18:07 18 Avqust 2020 647
Ana səhifə Xəbərlər

Kafe və restoranlar bu gündən fəaliyyətə başladı – QAYDALARA ƏMƏL EDİLİRMİ?

Pandemiyaya görə fəaliyyəti dayandırılan kafe və restoranlar artıq bu gündən etibarən işə başladı. Lakin bəzi şərtlər var. Gördüyünüz kimi masaların arasında ara məsafəsi saxlanılıb və müştərilər restorana daxil olarkən dezinfeksiyaedici məhlullardan istifadə etməlidirlər.

Bildiyimiz kimi COVID19 virusuna yoluxma dinamikasında azalma müşahidə edildiyi üçü Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən bəzi yumşalmalar edildi.

APA TV-nin məlumatına görə, karantin rejimi müddətində bağlı qalan ictimai iaşə obyektlərinin sahibləri bu qərardan sonra böyük həvəslə, artıq dünəndən etibarən hazırlıqlarını tamamlayıb müştərilərin yolunu gözlədiklərini deyirlər:

- Sevincliyik. Pandemiyaya görə kafemiz bağlı idi. Müştərilərə yalnız çöldə xidmət göstəririk, az sayda adam qəbul edirik, masalar arasında 2 metr məsafə var, masalarda spirtimiz var.

- Hamı kimi biz də sevinirik, işimizin başında olduğumuz üçün. İnsanlara da bunu çatdırmağa çalışıram ki, ara məsafəsi saxlayaq, pandemiyaya güc gələk. Gələn müştərilərimizə də təlimatlarımızı veririk.

Kafe-restoranların açılması təkcə ictimai iaşə obyektlərinin sahibləri üçün deyil, karantin rejiminin yaratdığı psixoloji sıxıntıdan qurtulmaq istəyən vətəndaşlar üçün də ürəkaçan olub:

- Azadlığa çıxmışıq demək olar ki. Burda cəmi 26 nəfər otura bilər. Maska ilə oturanlar da çoxdur. Özümüz də spirtdən istifadə edirik, özümüzü qoruyuruq.

- Uzun müddət ki, hər yer qapalı idi. Yaxşı oldu ki kafelər açıldı. Biz də gəlmişik ki, açıq havada istirahət edək.

Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları da açılan restoran və kafelərdə qaydalara əməl edilib-edilmədiyini yoxlamaq üçün ictimai iaşə obyektlərinə baş çəkiblər. Gigiyenik qaydalara əməl edilməsi istiqamətində kafe sahibləri, müştərilərlə maarifləndirici söhbətlər aparıblar:

- Zəhmət olmasa, qaydalar barədə bizə məlumat verin. Maskadan istifadə olunurmu, ara məsafəsi saxlanılırmı?

- Bütün qaydalara əməl olunur, obyekt dünəndən dezinfeksiya olunub, səhər təkrar dezinfeksiya etdik. Açıq hava şəraitində ,bir masa ətrafında 6 nəfərdən çox olmamaq şərti ilə müştərilərə xidmət göstəririk.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev aparılan reydlər zamanı qaydaları pozan iaşə obyektinin olmadığını bildirdi: Bu gündən fəaliyyətə başlayan ictimai iaşə obyektlərində nəzarət-profilaktik tədbirlər davam edir. Tədbirlərin keçirilməsində məqsəd əsasən ictimai iaşə obyektlərinin sahiblərinin, eyni zamanda müştərilərin məlumatlandırılmasıdır. Aparılan müşahidələr göstərir ki, sahibkarlar, müştərilər qaydalara əməl edirlər. Masaların ara məsafəsi saxlanılaraq qoyulmasında, dezinfeksiyaedici məhlullardan istifadə edilməsində, gigiyenik qaydalara riayət edilməsində hələ ki neqativ hal tərəfimizdən aşkarlanmayıb.

Bu yumşalmalar bizi arxayın salmamalıdır. Bu sadə, kiçik qaydalara əməl etmədiyimiz təqdirdə çətinliklə qət etdiyimiz bu yolu yenidən geri qayıtmağa məcbur qalacağıq. Buna görə də, özümüzü və sevdiklərimizi qorumaq üçün qoyulan qaydalara əməl etməliyik.

Fatma Zahidqızı

Faiq Həsənov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın