06:00 29 Noyabr 2017 2491
Ana səhifə Xəbərlər

İşıqsız, qazsız, yolsuz Hökməli... - REPORTAJ

Bakıdan çox uzaqda deyilik. Hökməli qəsəbəsi, Qobu yolu, Koroğlu küçəsindəyik. Küçənin girişində qarşılaşdığımız mənzərə ilk baxışdan onu deməyə imkan verir ki, bura palçıq və zibilliklər məkanıdır. Əslində qışın oğlan çağında yaşıllığını qoruyan Hökməli kəndi baxımsızlıqdan bu vəziyyətdədir desək, yerinə düşər.

Gözdən o qədər uzaq olmayan, amma könüllərdən iraq olan qəsəbə sakinləri ilin bütün fəsillərində həm yolsuzluqdan, həm elektrik enerjisinin tez-tez kəsilməsindən, həm də zibillərin daşınmamasından və kanalizasiya problemlərindən əziyyət çəkirlər.

Cəmaləddin Muradov deyir ki, nə az-nə çox - düz 24 ildir Koroğlu küçəsinin sakinidir: "Yolsuzluq, kanalizasiya probleminin içərisində itib batırıq. Su problemi həll edilmir. Bunun üçün 25 manatlıq su alırıq, onu da çənə vurub istifadə edirik ki, bu da ailələri heç 10 gün müddətində görmür. İşıq problemi ilə bağlı döymədiyimiz qapı yoxdur, qaz da həmçinin. Hər gün deyirlər bu gün qoşuruq, sabah qoşuruq. Çox çətin durumdayıq və belə çətin bir vəziyyətdə yaşayırıq".

Şəhla xanım da həmkəndlisinin fikirləri ilə şərik olduğunu deyir: "Kanalizasiya problemi ilə bağlı illərdir müraciət etmədiyimiz yer yoxdur. Amma dinləmirlər. Dərdimizi deyə bilmirik. Zibillik və üfunət qoxusundan dayanmaq mümkün deyil. Yolun dərdindən Hökməlidə yaşayan kənd sakinləri Bakıda kirayədə qalır, evə gəlmir. Hər bir ailənin fərdi kanalizasiyası var, iki həftədən bir maşına 40 manat verib onu təmizlətdiririk. Hamı qalıb çarəsiz. Evlər qalıb qrunt sularının altında. Kanalizasiya probleminə görə elə gün yoxdur qonşular arasında dava-dalaş olmasın. Çünki daşır kanalizasiya, bir-birimizin evinə və zirzəmisinə dolur".

Sakinlər 12 ildir burada yaşayırlar. Ancaq yeni yaşayış massivində hələ də yeniliklərdən əsər-əlamət yoxdur. Asfalt yol olmadığından yayda toz-torpaq, qışda isə palçıq sakinləri cana-boğaza yığır. Bu yollardan keçməkdən ötrü müxtəlif yollara əl atsalar da, çıxış yolunu tapa bilmirlər: "Öz cibimizin pulu ilə qaz, işıq və su çəkmişik. Nə bələdiyyə baxır, nə də Abşeron Rayon İcra Hakimiyyəti bizi dinləyir. Günü 10 manata işləyirəm, hər şeyi öz pulumla edirəm. Buna da razıyam, amma heç olmazsa, istifadə edə bilim. Yollarımız nə gündədir, qızım görürsünüz də. Vallah, yaşamaqdan imtina etmək istəyirəm. İnsan palçığın içində nə qədər yaşayar, bala? Uşağı işə yola salıram, həftəyə bir ayaqqabı xarab olur, çatdırıb ala da bilmirəm".

Sözügedən küçədə 3 min ev var ki, bu da təxminən 10 min nəfər deməkdir. Elə ki, göyün üzünü bulud aldı, qəsəbənin kiçik yaşlı sakinləri yağış yağanda məktəbə gedə bilmir. Yüksək gərginlikli elektrik dirəklərinin altında tikilmiş bir-birindən fərqli yüksəkmərtəbəli evlərdə də eyni problem yaşanır.

Yaşar dayı isə deyir ki, qəsəbədə qazıntı işləri gedir, kanalizasiya quyuları qazılır, amma görüntü üçün: "Yüksək gərginlikli elektrik xətlərinin altında yaşayırıq. Bir az yağış yığanda qorxusundan heç kim bayıra çıxa bilmir. Mən bu yaşımda yalvarmadığım adam qalmayıb, qəsəbə batıb gedir".

Sakinlərin çoxsaylı problemlərini dinlədikdən sonra üz tutduq Abşeron Rayon İcra Hakimiyyətinə. Bizi İcra Hakimiyyətinin giriş qapısında qarşılayan qurumun mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəyli bildirdi ki, burada suallarımızı cavablandıran olmayacaq.

Seymur müəllimin məsləhəti ilə Hökməli qəsəbə nümayəndəliyinin rəhbəri Müseyib müəllimlə əlaqə saxladıq. Müseyib müəllim isə qəsəbədaxili abadlıq-quruculuq işləri ilə məşğul olduğunu bəhanə gətirərək, bizimlə görüşməkdən imtina etdi.

Beləliklə, sakinlərin probleminin həllinə birbaşa cavabdeh olan qurumlar danışmaqdan imtina etdi. Atalar demişkən, "Görünən dağa bələdçi lazım deyil".

Müəllif | Apa.Tv

Sevinc Vaqifqızı

Kodu kopyalayın