18:00 06 Fevral 2018 457
Ana səhifə Xəbərlər

Kənddə çalışan gənc müəllim: "10 il Bakıya qayıtmayacam"

Rusif Məmmədov 3 ilə yaxın Bakıdakı kolleclərin birində dərs deyib. Daha sonra ucqar dağ kəndlərində şagirdlərin onlara daha çox ehtiyacı olduğunu nəzərə alaraq, orada işləməyə qərara verib və arzusuna çatıb.

Rusif müəllim artıq bir ilə yaxındır Lerik rayonunun Visten kənd orta məktəbində riyaziyyat fənnindən dərs deyir. Verdiyi qərardan peşman deyil. Deyir ki, hələ yaxın 10 il ərzində oradan geri qayıtmaq fikri yoxdur: "O işdə ürək qoyulsa, məqsədli gedilsə, çox nailiyyətlər əldə etmək olar. Orada kənd şəraitində qızların oxuması çoxsaylı deyil. Onlara ali təhsil qazanmasına köməklik olarsa, o müəllim özü ilə fəxr edə bilər. Mən ora getmişəm, orada dərs deyirəm və bununla fəxr edirəm? Xeyr. Bütün Azərbaycan bizimdir, onun istənilən yerində istənilən nöqtəsində daim dərs demək istəyərik. Bu 10 il müddətində Bakıya qayıtmağı düşünmürəm. Çünki oradakı uşaqlara köməklik edək və onların da ali təhsil almasında bizim də rolumuz olsun".

Müsahibimiz deyir ki, bəzi müəllimlər çətinliklərə görə ucqar dağ kəndlərinə getməyə tərəddüd edir. Ancaq kənd camaatının qayğısı, uşaqların sevgisi bu çətinlikləri unutdurur.

Visten kənd orta məktəbində 4 yaxın kəndin 150-dən çox şagirdi təhsil alır. Həmin məktəbdə paytaxtdan gələn 3 müəllim çalışır. Digər kənd müəllimləri də uşaqların təhsil alması üçün əllərindən gələni edir: "Bəzən çoxu elə düşünür ki, kənd şəraitidir, 4-5 saatdan sonra dərs olmaz. Amma biz orada 7-ci saata kimi dərsimizi tam şəkildə deyirik. Dərsdən sonra da biz bütün işlərimizi tamamlayırıq, müəyyən işlərimizlə məşğul oluruq".

Rusif Məmmədov deyir ki, orada təhsil alan uşaqların müəllimlərə baxışı çox fərqlidir. Müəllim onlar üçün bir işıq, ümid yeridir: "Oradakı uşaqlarla qarşılaşdıqca, ilk olaraq onların müəllimə baxışı insanı cəlb edir. Onların baxışı suda boğulan bir insanın kömək istəməsidir. Müəllim olan şəxs onu görə bilər. O uşaqlar kömək gözləyirlər".

Rusif müəllim şagirdlərin təhsilə marağının, ümidinin olmasına baxmayaraq, valideynlərdə bu ümidin olmadığını deyir: "Kənd camaatının bir az inamı yoxdur. "Mənim övladım təhsil alar, kənd şəraitində heç bir müəllim gəlib dərs deməz" deyirlər, bunlar da bir az təsir edir. Bunun üçün məktəb rəhbərliyindən başlayaraq biz də çalışırıq ki, valideynlər iclasında daim onlarla söhbət edək, onları cəlb edək məktəbə, onlar övladları ilə maraqlansınlar. Şəhərdən müəllim gəldikdə, bəzən kənd camaatı düşünür ki, birinci ildən bu uşaqları burada alim edəcəklər, müəyyən təhsil verəcəklər. Amma bunun üçün zaman lazımdır".

Müsahibimiz deyir ki, kənd məktəblərində şagirdlər şəhər məktəblərində keçirilən tədris proqramından bir az geri qalır. Buna görə də dərsdən sonra əlavə məşğələlər keçirlər: "Əsasən də aşağı siniflərdən çalışmaq lazımdır ki, bir az daha təhsilli olsun, daha da inkişaf etsin. Təzə gedən müəllimlər üçün çətinliklər var. Şəhərdə istənilən məktəbə daxil olub istənilən yerdən başlamaq olar. Amma biz görürük ki, uşaqlar proqramdan geri qaldığına görə biz də dərsdən sonra əlavə çalışırıq ki, uşaqlara kömək edək".

Müsahibimiz müəllimlərin çalışmasına mane olan səbəblərdən biri kimi məktəbin təmirsiz və şəraitsiz olmasını əsas gətirir: "Məktəbin bir az şəraitsizliyi köhnə məktəbdir. Çox istərdik ki, o uşaqlar yaxşı bir yerdə təhsil alsınlar. Şəraitsizlik uşaqların təhsilinin daha yaxşı olmasına mane olur. Bunun üçün də orada yeni məktəb olması vacibdir. Bunu həm şagirdlər, həm müəllimlər, həm də valideynlər gözləyir. Bizim idman zalımız yoxdur. Bilirsiniz ki, Lerik rayonunda yağıntı çox olur. İdman dərslərinin keçirilməsi mümkün deyil. Bu uşaqlar üçün həm idmandan, həm də digər fənlərdən orada normal laboratoriya otağı yoxdur. Bəzən uşaqlar məcbur olur ki, 6-7-ci dərsdən getmək istəyirlər. Düzdür, uşaqları orada saxlayırıq, amma bir az da onlar dözmür, soyuq olur. Buna görə uşaqlar dərsdən qalır, soyuqlayırlar. Bu da təhsilimizə təsir edir".

Rusif müəllim inanır ki, ən yaxın illərdə sevimli şagirdləri yeni məktəb binası ilə təmin olunacaqlar.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın