22:00 29 Noyabr 2019 2282
Ana səhifə Xəbərlər

Köhnə avtomobillərə yeni rüsum: Qiymətlər bahalaşa bilər - ARAŞDIRMA

“2013-cü ildən köhnə olan nəqliyyat vasitələrinin ölkə ərazisinə gətirilməsinə məhdudiyyət qoyula bilər”.


APA TV-nin məlumatına görə, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bildirib ki, artıq komitə tərəfindən məsələ ilə bağlı təklif irəli sürüb.

Təklif qəbul edilərsə, qeyd olunan ildən əvvəl istehsal edilən avtomobillər ölkə ərazisinə gətirilərkən onlara daha yüksək rüsumlar tətbiq ediləcək: “Rüsumların aşağı olmasını mən də istərdim. Lakin bu, bizim səlahiyyətimizdə deyil. Yuxarı olan rüsumun aşağı salınması ilə bağlı bizə təklif gələrsə, ona etiraz etmərik. Biz təklif etmişik ki, ekoloji baxımdan 7 ildən yuxarı nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinə məhdudiyyət qoyulsun. Bunlara elə bir vergi, rüsum qoyulsun ki, həmin nəqliyyat vasitələri Azərbaycana gətirilməsin”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə son zamanlar atmosferi daha çox avtonəqliyyat vasitələrinin çirkləndirdiyini deyir. Bildirir ki, çirklənməyə məhz yaşı 10-30 arasında olan maşınlar səbəb olur: “Rəqəmlə götürsək, yaşı 10 ildən çox olan avtomobillər 35 faiz, 20 ildən yuxarı olanlar isə 23 faiz təşkil edir. Hər 5 maşından birinin isə yaşı 30-dan çoxdur. Hətta 40 ildən çox olanlar da var. Avtomobillər də köhnəldikcə, onların ekoloji göstəriciləri, ətraf mühitə təsiri artır”.

Nazirlik rəsmisi qeyd edir ki, atmosfer havasının çirklənməsinin qarşısının alınması üçün işlədiyi qurum müxtəlif təkliflərlə çıxış edib və edir: “Buna ekoloji təmiz avtonəqliyyat vasitələrinin istismarının genişləndirilməsi ilə nail olmaq olar. Bura da hibrid avtomobilləri, elektrik mühərrikli avtomobillər daxildir. Eyni zamanda ölkənin avtomobil parkının yenilənməsi hesabına nail olmaq olar”.

Bəs sürücülər nə deyir?

“Münasibətim yaxşıdır. Başqa nə deyə bilmərəm? Əgər ekoloji təmizliyi gözləyirlərsə, lap yaxşı”.

“Çox adam onu ala bilməyəcək. İndi orta təbəqənin gücü çatıb, onu ala bilir. Amma hər adam yeni maşın ala bilməyəcək. Elə biri mən, ala bilmərəm”.

Yeni təklifin avtomobil bazarına mənfi təsir edəcəyini iddia edənlər də var. Bəzi ekspertlər düşünür ki, əgər məqsəd Azərbaycana ekoloji maşınların gətirilməsidirsə, bu, əks effekt verəcək: “Çünki maşınların qiyməti surətlə bahalaşacaq və 2013-cü ildən əvvəl olan nəqliyyat vasitələrinin ölkəyə buraxılmaması avtomobil parkının daha da qocalmasına, köhnəlməsinə səbəb olacaq. Səbəb də insanların maşınlarını tez-tez yeniləməsinə imkanlarının olmamasıdır”.

Natiq Cəfərli problemin həllinə fərqli yanaşır: “Əgər DGK ekoloji məsələyə həssaslıqla yanaşırsa, ölkəyə gətirilən hibrid avtomobillərinin gömrük rüsumu tamamilə sıfırlansın, vergi güzəştləri tətbiq olunsun. Elektriklə işləyən maşınlar isə rüsumsuz, aksizsiz və sıfır vergi tətbiq olunmaqla ölkəyə gətirilsin. Belə olduğu halda ölkədə avtopark yenilənəcək, müasir avtomobillər ölkəyə daxil olacaq, ekoloji vəziyyət yaxşılaşacaq”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov hazırda ölkədə avtomobil sayının 1,5 milyon civarında olduğunu bildirir. O, tıxacların səbəbi kimi məhz say çoxluğunu vurğulayır: “7 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması təklifi qəbulediləndir. O ki, qaldı xaricdən gətirilən köhnə maşınlara, Azərbaycanda bir neçə avtomobil zavodu tikilib. Qiymətlər yüksək olsa da, müəyyən maşınların idxalına icazə verilə bilər”.

Belə... Yeni təklifi yaxşı qiymətləndirənlər də var, razılaşmayanlar da. Qalır təklifin qəbul olunub-olunmayacağı...

Elvin Paşazadə, Vətən Sadatlı, Xəyal Şükürlü APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın