19:20 08 Fevral 2018 561
Ana səhifə Xəbərlər

Kənd müəllimi Həbib Əlizadə: "Real vəziyyət odur ki..."

İlk dəfə bu kadrları izlədikdə gözlərim dolmuşdu. Belə şeyləri ancaq filmlərdə gördüyümüz üçün bir az mənə təəccüblü gəlmişdi. Bu fədakar müəllim öz şagirdlərinin dərsi mənimsəməsi üçün əlindən gələn hər şeyi edir. Onlara kitab, jurnallar alır, əlverişsiz şəraitdə belə nəsə etməyə çalışır.

Şagirdlərini dərslərə cəlb etmək, onlara fənni sevdirmək üçün fərqli metodlardan istifadə edir. Nəticəsi isə göz qabağındadır.

Haqqında bəhs etdiyimiz Həbib Əlizadə Lənkəranın ucqar dağ kəndi olan Gərgəranda tarix müəllimi işləyir. Həbib müəllimlə çalışdığı məktəbdə söhbət etməyi çox istərdik, amma görüşümüz Bakıda baş tutdu. O, 3 ildir ki, həmin kənddə çalışır. Şagirdlərini çox sevir, hər biri onun üçün çox doğmadır. Məqsədi şagirdlərinin hər birinin savadlı olması, təhsil almasıdır: "Çalışırıq ki, həm kurikulumun verdiyi imkanlardan istifadə edək, şagirdlərimizə yeni üsullarla dərs keçək, həm də dünya praktikasında olan yeni üsulları tətbiq edək. Ən əsası isə şagirdlərin sevgisini qazanmaq, onların bizə olan ümidlərini doğrultmaqdır. Etdiyimiz hər şey şagirdlərimizin inkişafı, onların gələcəkdə daha keyfiyyətli hərtərəfli inkişaf etməsi üçündür".

Həbib müəllim deyir ki, şagirdləri ilə bağlı ümidləri böyükdür. Onun sözlərinə görə, hər bir müəllim bölgələrdə dəyişiklik yarada biləcəyinə inanaraq getsə, daha çox nəticə əldə olunar: "Hər halda, nəticə olacaq ya olmayacaq, önümüzdəki illərdə daha çox görəcəyik. Hazırda az-çox nəticəmiz var. Böyük nəticələrə çatmamışıq, amma ümidlərimiz var, əlbəttə. Təki layiq olaq. Mən həmişə bunu düşünürəm, deyirəm ki, insanların, medianın verdiyi dəstəyə təki layiq ola bilək. Real vəziyyət odur ki, kəndlərdə çətinliklər var. Biz orada dəyişiklik yarada biləcəyimizə inanaraq getsək, orada ümidini bizə dikmiş şagirdlərin ümidini doğrultmaq üçün getsək, onlara yeni bir həyat vermək üçün onlara nə isə bir şey etmək üçün getsək, mütləq nəticə əldə edə biləcəyik. Ən əsası ali məktəbə qəbul olmaqdır".

Həzrəti "Əli övladlarınızı dövrünüz üçün deyil, onların dövrü üçün yetişdirin!" deyib. İnanırıq ki, hər kəs payına düşən vəzifəni gələcəyimiz olan bu uşaqlar üçün edəcək. Həbiblərin sayının çox olması ümidi ilə...

Müəllif | Apa.Tv

Almaz Qasımova

Kodu kopyalayın