16:42 19 Sentyabr 2020 350
Ana səhifə Xəbərlər

Kələxana türbələrində ilk dəfə tamaşa təqdim olundu

Şamaxıda yerləşən və XIV əsrə aid olan Kələxana türbələrində Mingəçevir Dövlət Dram Teatrının səhnələşdirdiyi “Sara” adlı yeni tamaşanın premyerası olub.

APA TV-nin yerli bürosunun xəbərinə görə tamaşa ölkəmizdə ilk dəfə olaraq təbii dekorasiyadan istifadə edilərək-açıq səma altında, tarixi abidələrin fonunda nümayiş olunub.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 135-ci ildönümündə, 18 sentyabr-Milli Musiqi Günündə təqdim olunan bu premyera eyni zamanda, Mingəçevir Dövlət Dram Teatrının milli musiqimizə, mədəni irsimizə töhfəsidir.

Tamaşa şifahi xalq ədəbiyyatı nümunələrindən olan “Apardı sellər Saranı” dastan-rəvayətinin motivləri əsasında hazırlanıb.

Tamaşanı səhnələşdirən Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Rəfael Haşimov (Əməkdar rəssam), musiqi tərtibatçısı Elnur Rəsulov, rəqslərin quruluş müəllifi Eyvaz Əliyev, rejissoru Cavid Təvəkkül, layihənin rəhbəri Səxavət Məmmədovdur.

Tamaşada Xalq artisti Ella Yaqubova, Əməkdar artist Şıxı Yaqubov, Aydın Quliyev və teatrın gənc aktyorları iştirak edib.

Qeyd edək ki, açıq havada bu tamaşanın hazırlanması və təqdimatı zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə bağlı bütün şərtləri və tələbləri nəzərə alınıb.

Xatırladaq ki, tarixi abidələrinə, coğrafi şəraitinə, müasir infrastrukturuna görə, qədim Şamaxı rayonu daim turistləri özünə cəlb edir. Kələxana türbələri də Şamaxıya gələn qonaqlar tərəfindən daha çox ziyarət olunan məkanlardandır.

Şahnəzər Bəşirov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın