18:43 05 Dekabr 2020 361
Ana səhifə Xəbərlər

İtaliyalı deputatlar Gəncədə Ermənistanın raket atdığı əraziyə baş çəkib

İtaliya Parlamentinin Deputatlar Palatasının nümayəndə heyəti Gəncəyə səfər edib.

APA TV-nin yerli bürosunun məlumatına görə, nümayəndə heyəti cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə Ermənistanın atdığı raket nəticəsində dağılan ərazilərə baş çəkiblər.

Nümayəndə heyətinə məlumat verilib ki, oktyabrın 11-də və 17-də Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə məqsədli şəkildə ballistik raketlərlə atəşə tutulub. Gecə saatlarında raket hücumları nəticəsində 1 körpə, 5 uşaq, 10 qadın da daxil olmaqla 30-a yaxın dinc sakin həlak olub, 90-dan çox insan yaralanıb.

Qonaqlara bildirilib ki, törədilmiş belə müharibə cinayətlərindən biri də 100 min əhalinin yaşadığı Bərdə rayonunun hədəfə alınmasıdır. Oktyabrın 27-də və 28-də Bərdə şəhərinin beynəlxalq səviyyədə qadağan edilmiş kasetli raketlərlə atəşə tutulması nəticəsində isə 1-i uşaq, 8-i qadın olmaqla 27 dinc sakin həlak olub, çoxlu sayda mülki şəxs xəsarət alıb.

Nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış yaşayış binasının və evlərin ətrafına gül düzüb, qətlə yetirilənlərin ruhuna dualar oxuyublar.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın