12:00 08 Oktyabr 2019 177
Ana səhifə Xəbərlər

“İş elanı” toruna düşənlər - VƏTƏNDAŞ NECƏ ALDADILIR?

“Şirkətə işçilər axtarılır”, “Yeni yaranmış şirkətimizə işçilər tələb olunur”. Bu qəbildən elanlar yəqin sizin də qarşınıza çıxıb. Belə elanlar adətən ümumi xarakterli olur və nə işə götürən şirkətin adı, nə ünvanı, nə də işçinin hansı işlə məşğul olacağı barədə məlumat verilir. Elandakı əlaqə nömrələrinə zəng vurduqda isə… bu nömrəyə zəng çatmır.

Araşdırmalar göstərir ki, bu tip iş elanları ilə işə düzəlmək istəyənlərin böyük əksəriyyəti sonradan şikayətçi olur. Şikayətlərin məğzi isə... Ya işə düzəlmək istəyən vətəndaşın pulu əlindən alınır, ya da həmin şəxs əmək istismarına məruz qalır.


Paytaxt sakini Elxan İsrafilov (ad, soyad şərtidir) “elan toruna” düşənlərdəndir. O, deyir ki, sosial şəbəkədə rast gəldiyi iş elanı ilə aldadılıb və 50 manatı fırıldaqçılıqla əlindən alınıb: “İş elanı ilə internetdə tanış olmuşdum. Hansısa saytda iş elanlarına baxırdım. Saytlardan birində bu elana rast gəldim. Mənə dedilər ki, 50 manat pul müqabilində sizi işə düzəldəcəyik. Daha sonra isə ilk maaşın 50 faizini sizdən alacağıq. Dedim, problem deyil. Əsas odur ki, iş olsun. Bununla bağlı müraciət etdim, onunla görüşdüm. Adı Ruslan idi. 50 manat pulu aldı, bildirdi ki, mənə zəng vuracaq, daha sonra hansısa şirkətlə bu barədə razılaşdığını, CV-ni ora aparmağımı tapşırdı. Amma əvvəlcə onunla əlaqə saxlamağımın vacibliyini vurğuladı. Getdim, maraqlandım. Daha sonra ona zəng vurdum. Həmin nömrəyə zəng çatmadı. Ruslan sanki yoxa çıxdı. Nə qədər zəng vururdum, zəng çatmırdı. Hər nə qədər etdim, onunla əlaqə saxlaya bilmədim. 50 manat da batdı”.

Zərərçəkən onun başına gətirilənlərdən insanların nəticə çıxarmasını istəyir: “50 manat əslində böyük bir məbləğ deyil. Sadəcə, bu, mənim başıma gəlibsə, başqasının da başına gələ bilər. Belə şirkətlər saxtakarlıqla məşğuldur. Şirkətin adını demədilər mənə. Sadəcə, dedilər ki, sizinlə əlaqə saxlayacağıq”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin sektor müdiri Mövlud Cavadov APA TV-yə açıqlamasında bildirdi ki, bu cür iş elanları ilə vətəndaşları aldadanların qarşısını almaq məqsədilə qurum tərəfindən davamlı tədbirlər görülür: “2018-ci ilin iyul ayında qəbul olunmuş məşğulluq haqqında yeni qanuna görə, işə düzəltmə ilə məşğul olan özəl şirkətlərin reyestri aparılmalıdır. Artıq tərəfimizdən onların reyestr bazası formalaşdırılır. Həmin işə düzəltmə şirkətləri və bu işlə məşğul olan hüquqi şəxslər bizim reyestrimizdə qeydiyyatdan keçəcəklər. Eyni zamanda da onlar işə düzəltmə ilə bağlı bütün göstəriciləri və digər məlumatları bizə təqdim edəcəklər. Fəaliyyətimiz genişləndikcə, bu problem də aradan qalxacaq və bu prosesə mərkəzləşdirilmiş şəkildə nəzarət olunacaq”.

Saxta iş elanlarının ən geniş yayıldığı yerlərdən biri də sosial şəbəkələrdir. İnternet üzərindən saxta iş elanları ilə vətəndaşları onlayn şəkildə aldatmağa çalışan “virtual işbazlar” bəzi hallarda istəklərinə nail olurlar. Bu cür halların qarşısının alınmasının çətin olduğunu deyən Mövlud Cavadov qeyd etdi ki, problemlə qarşılaşdıqda, vətəndaşlar Dövlət Məşğulluq Xidmətinə müraciət etməkdən çəkinməməlidir: “Əməyin istismarı və digər neqativ hallara qarşı nazirliyin digər bir xidməti - Əməyin Mühafizəsi Xidməti mübarizə aparır. Eyni zamanda qeyri-formal məşğulluq məsələləri var ki, bunlara da qarşı ciddi mübarizə aparılır. Bu problemə qarşı vətəndaşlar arasında maarifləndirmə işləri aparırıq. Eyni zamanda belə problemlər varsa, vətəndaşlar da müraciət etməlidir ki, biz də həmin işəgötürən şirkətlərə, hüquqi şəxslərə qarşı tədbirlər görək”.

Hüquqşünas Şamil Paşayev isə bu cür hallarda dələduzluq edən şəxs və ya şəxslərin hüquqi və inzibati məsuliyyətə cəlb olunduğunu bildirdi: “Aldatma və etibardan sui-istifadə etməklə vətəndaşların əmlakını ələ keçirmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən 500 manatdan yuxarı həddə olduqda dələduzluq edən şəxs cinayət məcəlləsinin 178-ci maddəsi ilə məsuliyətə cəlb edilir. Məbləğ 500 manatdan aşağı olduqda isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi-Xırda talama, yəni dələduzluqla olduqda inzibati məsuliyyətə cəlb edilir. İnzibati məsuliyyətdə isə 3 aya qədər həbs və eyni zamanda ictimai işlər cəzası gözləyə bilər”

Sosial şəbəkələrdə, avtobus dayanacaqlarında, ticarət mərkəzlərində, yaşayış binalarının həyətində bu tip elanlar hər addımbaşı qarşımıza çıxır. Əgər aldadılmaq istəmirsinizsə, işə düzələrkən həmin şirkət barədə, görəcəyiniz iş haqda məlumat toplayın. Ən əsası isə elan verən şirkətin Dövlət Məşğulluq Xidmətinin reyestrindən keçdiyinə əmin olun ki, pulunuz da dələduzların cibinə girməsin!

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın