13:20 05 Dekabr 2019 307
Ana səhifə Xəbərlər

Kirayə yaşadığınız ev sizin ola bilər - NECƏ?

“Kirayə mənzillərlə bağlı müraciətlər bu ayın 2-ci yarısından başlayacaq. Artıq normativ hüquqi baza yaradılıb. Bütün prosedurlar, sənəd nümunələri hazırlanıb. Şəffaflığın təmin edilməsi üçün bütün proseslər fond tərəfindən avtomatlaşdırılıb”.

Bunu APA TV-yə müsahibəsində İpoteka və Kredit Zəmanəti Fondunun Kirayə Mənzil Departamentinin direktoru Ramin Tahirov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli qərarı ilə “Yaşayış sahələrinin satma öhdəliyi və kirayə vermə mexanizmi” yaradılması haqqında fərman qəbul edilib. Həmin fərmanla fondun yeni funksional fəaliyyət istiqaməti müəyyənləşib. Bu da yaşayış sahələrinin alınması və uzun müddətə satma öhdəliyi ilə kirayə verilməsi idi. Fərmana uyğun olaraq “ASAN xidmət” mərkəzləri ilə artıq əməkdaşlıq əldə edilib. Burada əsas məqsədin şəffaflığın və xidmətdə operativliyin təmin olunması olduğunu deyən Ramin Tahirov qeyd edib ki, kirayə mənzil üçün müraciət edəcək vətəndaşların qəbulu və onların sənədlərinin yoxlanılması “ASAN xidmət” tərəfindən həyata keçiriləcək.

Qurum rəsmisi deyir ki, ipoteka kreditlərindən fərli olaraq, kirayə mənzil mexanizmində ilkin ödəniş tələbi yoxdur. Yalnız vətəndaş onun ödəmə qabiliyyətinə uyğun olaraq müəyyən olunan aylıq ödənişin 12 mislini fonda ödəməklə kirayə mənzil əldə edə bilər: “Burada aylıq ödənişlərin hesablanması fərqlidir. Aylıq ödənişlər müəyyən edilərkən - əgər ipoteka kreditlərində fondun gəlirliliyi nəzərdə tutulursa, kirayə mənzil mexanizmində faiz nəzərdə tutulmur. Burada yalnız yaşayış sahəsinin dəyərinin üzərinə müəyyən xərclər əlavə olunur. Daha sonra aylıq sabit pul məbləği müəyyən olunur. Beləliklə, hər ay kirayəçi həmin məbləği fonda ödəməlidir”.

Daha sonra müqavilədə göstərilən müddət başa çatdıqdan sonra həmin mənzil vətəndaşın mülkiyyətinə təhvil verilir, bundan sonra vətəndaş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən həmin mənzilin mülkiyyət hüququnu təsdiq edən çıxarışı ala bilər.

Bəs kimlər kirayə mənzil üçün müraciət edə bilər?


Departament direktoru deyir ki, bununla bağlı tələblər fərmanla təsdiq olunan qaydalarda nəzərdə tutulub, eyni zamanda fondun əlavə tələbləri də var. İlk növbədə kirayə mənzilə sahib olmaq istəyən şəxs Azərbaycan vətəndaşı olmalıdır. Müraciət etdiyi anda vaxtı keçmiş öhdəlikləri və məhkumluluğu olmamalı, yaş həddi 60-dan çox olmamalıdır.

Fond rəsmisi deyir ki, kirayə mənzil üçün müraciət edən vətəndaşlara əsas şərtlərdən biri kirayəçinin rəsmi gəlirə malik olmasıdır. Bu zaman fond müraciət edən şəxsin gəlirlərini təhlil edir, ödəmə qabiliyyətinə uyğun olaraq müraciət edən şəxs fondun elektron ipoteka və kredit sistemi vasitəsilə aylıq ödənişinə uyğun yaşayış sahəsini seçmək imkanı əldə edir. Bu baxımdan gəlirlər təhlil olunduğu üçün vətəndaşların rəsmi gəlirlərinin olması vacibdir. Bundan başqa, yaşayış sahələri ilə də bağlı tələblər mövcuddur: “O yaşayış sahələri kirayəyə verilir ki, həmin yaşayış sahələri 2013-cü ildən bəri inşa olunmuş olsun, tam təmirli, su, qaz və elektrik enerjisi ilə təchiz edilmiş olsun. Mülkiyyət hüququnun dövlət tərəfindən qəbul edilməsi vacib şərtlərdəndir. Bundan başqa, vətəndaşların istirahət hüquqlarının əldə edilməsi üçün fond yaşayış sahələrini seçərkən infrastruktur obyektlərinə yaxın olan, həmçinin binaların həyətyanı sahələrinin geniş olması xüsusi əhəmiyyət daşıyır”.

Müraciətlər fond tərəfindən elektron qaydada qəbul olunur. Bunun üçün ilk növbədə vətəndaş “ASAN imza”ya sahib olmalı və Elektron Hökumət Portalı vasitəsilə özünə şəxsi kabinet yaratmalı, fondun elektron ipoteka və kredit zəmanəti sistemində ərizə anket formasını doldurmalıdır. Bundan sonra vətəndaş üçün “ASAN xidmət” mərkəzləri tərəfindən qəbul vaxtı müəyyən edilir. Qəbula gələn şəxs rəsmi gəlirlərini təsdiq etdikdən sonra vətəndaşla kirayə müqaviləsi bağlana bilər. Müqavilə bağlandıqdan 3 gün müddətinə kirayə mənzil kirayəçiyə təhvil verilməlidir. Ümumilikdə isə vətəndaş kirayə mənzil əldə etmək üçün sənədlərini təqdim etdikdən müqavilə bağlanana kimi 15 gün müddət təyin edilir.

Mənzillərin ilkin olaraq Bakının hansı ərazilərində olacağına gəlincə, Fond rəsmisi bildirib ki, hazırda ərazilərin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Gələcəkdə kirayə mənzil mexanizmi paytaxtla yanaşı, rayonları da əhatə etməsi nəzərdə tutulur.

Ekspertlər isə hesab edir ki, kirayə mənzil mexanizmində bir sıra boşluqlar mövcuddur. Belə ki, evi olan şəxslərin kirayə mənzil almaq üçün müraciət etməsi yolverilməzdir: “Evi olan şəxslərin kirayə mənzillərdən istifadə etməsinin məhdudlaşdırılmasına ehtiyac var. Kirayə mənzillərin evi olmayan, mənzilə tələbatı olan şəxslərə verilməsi vacibdir. Çünki mənzilə tələbatı olan vətəndaşlarımız bu mənzilləri əldə etməklə öz sosial vəziyyətlərini yaxşılaşdıra bilərlər. Mənzili olan vətəndaşa kirayə mənzil təklif etmək heç bir sosial əhəmiyyət daşımır”.

Vüqar Bayramlı hesab edir ki, əgər kirayə verilən mənzillərdə mütəmadi monitorinqlər aparılmazsa, bu zaman Fondun yaratdığı mexanizm sual altında qalacaq: “Kirayəçi mənzildə qalır, monitorinq edilmir, 7 ildən sonra həmin mənzilin ödənişini etmir, fond həmin mənzili başqa kirayəçiyə verməli olur. Lakin bu zaman mənzil 7 il ərzində əvvəlki görünüşünü və keyfiyyətini itirir. Bu məqamda fond həmin mənzili başqa kirayəçiyə verməmişdən əvvəl mənzili təmir etdirir və müəyyən xərc çəkir. Bu da mənzilin əvvəlki qiymətinin üzərinə gələrək, qiymətin artmasına gətirib çıxarır. Bütün bunları nəzərə alıb kirayəçinin mənzili necə saxlamasını monitorinq etməsinə ehtiyac var ki, bu da gələcəkdə fondun əlavə xərclərə düşməsinin qarşısını alacaq”.

Bütün bunlarla yanaşı, ekspert kirayə mənzil mexanizminin üstün tərəflərinin də olduğunu deyir. Belə ki, kirayə mənzillərin birinci üstünlüyü ondan ibarətdir ki, vətəndaş kirayə mənzili müqavilədə neçə manata dəyərləndirib alarsa, həmin qiymət 25 il müddətində dəyişməyəcək. Bu öhdəlik aylıq kirayə məbləğinə də şamil edilir. Buna misal olaraq deyə bilərik ki, əgər kirayə mənzil üçün vətəndaş aylıq 350 manat ödəməli olacaqsa, bu məbləğ illər keçsə də, dəyişməyəcək.

Hər halda, ilin sonunda işə düşəcək yeni layihə illərlə mənzil həsrətində olan vətəndaşların işinə yaraya bilər. Əgər mexanizm qüsursuz fəaliyyət göstərərsə...

İlahə Vəliyeva, Xəyal Şükürlü APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın