06:40 11 İyun 2020 229
Ana səhifə Xəbərlər

Köçərilərin qarşısını almaq üçün tikilən “Beşbarmaq dağı” - ARAŞDIRMA

Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilən “Beşbarmaq dağı” Siyəzən rayonunun Qalaşıxı kəndi ərazisində yerləşir.

APA TV-nin yerli bürosunun məlumatına görə, bura Siyəzənin rayon mərkəzindən avtomobillə yarım saata çatmaq mümkündür. Əraziyə gedən torpaq yolun asfalt olmaması səbəbindən əraziyə ziyarətçilər daha çox yay aylarında gəlir.

“Beşbarmaq dağı”nın ətrafındakı son tunc – ilk dəmir dövrünə aid yaşayış yeri, Xızır Zində piri, ilk orta əsrlərə aid qala qalıqları, XV-XVII əsrlərə aid karvansara qalıqları, dövlət mühafizəsinə götürülən tarix və mədəniyyət abidələridir.

Xəzər dənizinin sahilində beş çılpaq zirvədən ibarət olan bu dağ xalq arasında “Xızır Zində baba” və yaxud “Xızır Zində dağı” kimi tanınır.

Tarixçi Vasif Əliyev deyir ki, erkən orta əsrlər dövründə bu ərazidə dağdan dənizə doğru müdafiə istehkam qurğuları çəkilib: Dərbənddən başlayaraq cənuba doğru çəkilmiş bir sıra istehkam qurğularından biridir. Bu dağ dəniz səviyyəsindən 500 metr yüksəklikdə, əlçatmaz sıldırım qaya üzərində yerləşir. Həmin qalanın üzərində erkən orta əsrlər dövrünə aid qala divarları, müxtəlif bina qalıqları tapılıb. Eyni zamanda dağın ətəyində XV-XVII əsrləri əhatə edən karvansara qalıqları aşkar edilib.

Tarixi mənbələrə görə, Beşbarmaq səddi köçərilərin qarşısını almaq üçün çəkilib. Beşbarmaqda qala ilə yanaşı, karvansara da olub.

Tarixçi Vasif Əliyev bildirir ki, Xəzər dənizinin qərb sahillərində sərhədlərin yadellilərdən qorunması üçün Beşbarmaq, Gilgilçay və Dərbənd istehkamları tikilib. Beşbarmaq və Gilgilçay istehkamları daha qədim tarixə malikdir.

Bu tarixi abidə “Xəzər sahili mühafizə konstruksiyaları” daxilində 2001-ci il oktyabrın 24-də UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilib.

“Beşbarmaq dağı”nın Azərbaycan tarixi və mədəni irsi üçün əhəmiyyətini nəzərə alaraq yeni qoruğun yaradılması, buradakı mədəni və təbii irsin qorunması, habelə turizmin inkişaf etdirilməsində mühüm rol oynayacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın