12:40 01 May 2020 145
Ana səhifə Xəbərlər

Karantin rejimi elektron kitaba marağı artırıbmı? - REPORTAJ

“Yaxşı kitab çox qiymətli xəzinədir”. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin dediyi bu kəlam bütün dövrlərdə aktual olacaq. Təbii ki, bu qiymətli xəzinəyə gedən yol davamlı mütaliədən keçir.

APA TV-nin məlumatına görə, karantin günlərində vətəndaşların əsas məşğuliyyətlərindən biri də heç şübhəsiz ki, kitab oxumaqdır. Ölkə ərazisində bütün kitabxanaların bağlı olması insanları müəyyən qədər elektron kitablara yönləndirir. Bəs bu elektron kitablar insan sağlamlığına necə təsir göstərir?

Mərkəzi Gömrük Hosbitalının həkim-oftomoloqu, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyeva deyir ki, elektron kitabların gözə ziyanı texnikanın növündən asılı olaraq dəyişir.

Onun sözlərinə görə, elə elektron kitablar var ki, onların mavi şüa filterləri var və gözə heç bir mənfi təsiri yoxdur.

Amma kompüter, planşet və mobil telefonlarda bu filter olmadığına görə, sözügedən cihazlar vasitəsilə elektron kitab oxuyan şəxslər gözlərini şüalanmadan qorumalıdırlar: “Gözə olan gərginliyi azaltmaq üçün elektron kitablardan istifadə edən şəxslər hər 40 dəqiqədən bir 5 dəqiqə fasilə etməlidirlər. Bu fasilə müddətində ya uzağa baxmaq lazımdır, ya da əlləri, ovucu qızdırıb gözün ön səthini sıxmamaq şərti ilə bağlamaq lazımdır. Bu yolla biz gözü həm gərginlikdən qorumuş oluruq, həm də istifadə olunan texnikanın mənfi təsirindən qorumuş olacağıq”.

Aynurə Əliyeva onu da bildirdi ki, elektron kitab oxuyan şəxslərdə diqqət yayğınlığı halları da müşahidə edilməkdədir: “İstənilən monitor texnikadan istifadə edən şəxslər gözlərini tez-tez qırpmağa çalışmalıdırlar. Belə ki, diqqət işdə olduğuna görə, gözləri qırpmaq yaddan çıxır və gözün ön səthi quruyur. Beləliklə də uzun müddət fasiləsiz monitor texnikalarından istifadə edən şəxslərdə gözün ön səthi quruması nəticəsində monitor-ofis və ya quru göz sindromu ortaya çıxır. Bu da öz növbəsində gözün ön səthinin müalicəsini, yəni süni sürətdən nəmləndirilməsini tələb edir”.

Mücrü nəşriyyatının direktoru Müşfiq Xan isə elektron kitabların ənənəvi kitaba qalib gələ bilməyəcəyi qənaətindədir. O deyir ki, onlayn kitablar yalnız mobillik baxımından üstünlük təşkil edə bilər: “Onlayn kitab sahəsi istər biznes olaraq, istər xidmət sahəsi olaraq son bir neçə ildə yeni mərhələyə qədəm qoyub. İstənilən halda düşünürəm ki, onlayn formatda olan elektron və pdf kitablar, səsləndirilmiş yazı vasitələri, real kitabları heç vaxt əvəz edə bilməz. Üstündən on illər keçsə belə, elektron kitablar real kitabı üstələyə bilməz”.

Oxucuların fikirləri isə müxtəlifdir. Kimisi elektron, kimisi də ənənəvi kitablar vasitəsilə mütaliə edir:

- Ənənəvi kitabları üstün tuturam. Ona görə ki, uzun müddət ekrana baxdığımız zaman adamın gözünü yorur və ya tam aydın oxunmur. Kitab elə şeydir ki, onun səhifələrini vərəqlədikcə zövq alır. Kitab vərəqinin xüsusi bir iyi var. Həmin o iyi hiss edəndə kitab oxumaq daha xoş olur insana. Ona görə, mən ənənəvi kitablara üstünlük verirəm”.

- İndiki vəziyyətdə onlayn kitab oxumaq daha rahatdır. Çünki kitabxanalar bağlıdır. Amma kitabın özünü oxuyanda daha gözəl olur”.

Bəs görəsən aprelin 27-dən xüsusi karantin rejiminin yumşaldılması nəticəsində fəaliyyətə başlayan kitab mağazalarında vəziyyət necədir? Kitab mağazasının müdiri İman İmanov deyir ki, hazırda tələbat elə də çox deyil: “Bu gün demək olar ki, elə də sıxlıq və tələbat müşahidə olunmayıb. Karantin günlərində onlayn satışımız bundan daha çox olub. Hazırda insanların daha çox evdə olması ilə əlaqədar o qədər də çox alıcı sıxlığı müşahidə edilmir”.

Qeyd edək ki, koronavirus pandemiyası ilə mübarizə məqsədilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində bütün kitabxanaların fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Həmidağa Məcidov,

Faiq Həsənov,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın