17:29 27 İyun 2020 644
Ana səhifə Xəbərlər

Karantin rejiminin pozulmasına görə cərimələr artırıla bilər

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr artırıla bilər.

APA TV-nin məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində dəyişiklik edilməsi təklif olunur.

Beləliklə, hazırda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilibsə, yeni layihədə fiziki şəxslərin iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilməsi təklif olunur. Vəzifəli şəxslərin isə min beş yüz manatdan iki min manatadək deyil, 3 min manatdan 4 min manatadək məbləğdə cərimələnməsi təklif olunur.

Hazırda işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Layihədə işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması qüvvədə saxlanır, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilməsi təklif olunur.

Yeni təklifə əsasən maska taxmayan şəxslərə qarşı fiziki şəxslər üçün tətbiq edilən 50 manatlıq cərimənin 100 manat, təkrar törədilməsinə görə 200 manat, vəzifəli şəxslər üçün 200 manat, təkrar törədildiyi halda 400 manat, hüquqi şəxslər üçün 400 manat, təkrar törədildiyi halda 800 manat olması nəzərdə tutulub.

Layihə Milli Məclisin iyunun 29-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın