12:00 20 Aprel 2018 839
Ana səhifə Xəbərlər

Kamil Musavi: "Vətən üçün itirilən əza itki deyil!" - QARABAĞ QAZİSİ İLƏ SÖHBƏT

Həmsöhbətimiz Kamil Musavidir. O, 2015-ci ildə Naftalan, Talış kəndi istiqamətində kəşfiyyat qrupunun komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən mina partlaması nəticəsində bir ayağını və bir gözünü itirib. Uzun müddətdir görüşmək istəsək də, bu gün baş tutdu görüşümüz.

Son illər onu hərbi-vətənpərvərlik tədbirlərindən tanıdıq. Ordudan tərxis olunduqdan sonra fələyə baş əyməməyin nümunəsini yaratdı qəhrəmanımız: "Son zamanlar insanlar sanki elə düşünür ki, bizim tariximiz iki ildən ibarətdir. Apreldən bu yana. Amma onlar düşünməlidir ki, Azərbaycan tarixi heç də qısa zamandan ibarət deyil. Düzdür, aprel qələbəsini biz qeyd etməyə bilməzdik. Çünki Azərbaycan xalqının 200 ildən sonra qazandığı bir qələbə düşməndən torpağının bir parçasını azad etdiyi gündür. Bu, bizim üçün qələbənin başlanğıcı olan gündür. Biz ona görə onu daha çox sevinclə, daha çox təmtəraqla qeyd etdik. Amma biz bu şəhidlərimiz də unutmuruq. Nəinki bu şəhidlərimizi, bu günə qədər Azərbaycan dövlətinin qurulduğu, yarandığı gündən bu yana qədər Azərbaycan üçün canını fəda eləyən heç bir insan, şəhid, qazi unudulmamalıdır və unudulmur da".

Kamil sosial şəbəkələrdə də çox aktivdir. O, məhz bu vasitə ilə gənclərə vətənpərvərliyi aşılayır: "Ən asası onu göstərmək istəyirəm ki, insan vətən üçün vücudunun hər hansı bir hissəsini itirəndə onu itki saymamalıdır. İnsan bu cür də yaşaya bilər. Mən bunu gənclərə göstərmək istəyirəm. Az da olsa, buna nail ola bilirik. İnşallah, bu daha geniş miqyas alar. Bir var kimdənsə nəsə eşidələr, xalqımıza dövlətimizə qarşı bir az aqressiv mövqe tutalar, bir də var canlı görüb canlı danışan bir insandan eşidələr".

Bir müddət öncə Kamil Musavinin sosial şəbəkələr üzərindən Afrindəki mehmetciklərə göndərdiyi dəstək mesajı da böyük rezonans doğurdu və Türkiyə xalqının böyük rəğbətini qazandı: "Türkiyəyə, Afrinə bir dəstək videosu paylaşmışdım. İnanın, heç ağlıma gəlməzdi ki, o video məni haralara aparıb çıxaracaq. Bu videonu paylaşmaqda məqsədim də ondan ibarətdir ki, türk xalqı, türk əsgərləri görsün ki, Azərbaycan xalqı, burada yaşayan qardaşları da onların yanındadır. Onu da çatdıra bildik. Türkiyədən bu gün də yazırlar ki, bizdə bu döyüşə başlayan ərəfədə bir üzgünlük, inamsızlıq vardı, bu video çox insanda ruh yüksəkliyi yaratdı, inam yaratdı".

Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycana son səfərində Kamil Musavi ilə görüşüb: "O, mənimlə görüşməyi istəmişdi və mən də təklifi qəbul edib gəldim, görüşdük. Mediaya çıxan söhbətdən əlavə, o insan daha çox sağlamlığımı soruşdu, məni Türkiyədə Çanaqqala şəhidlərinin anım gününə dəvət etmək istədi, mən də vurğuladım ki, mən orada olmuşam və şəhidləri ziyarət etmişəm. Sonda dedi ki, inşallah, bu Afrində gedən döyüş bir gün də Qarabağda gedəcəkdir. Biz Afrini azad etdiyimiz kimi, Qarabağı da azad edərik".

Kamil Musavi deyir ki, Türkiyədə müalicə aldığı müddətdə Xocalı soyqırımı ilə bağlı bütün küçələrin Azərbaycan bayrağına büründüyünü, Türkiyənin hərbi təlimlərində, pilotların sinələrində, qollarında Türkiyə bayrağı ilə yanaşı, Azərbaycan bayrağının da əks olunduğunu görüb: "Mənim döşümdəki bu bayraqlar da onlara bir jestdir. Biz bir millət-iki dövlətik, həm bunun nümayişidir. Eyni zamanda Azərbaycan Ordusunun yaralı bir zabitinin onlara göstərdiyi bir diqqətdir. Biz bu əlaqələri sıxlaşdırırıq, uzaqlaşdırmırıq".

Kamillə daha çox pozitiv şeylərdən danışdıq. Məhz buna görə də zamanında keçirdiyi sarsıdıcı günlərə qayıtmadıq. Bunu heç özü də istəmədi. Deyir ki, pozitiv olmağım düşmənlərə daha çox zərbə vurur. Hər nə olursa-olsun, dimdik ayaqda duracağını deyir: "Teymurləngə bir sual verirlər. Siz dünyanı fəth eləmək məqamında olan bir sərkərdəsiz. Bunlara nə cür yiyələndiniz? Deyir ki, mən işi onu bilənə tapşırmışdım".

Bəli, vətəni qorumaq məhz işini sevən, canından keçməyə hazır olanların peşəsi olmalıdır. Elə Kamil Musavi kimi.....

Müəllif | Apa.Tv

Almaz Qasımova

Kodu kopyalayın