11:44 23 Noyabr 2020 486
Ana səhifə Xəbərlər

İşğaldan azad edilmiş Azıx mağarası yenidən tədqiq olunacaq - REPORTAJ

Tarixi abidələr bir dövlətin, bir xalqın tarixini bildirir. Hazırda dünyada müxtəlif xalqlar yaşayır, amma onların heç də hamısı zəngin tarixə malik deyil. Biz azərbaycanlılar isə minilliklərin dərinliklərindən süzülüb gələn qədim keçmişimizlə, tarixi abidələrimizlə öyünə bilərik.

APA TV-nin məlumatına görə, belə tarixi abidələrimizdən biri də tarixi min illərlə ölçülən qədim Azıx mağarasıdır.

Bəzi mənbələrə görə, 2 milyon, bəzilərinə görə 1 milyon 200 min il, bəzi mənbələrə görə isə 300-500 min il tarixə malik Azıx mağarası 1960-cı ildə tədqiqatçı alim Məmmədəli Hüseynovun rəhbərliyi ilə aşkarlanıb.

Mağaradan tapılan və tarixi ən azı 350-400 min ilə yaxın olan ibtidai insanın alt çənə sümüyü Azərbaycan ərazisində Paleolit dövründə yaşayış məskənlərinin olduğunu sübut edir. Xocavənd rayonunun Salakətin və Azıx kəndləri arasında yerləşən bu qədim mağara 1993-cü ildə erməni silahlı birləşmələri tərəfindən işğal olunub.

2020-ci il sentyabrın 27-də Müzəffər Azərbaycan Ordusunun Ermənistana qarşı başlatdığı uğurlu əks-hücum əməliyyatı ilə noyabrın 9-da tarixi Azıx mağarasının yerləşdiyi Salakətin və Azıx kəndləri işğaldan azad olundu. Nəinki Azərbaycan tarixi üçün, həm də bütün dünya mədəni irsi üçün böyük əhəmiyyətə malik olan bu mağara artıq Azərbaycan Ordusunun nəzarətindədir.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Qasım Hacıyev deyir ki, Azıx mağarası bundan sonra Azərbaycanın vizit kartına çevrilməlidir: “Dünyanın iki yerində, yəni Fransada və Afrikada Aşel dövrünə aid neandertalların yaşadığı ərazilər aşkar olunub. Azərbaycanda da onun qədər qiymətli olan və həmin dövrə təsadüf edən abidə - Azıx mağarası aşkarlandı. Bu, SSRİ məkanında yeganə abidə idi ki, 2 milyon il əvvəl burada insan məskənin olmasını göstərirdi. Araşdırmaçı Məmmədəli Hüseynovun Azıx mağarasında apardığı arxeoloji qazıntılar bizim tariximizi dünya miqyasına çıxardı. Azıx düşərgəsindən o dövr insanının – Azıxantropun tapılması bizim ərazimizin ən qədim dövrlərdən müasir dövrə qədər olan tarixini zənginləşdirir və Azərbaycan xalqını bütün dünyaya tanıdır”.

Tarixçi alim deyir ki, Azıx mağarası sovet hakimiyyəti illərində xeyli araşdırılsa da, hazırda bu abidənin yenidən tədqiq olunmasına böyük ehtiyac var: “Bu mağara həm Paleolit, həm Aşel, həm də Mustye dövründə azərbaycanlıların ulu əcdadları olan insanların yaşadığı yer olub. Onun ətrafında əşyalarla, heyvan sümükləri ilə bərabər 15 minə yaxın daşdan düzəldilmiş əmək alətləri aşkar edilib. Bu alətlərin içərisindən insanın çənə sümüyü də aşkarlanıb. Tibb elmləri doktoru Dəmir Hacıyevin uzun müddət apardığı tədqiqatlar nəticəsində məlum oldu ki, bu tapıntı ən qədim insan tipinin çənə sümüyüdür. Bu tapıntı ilə Azərbaycan ərazisində ən qədim insan düşərgəsinin olduğu təsdiqlənib”.

Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Əjdər Babazadə isə hesab edir ki, Azıx mağarasının tarixi, elmi araşdırmalarda göstəriləndən daha qədimdir. O, fikrini Şərqi Afrikadan Azıx mağarasının yerləşdiyi əraziyə miqrasiya etmiş ilk insan tipi ilə əlaqələndirir: “Azıx mağarası təkcə hər kəsin bildiyi çənə sümüyündən ibarət deyil. Buradan Paleolit dövrünün bütün mərhələlərinə aid daş alətlər aşkarlanıb. Azıx mağarasında qədim insan qruplarından – homoneandertalların, homohelderberqslərin, homosapienslərin izləri mövcuddur. Bu onu göstərir ki, Kiçik Qafqaz dağları Afrikadan çıxıb dünyaya miqrasiya edən insan qruplarının koridorlarından birini təşkil edib. Bu mənada Azərbaycanın Kiçik Qafqaz bölgəsi xüsusi əhəmiyyətə malikdir. Bu mağara ilk insan miqrasiyasının üzərində yerləşən nöqtələrdən biridir”.

Arxeoloqun fikrincə, bundan sonra Azıx mağarasında davamlı olaraq arxeoloji tədqiqat işləri aparılsa, Azərbaycan tarixi üçün yeni-yeni nailiyyətlər əldə oluna bilər: “Bu abidə, sadəcə, Azərbaycan tarixi, Qafqaz tarixi üçün deyil, eyni zamanda dünya tarixi, bəşər tarixinin öyrənilməsində xüsusi önəmə malikdir. Demək olar ki, əlimizdə minlərlə artefakt var. Bunlar əsasən insan və heyvan qalıqları, daş alətlərdən ibarətdir. Hesab edirəm ki, bundan sonra Azıx mağarasının içərisindəki tapıntılar bu gün Azərbaycan arxeologiya fondunda olan materiallarla paralel şəkildə öyrənilməlidir. Bu vaxta kimi Azıx mağarasının 2 hissəsində - birinci və ikinci mağaralarda araşdırmalar aparılıb. Azıx mağarası 6 gözdən ibarət olduğuna görə digər gözlərdə də araşdırmaların aparılması Azərbaycan arxeologiya elmi üçün yeni nailiyyətlərin əldə oluna biləcəyi ehtimalını yaradır”.

Qeyd edək ki, bir neçə gün əvvəl AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun bir neçə əməkdaşı Azıx mağarası da daxil olmaqla Azərbaycana məxsus maddi-mədəni irsin və tarixi abidələrin ermənilər tərəfindən talan edilməsi və uzun müddət arxeoloji abidələrimizdə qanunsuz qazıntıların aparılması məsələsinin araşdırılması ilə bağlı Respublikanın baş prokuroru Kamran Əliyevə müraciət ünvanlayıblar. Müraciətdə 2002-ci ildən etibarən ermənilərin xarici ölkə alimlərini cəlb etməklə on ildən artıq müddətdə Xocavənd rayonu ərazisindəki Paleolit dövrünə aid Azıx mağarasında qanunsuz arxeoloji qazıntı işləri aparması və aidiyyəti orqanların müvafiq icazəsi olmadan əldə edilmiş tapıntıların Ermənistan ərazisinə daşınması faktları xüsusi vurğulanıb. Bu müraciətin ardınca Baş Prokurorluq işğaldan azad edilən ərazilərdə ermənilər tərəfindən arxeoloji qazıntıların aparılması ilə bağlı cinayət işi başladıb.

Həmidağa Məcidov,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın