11:54 14 Aprel 2021 68
Ana səhifə Xəbərlər

İşğaldan azad olunmuş ərazilərdəki iki çaya farel balıqları buraxılıb

Həkəri və Bərgüşad çaylarının qovuşduğu hissəyə xırda farel balıqları buraxılıb.

APA TV-nin Qubadlıya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, çəkisi 30-50 qram olan 1000 ədəd balıq körpəsi çay hövzəsinə buraxılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyevin sözlərinə görə, Qızıl xallı farel yerli şirin su hövzələrinə uyğun olduğu üçün məhz bu balıqların buraxılışı nəzərdə tutulub. "Qızıl xallı farel həm də Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşmüş növdür. Bu proses bu ərazilərdə həmin növün təbii bərpasına, populyasiyasının çoxalmasına müsbət təsir göstərəcək. Bundan əlavə, həm Həkəri, həm də Bərgüşad çaylarında sululuq dərəcəsinin yüksək olması balıqların bu çaylarda geniş yayılmasına müsbət təsir göstərən amillərdəndir”.

Bu il həmçinin 2 milyon 300 min kütüm, 1 milyon 500 min çəki, 1 milyon ağ amur, 1 milyon enlialın, həmçinin Xıllı nərə balıqartırma zavodu tərəfindən 550 min nərə cinsli balıq körpəsinin təbii su hövzələrinə buraxılması planlaşdırılır.

Həmçinin qeyd olunub ki, ərazilərin minalardan və döyüş sursatlarından təmizlənməsi başa çatdıqdan sonra tədricən reintroduksiya layihələri reallaşdırılacaq, işğaldan azad olunmuş ərazilərə məxsus olan heyvanların da təbii populyasiyasının bərpa olunması, eləcə də, həmin ərazilərdə onların sayının artırılması ilə bağlı tədbirlər görüləcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın