16:25 07 Avqust 2020 322
Ana səhifə Xəbərlər

İqtisadiyyat naziri sahibkarlarla onlayn görüş keçirdi

İqtisadiyyat naziri Mikayıl Cabbarov sahibkarlarla onlayn görüş keçirib.

APA TV-nin xəbər verir ki, görüşdə İqtisadiyyat Nazirliyinin rəhbər vəzifəli şəxsləri, eləcə də pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 280-dən çox sahibkar iştirak edib.

İqtisadiyyat naziri qeyd edib ki, 2020-ci il Azərbaycan üçün uğurlu başlasa da, pandemiya bütün ölkələrdə olduğu kimi, milli iqtisadiyyatı da yeni çağırışlarla üz-üzə qoyub, məcburi məhdudlaşdırmalar iqtisadi fəallığın zəifləməsinə, biznesin maliyyə itkiləri ilə qarşılaşmasına gətirib çıxarıb.

Pandemiyanın iqtisadiyyata neqativ təsirləri barədə məlumat verən Mikayıl Cabbarov 2020-ci ilin birinci yarımilliyi üzrə ÜDM-də azalmanın qeydə alındığını, əksər iqtisadi sektorlarda azalma müşahidə olunduğunu qeyd edib.

Özəl sektorun iqtisadiyyatın aparıcı qüvvəsi olduğunu vurğulayan Mikayıl Cabbarov, dövlət başçısının tapşırığına uyğun olaraq, Nazirlər Kabinetinin sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul etdiyini bildirib.

Qərara əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan vergi ödəyicilərinə işçi sayına münasibətdə bir aylıq əməkhaqqı fondu həcmində, fərdi (mikro) sahibkarların isə daha çox ehtiyacı olan hissəsinə təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcəkdir. Bunlarla yanaşı, Nazirlər Kabinetinin qərarı ilə 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək sahibkarlar dövlət və bələdiyyə torpaq sahələrinin, hüquqi şəxslər və fərdi sahibkarlar (o cümlədən həmin kateqoriyadan olan sənaye məhəllələrinin iştirakçıları) dövlət əmlakının icarə haqqından azad edilir.

Biznesin fəaliyyətinin yeni, fərqli şəraitdə davam edəcəyini vurğulayan sahibkarlar isə bu çətin dövrdə dövlət-biznes əməkdaşlığının daha zəruri xarakter daşıdığını qeyd ediblər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın