17:58 12 Avqust 2020 742
Ana səhifə Xəbərlər

Keçmişlə yeniliyin vəhdət təşkil etdiyi Balaxanı - REPORTAJ

Sabunçu rayonunun Balaxanı qəsəbəsinin Dirçəliş, Səfəvilər və Mirzə Ələkbər Sabir küçələrində təmir-bərpa işləri tamamlanmaq üzrədir. İlkin mərhələdə qədim məhəllələrin memarlıq xüsusiyyətləri nəzərə alınaraq buradakı küçələrdə yenilənmə prosesi həyata keçirilib.

Mədəniyyət nazirliyinin dəstəyi ilə həyata keçirilən yenidənqurma və abadlıq işləri başa çatdıqdan sonra bura böyük ölçülü turist axını gözlənilir.

APA TV-nin məlumatına görə, buradakı tarixi abidlərin və məhəllələrin plan-forması gözlənilməklə küçələrin divarlarının bərpası, yolların yenilənməsi prosesi həyata keçirilir. Artıq bəzi məhəllələrdə işlər tam olaraq yekunlaşıb.

Qəsəbədə görülən işlərin davamı kimi əsas küçələrin daxili yollarına tamet daşlar döşənib. Evlərin fasadlarında bərpa və təmir işləri aparılıb. Sabirin heykəli rənglənib, ətrafında isə abadlıq işləri görülüb. Çox sayda bəzək bitkiləri əkilib. Qəsəbəyə gələn mərkəzi yollar standartlara uyğun olaraq çəkilib.

Qəsəbədə yaşayan tarix müəllimi Bəxtiyar İsrafilov deyir ki, gələcəkdə Balaxanı Azərbaycana qədəm qoyan turistlərin ən çox üz tutduğu məkanlardan biri olacaq: “Son illərdə Balaxanıda aparılan abadlıq-quruculuq işləri bütün kənd camaatını sevindirir. Bizim tarixi abidələrimiz bərpa olunur, qədim küçələr əvvəlki vəziyyətinə qaytarılır, küçələrə qənbər örtüyü döşənilir. Bütün bunlar əlbəttə ki, gələcəkdə Balaxanının gözəl bir turizm məkanına çevrilməsinə xidmət edir”.

Bəxtiyar İsrafilovun sözlərinə görə, qəsəbədə abadlaşdırılan küçələrdən ən uzunu Dirçəliş küçəsidir. Bu küçənin adı son yüz ildə nə az, nə çox düz 3 dəfə dəyişdirilib: “Hazırda dayandığımız bu küçə 1991-ci ildən Dirçəliş küçəsi adlanır. Sovet dövründə bu küçəni bolşevik küçəsi adlandırırdılar. Bura Balaxanın ən möhtəşəm küçələrindən biridir. Hələ XIX əsrin sonları, XX əsrin əvvəllərində bu küçədə Balaxanın ən varlı adamları yaşayırdılar. Varlı adamların burda yaşamasını buradakı möhtəşəm tikililər bir daha sübut edir. Burdakı evlərin əksəriyyəti XIX əsrin sonları, XX əsrin əvvəllərinə aiddir. Balaxanıda bu tipli böyük evlərin sonuncusu 1916-cı ildə tikilib”.

Öz nefti ilə dünya şöhrəti qazanmış Balaxanı həm də qədim tarixi abidələri ilə məşhurdur. Buradakı abidələrin əksəriyyəti Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin siyahısına salınıb. Bəxtiyar İsrafilov deyir ki, Balaxanıda tarixin bütün dövrlərinə aid abidlər tapmaq olar: “Kəndimizdə Şirvanşahlar və Səfəvilər dövrünə aid çoxlu tarixi abidələr var. Kəndin girişində 1636-cı ildə Səfəvilər tərəfindən tikilmiş böyük bir karvansara var. Bu tikili Səfəvi şahı I Səfi tərəfindən inşa olunub. Bundan başqa Balaxanıda XIII, XIV və XV əsrlərə aid çoxlu abidələr var. Tarixçilərin XIII-XIV əsrlərə aid etdiyi qum hamamı var ki, hazırda həmin tarixi abidədə restavrasiya işləri aparılır. Mən deyərdim bu hamam Azərbaycan tarixinə aid olan ən möhtəşəm abidlərdən biridir. Qum hamamının yaxınlığında 40 pilləli su ovdanı vardır ki, o da son illərdə restavrasiya olunub”.

1385-1386-cı illərdə Hacı Şəhla bin Şakir bin Mustafa Köşkinin sifarişi ilə Ustad memar Arif bin Musa Cibal tərəfindən inşa edilən Hacı Şəhla məscidi isə buradakı tarixi abidələrə daha da rəngarənglik qatır: “Balaxanın qədimliyini sübut edən abidlərdən biri də XIV əsrdə inşa olunmuş Hacı Şəhla məscididir. Hacı Şəhla məscidi 1385-ci ildə, Şirvanşahlar dövlətinin mövcud olduğu vaxtlarda tikilib. Bu məscidin yaxınlığında məşhur Şakir Ağa türbəsi yerləşir. Şakir Ağa Şirvanşah I İbrahimin, sonradan isə Şirvanşah I Xəlilullahın vəzirlərindən biri olub. Bu türbə məhz onun şərəfinə inşa olunub”.

XIX əsin sonları, XX əsrin əvvəllərində təkcə Bakı və Abşeron yarımadasında deyil, bütövlüdə Azərbaycanda maarifçilik hərəkatının əsas mərkəzlərindən biri də qədim Balaxanı kəndi olub. Təsadüfi deyil ki, görkəmli şair Mirzə Ələkbər Sabir burada yerləşən məktəblərin birində dərs deyib: “Böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir 1910-cu ildə Balaxanıya dəvət olunub. O, burada inşa olunmuş Balaxanı məktəbində şəriət dərsini tədris edirdi. O dövrdə Balaxanı Azərbaycanda maarifçiliyin mərkəzlərindən biri idi. Çünki kənd camaatının maddi yardımı ilə 1908-ci ildə burada Nəşrü-maarif cəmiyyətinin xətti ilə orta məktəb tikilmişdi. Bu orta məktəbdə o dövrün ən ziyalı adamları dərs deyirdi. Heç təsadüfi deyildir ki, Sabir də bura dəvət olunmuşdu. M.Ə. Sabirin burda 1 il işləməsinə baxmayaraq o burda çox böyük ədəbi və mədəni mühit qoyub gedib. Uzun illər Balaxanıda Sabirçilər adı ilə tanınan çoxlu şairlər, ziyalılar yetişib. Bütün bunlar göstərir ki, XX əsrin əvvəllərində Balaxanı Azərbaycanın mədəni, iqtisadi və siyasi həyatında nə qədər mühüm rol oynayır”.

Qəsəbə sakini, Rəssamlıq Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Emin Ələkbərovun sözlərinə görə, yenilənən küçə və məhəllələrdə tarixi ornamentlərin hamısı qorunub saxlanılıb. Yaxın günlərdə buradakı işlər tam yekunlaşdırılacaq və ərazi həm yerli, həm də xarici turistlərin ixtiyarına veriləcək: “Balaxanı qəsəbəsinin bütün küçələrində yenidənqurma və bərpa işləri aparılır. Burda əsas məqsədimiz tarixi ənənələri qorumaq şərti ilə buradakı qədim küçələrə müasir elementlər əlavə etməkdir. Ən əsas qayəmiz tarixi abidlərimizi qoruyub saxlamaqdır. Buradakı bütün küçələrdə kommunikasiya və rabitə xətləri, kanalizasiya sistemi yenilənib. 3 əsas küçəyə daş döşənilib. Digər küçələr də asfaltla örtülüb. Binaların fasadları isə yenidən rənglənib”.

Qeyd edək ki, Qəsəbədə abadlıq, bərpa, təmir işləri ilə Bakı Abadlıq Xidməti MMC məşğul olur.

Həmidağa Məcidov,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın