00:40 25 Noyabr 2019 51
Ana səhifə Xəbərlər

Kazarmada dərs keçən şagirdlər - BAKI MƏKTƏBİNDƏN REPORTAJ

Bu kadrlar hansısa hərbi hissədə deyil, orta məktəbdə çəkilib. Bu məktəbi digərlərindən fərqləndirən bir cəhət var. Burda şagirdlərin istəyi ilə “Çağırışaqədərki hazırlıq” dərsləri daha əyani vasitələrlə keçirilir.

“Bura Səbail rayonu 239 nömrəli orta məktəbin “Çağırışaqədərki hazırlıq” dərslərinin keçilməsi üçün yaradılan mini kazarmadır. Kazarmada şagirdlərin dərsləri daha yaxşı başa düşməsi üçün əyani vəsaitlər, hərbi geyimlər var”.

Məktəbin hərbi hazırlıq müəllimi Nizaməddin Məsmalıyev APA TV-yə bildirib ki, məktəbdə bu növ kazarmanın yaradılmasında məqsəd şagirdlərə əsgərlərimizin yaşayış şəraitini göstərmək və şagirdlərin daha yüksək vətənpərvər ruhda təhsil almasına kömək etməkdir. Şagirdlər isə keçilən dərslərin keyfiyyətindən razıdırlar: “Biz hərbi dərslərdə bu kazarmada olan hər şeyi öyrənirik. Mən də bu gün növbətçiyəm. Bizdə kazarmada silahların sökülüb yığılmasını, minaları, əleyhqazları, yatağın səliqəyə salınmasını, sənədlər ölçüsü və ümumilikdə əsgərlərin yaşayışını öyrənirik. Bu da bizə gələcəkdə əsgər olanda kömək edəcək”.

“Biz bu hərbi kazarmada əsgərlərin gündəlik həyat fəaliyyəti haqqında öyrənirik. Məktəbdə bu dərs 10, 11-ci siniflərə keçirilir. Amma bizə keçirilmir. Bu dərsləri keçməyimiz bizə əsgərlikdə kömək olacaq. Bizdə o hiss yaranır ki, biz gələcəkdə əsgər olub, vətənimizə layiqli övlad olaq”.

“Biz burda hərbi-tibbi yardımı, zəhərli qazlar buraxılan vaxt əleyhqazdan istifadə etmək qaydalarını, ilkin tibbi yardımda qanaxma zamanı nələr baş verdiyini və orda nələr etmək lazım olduğunu öyrənirik. Ayaq sınanda, qol çıxanda ilk tibbi yardım göstərməyi artıq bilirik. 9-cu sinifdə oxumağımıza baxmayaraq, hərbiyə böyük marağımız var”.

“Biz burda əsasən rütbələri öyrənirik. Məşhur rus sərkərdəsi Suvorov demişkən, general olmaq istəməyən əsgər, əsgər deyil”.

Hərbi kazarmadakı təlimlərdən sonra şagirdlərə elektron tədris vəsaiti ilə dərslər keçilir. Onlara “Kalaşnikov” avtomatının quruluşu, hissələrinin hər birinin funksiyası öyrədilir.

Məktəbin direktoru Sədaqət Əzimova deyir ki, Azərbaycan müharibə şəraitində yaşadığı üçün hər zaman döyüşə hazır, hərbi bilikləri yüksək olan hərbçilərə ehtiyacı var: “Bizim əsas vəzifələrimizdən biri vətənpərvərlik ruhunda tərbiyə ilə bağlıdır. Sözsüz ki, məktəbdə elə tərbiyə yaratmalıyıq ki, bu uşaqlar daxillərindəki duyğunu üzə çıxara bilsinlər. Bunun üçün də məktəbdə hərbi kazarmanın olmasının böyük əhəmiyyəti var. Mini kazarma və generallar otağı 2007-2008-ci tədris ilində təşkil olunub. Səbail Rayon İcra Hakimiyyəti və Daxili Qoşunların birgə təşkilatçılığı ilə yaradılıb”.

Direktor bildirib ki, məktəbdə Mübariz İbrahimov, Fərid Əhmədov və digər şəhidlərin həyatının şagirdlərə nümunə kimi göstərilməsi onlarda hərbiyə olan marağı daha da artırır, onları yüksək vətənpərvər ruhda yetişdirir.

Qeyd edək ki, paytaxt məktəblərində bundan sonra da belə kazarmaların yaradılmasına davam etdiriləcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın