22:05 26 Sentyabr 2020 148
Ana səhifə Xəbərlər

Kiçik Qızılağac körfəzinə balıq körpələri buraxıldı

Sentyabrın 26-da IDEA İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Turizm Agentliyinin nümayəndələri Qızılağac Milli Parkının yaradılmasının ildönümünə həsr olunmuş Xəzər dənizinin Kiçik Qızılağac körfəzinə körpə çəkikimi balıqların buraxılması mərasimində iştirak edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, birgə həyata keçirilən “Zəngin hövzələr” layihəsi çərçivəsində çəki, ağ amur və qalınalın balıq körpələri Kiçik Qızılağac körfəzinə buraxılıb.

Məlum olduğu kimi, son onilliklər ərzində ölkəmizin su hövzələrindəki balıq növlərinin təbii populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri nəticəsində məhvolma təhlükəsi həddinə çatıb.

Bununla əlaqədar, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması və bərpası üzrə bir sıra mühüm təşəbbüslər həyata keçirilir.

“Zəngin hövzələr” layihəsi balıq növlərinin təbii populyasiyasının artırılması, balıqartırma zavodlarında yetişdirilən müxtəlif növ balıq körpələrinin təbii mühitə buraxılması, eləcə də daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və sivil qaydalarla balıq ovunun təşviqi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Qeyd edək ki, 26 sentyabr 2018-ci il tarixində yaradılmış Qızılağac Milli Parkı Qızılağac Dövlət Təbiət Qoruğunu və bütöv Qızılağac körfəzini ehtiva edir və Xəzər dənizində ilk mühafizə olunan dəniz ərazisi hesab edilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın