04:00 07 May 2020 181
Ana səhifə Xəbərlər

Karantin günlərinin digər adsız qəhrəmanları - KURYERLƏR

Ölkədə tətbiq edilən xüsusi karantin rejimi müddətində fəaliyyətinə icazə verilən sahələr sırasında onlayn çatdırılma xidməti də yer alırdı. Hansı ki, bu işlə kuryerlər məşğul olur. Ümumiyyətlə, karantin günlərində kuryerlərin fəaliyyəti necə təmin olunurdu

Kuryer şirkətlərindən birinin icraçı direktoru Kənan Cavadov deyir ki, əməkdaşlar ilk olaraq icazə ilə təmin edilib: “Karantin günləri elan olunan andan etibarən şirkətin əməkdaşları elektron icazə ilə təmin edilib. Həmçinin onların gigiyenik və təhlükəsiz işləri icra etməsi üçün lazımi vasitələrlə təmin olunmuşdur”.

Kuryer işləyən Elsevər Məmmədzadə hər gün gigiyenik vasitələrdən istifadə etdiklərini deyir: “Koronavirusa yoluxmayaq deyə, tez-tez əlcəklərimizi dəyişirik, maskalardan istifadə edirik, hər gün dezinfeksiya olunuruq, spirtdən istifadə edirik”.

APA TV xəbər verir ki, qıraqdan asan görünən, lakin o sadə mənzərə qədər də çətin və məsuliyyətli olan çatdırılma işi xüsusi karantin rejimində insanların əlindən tutdu. “Evdə qal” çağırışına əməl edən sakinlər bu xidmətdən daha çox yararlandı. Kuryer şirkətlərindən birinin direktoru Tofiq Hidayətzadənin sözlərinə görə, kimisi yemək, kimisi ərzaq, kimisi də sənəd və ya digər məhsulları qarşı tərəfə məhz kuryerlər vasitəsi ilə çatdırdı: “Taksi xidmətlərindən fərqli olaraq kuryerlər şəxsdən götürür və şəxsə təhvil verir”.

Kənan Cavadov deyir ki, restoranların, geyim mağazaların və digər müəssisələrin onlayn fəaliyyət göstərməsi isə kuryerlərin işini birə beş artırıb: “Pandemiya dövründə insanların öz ehtiyaclarını evdən çıxmadan ödəməsində elektron ticarətin rolu böyükdür. Ölkəmizdə də karantin günləri boyunca onlayn sifarişlərdə ciddi artım müşahidə edilir”.

Fasiləsiz iş rejimi ilə çalışan kuryer şirkətlərinin bəziləri halından məmnun görünsə də, digərlərinə bu vəziyyət heç də sərf etməyib: “Karantin günlərində çatdırılmalarımız bir az düşdü. Yəni ətrafda necə bizdə də elə. Kuryer şirkətləri əsasən şirkətlərlə çalışır. Və belə olan halda şirkətlər işləmədiyi üçün iş yüzdən 30-35%-dək endi”.

Tofiq Hidayətzadə müştəri azlığının olmasından əlavə işlərinə çətinlik yaradan məqamlardan da danışdı: “Karantin günlərində işlərimiz daha çətinə düşdü. Çünki bizim işimiz əziyyət tələb edən ağır işdir. Bu işlərdə əlcək, maska ilə çalışmaq daha çətindir. Çünki, daha çox fiziki qüvvə tələb edir. Bu zaman əlcəklər tez-tez cırılır. Hətta elə olur ki maskanı külək aparır”.

Restoran xidmətləri ilə işləyən kuryer şirkətlərindən biri çətin günlərdə hətta çatdırılmaları ödənişsiz həyata keçirərək insanlara öz dəstəklərini nümayiş etdirib: “Bütün karantin boyunca çatdırılmaları tamamilə ödənişsiz həyata keçirmişik”.

Kənan Cavadov kuryerləri də “gizli qəhrəman” adlandıraraq təşəkkür etməyi özünə borc bildi: “Karantin dövründə biz evdə oturarkən xidmət göstərən kuryer komandasına təşəkkür etmək istəyirəm. Onlar da ölkəmizin bu çətin dönəmində xidmət edən gizli qəhrəmanlardır”.

Hər halda tutduğun peşədən asılı olmayaraq çətin günlərdə xalqın mənafeyi üçün atdığın hər addım səni gizli qəhrəmana çevirir.

İsa İsmayılov

Əli Ələkbər

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın