mənzil 48 ünvanında yaşayan Əli Mirzəyev 2011-ci ildə ipoteka krediti vasitəsilə Masazır qəsəbəsində övladına mülk alıb. “AG BanK” vasitəsilə həyata keçirilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq 54 900 manata alınan mülk “A GROUP” sığorta şirkəti tərəfindən 45 min manat dəyərində sığortalanır.

Əli Mirzəyev iddia edir ki, adı könüllü olan sığorta müqaviləsinə əslində məcburən imza atıb.

Evi aldıqdan təxminən iki il sonra Əli müəllimin qayğılı günləri başlayıb. Belə ki, Masazırda baş verən torpaq çökməsi nəticəsində mülk qəzalı vəziyyətə düşüb.

Hadisədən sonra Əli Mirzəyev ilk olaraq bank rəhbərliyini məlumatlandırır:“Torpaq sürüşməsi nəticəsində bizim ev qəzalı vəziyyətə düşdü. İlk olaraq banka müraciət etdim, daha sonra sığorta şirkətini məlumatlandırdım. Bankdan bildirdilər ki, biz sığorta şirkəti ilə konfliktə girə bilmərik, çünki rəhbərlik icazə vermir. Sığorta şirkəti isə bizə yazılı sürətdə imtina kağızı göndərdi”.

Əli Mirzəyev bununla bağlı müvafiq İcra Hakimiyyətini məlumatlandırır və beş nəfərlik komissiya yaradılır: “Beş nəfər, memarından tutmuş FHN-in nümayəndəli də daxil olmaq şərti ilə gəldilər. Beləliklə, akt tərtib olundu və təsdiq olundu ki, torpaq sürüşməsi nəticəsində ev qəzalı vəziyyətə düşüb. Ancaq mənə bildirdilər ki, sığortanız olduğuna görə biz heç nə edə bilmərik” .

Beləliklə, Əli Mirzəyev məsələni məhkəmə müstəvisinə gətirir. Nəsimi rayon Məhkəmə Ekspertizasının və Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında vətəndaşın xeyrinə qətnamə çıxarılır:“Qeyd olundu ki, sığorta 54 min manat ödəməlidir ki, ev yenidən tikilsin. Məhkəmənin qətnaməsinə qədərki dövrədək sığorta şirkəti mənimlə heç bir bağlantı qurmadı. Qətnamədən dərhal sonra isə məni öz ofislərinə dəvət etdilər və dedilər ki, sən 27 min manat verməlisən ki, biz sənə 54 min manat ödəyək”.

Zərərçəkmiş Əli Mirzəyevə sığorta şirkəti tərəfindən heç nə ödənilmir. Əksinə, sığorta şirkəti məhkəmənin qətnaməsini əsassız hesab edərək, Apellyasiya Məhkəməsinə üz tutur. Apellyasiya Məhkəməsi isə sığorta şirkətinin xeyrinə qətnamə çıxarır.

Bundan sonra Əli Mirzəyev üz tutur Ali Məhkəməyə. Ali Məhkəmə yenidən məsələnin FHN tərəfindən araşdırılmasını məsləhət görür. Ekspertiza təyin olunur və ikinci dəfə yenidən hadisənin məhz torpaq sürüşməsi olduğu təsdiqlənir.

Buna baxmayaraq, qətnamə yenidən sığorta şirkətinin xeyrinə çıxarılır. Bundan sonra 54.900 manata alınan mülk 22 min manat dəyərində qiymətləndirilir və bankın balansına qaytarılır.

Məsələyə sözügedən şirkətin Sığorta hadisələrinin tənzimlənməsi departamentinin müdiri Təbriz Vəliyevin münasibətini öyrəndik:“Baş vermiş hadisə sığorta hadisəsi deyil. Bizim Əli müəllimin oğlu ilə bağlanmış hüquqi sənədimiz var. Hadisə baş verib 2011-ci ildə. Bundan sonra Əli müəllim məsələni məhkəmə müstəvisinə çıxarıb. Bir məhkəməni udub, digər instansiya məhkəmə isə Nəsimi rayon Məhkəməsinin qətnaməsini əsassız hesab edib. Qüvvədə saxlanıldı ki, sığorta hadisəsi olmadığından, şirkət heç bir pul ödəməli deyil”.

2015-ci ilin 15 fevral tarixində Ali Məhkəmənin qərarı ilə mübahisəli məhkəmə çəkişmələrinə nöqtə qoyulur, iddia əsassız hesab olunur:“Həmin evin tikinti norma və qaydalarına məhəl qoyulmadan tikildiyi müəyyənləşib. Bu, torpaq sürüşməsi deyil, sığorta hadisəsi isə əmlakı zərərdən qorumaq üçündür. Yəni qəflətən, gözlənilmədən olan hadisələr sığorta hadisələri sırasındadır”.

O ki qaldı zərərçəkmişin sığorta şirkətinə dəvət olunmasına və ondan 27 min manat istənilməsinə... “Burda söhbət şirkətin mənfəət hesabından gedir. Mənfəət hesabına işləyən şirkət kimi biz müştəriyə yardım təklif etmişik. O da bu yardımdan imtina etdi. Biz şirkət olaraq, sadəcə, yaşayış evi olduğu üçün bu təklifi irəli sürdük. İmtina etmək isə vətəndaşın hüququdur”.

Düz səkkiz ildir davam edən sığorta çəkişməsi bağlı araşdırmanın sonuna gəldik. Tərəfləri dinlədik, deyilənləri isə olduğu kimi təqdim etdik. Nəticə dəyişəcəyi təqdirdə, tamaşaçılara məlumat verəcəyik!

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın