04:40 22 İyun 2020 1826
Ana səhifə Xəbərlər

Kondisioner işləyirsə, əlavə pul ödəməlisən! – TAKSİ SÜRÜCÜLƏRİNDƏN YENİ TƏLƏB

Gündəlik həyatımızda hər an harasa tələsirik. Sürətlə keçən zamanı qabaqlamaq üçün isə çox vaxt taksilərə müraciət edirik. Yay aylarında, dözülməz istilərdə isə çalışırıq sifariş etdiyimiz taksilər kondisionerlə təchiz olunmuş olsun.

APA TV xəbər verir ki, bəli əgər taksi sifariş edirsinizsə və istəyirsiniz ki, avtomobildə kondisioner işləsin o zaman əlinizi cibinizə yenə salmış olacaqsınız. Çünki, getdiyiniz kilometrdən asılı olaraq kondisioner üçün də əlavə 50 qəpik və ya 1 manat civarında əlavə ödəniş etməlisiniz.

- Əgər müştəri bizə zəng edib taksi sifariş verərkən kondisioneri deməyi unudubsa, yolda sürücüdən kondisioneri qoşmağı istəyirsə, onda bizə məlumat verilməlidir. Qısa yol üçün 50 qəpik, uzun yol üçün 1 manat gediş haqqına əlavə edirik.

- Kondisionerə görə əlavə ödəniş 50 qəpik olur. Məsələn 8 manat gediş haqqıdırsa, kondisioner qoşularsa qiymət 8.5 manat olacaq.

Əksər taksi şirkətləri bu qaydalarla işlədiyi halda bəziləri kondisioner qoşulduğu üçün müştəridən hər hansı məbləğ tələb etmir. Əgər belə hala sürücü tərəfindən yol verilərsə sərnişin mütləq şirkətlə əlaqə saxlayıb şikayətin edə bilər.

- Bizdə kondisionerə görə əlavə ödəniş tələb olunmur. Əgər müştərilərimiz bu halla rastlaşarsa mütləq operatorlarla əlaqə saxlayıb etirazını bildirməlidir.

Taksilər arasında sorğu aparıb onların da bu məsələyə münasibətin öyrəndik. Şirkətlə işləyən taksilər qaydaların şirkət tərəfindən tənzimləndiyini bildirsələrdə, fərdi işləyən sürücülər müştəridən sadəcə gediş haqqını aldıqlarını deyirlər:

- Sifarişdə nə qiymət qoyuldusa, onu da alırıq. Müştəri kondisioner istəyibsə qiymətə oda əlavə olunur, müştəriyə deyilir məbləğ.

- Haçan müştəri xahiş edərsə, kondisioneri qoş, qoşuruq. Əlavə pulda almırıq.

Elə taksi sürücüləri var ki, onlar alırlar. Ancaq almıram mən. Eyni yolu gedirik də fərqi nədir ki?

- Şirkətlər yəqin ki, əlavə xərc çıxdığı üçün alır. Gələn müştəriyə deyirik ki, 5 manat, deyir yox imkan yoxdur. Deyirik 4 manat aparıram kondisioneri də qoşuram.

- Kondisioneri qoşuramsa da, eyni qiymətə aparıram. Necə olur ki, qışda aparanda yaxşıdır yayda kondisionerə görə əlavə pul almalısan?

BNA-nın mətbuat xidmətinin rəisi Mais Ağayev isə bildirdi ki, hazırda taksilər üçün vahid qiymət təyin edilmədiyindən hər hansı qaydalar tətbiq edilmir: “Taksilərdə olan havalandırma, sərinlətmə və isitmə kimi sistemlər sərnişinlərin rahatlığı üçündür və sürücülər də sərnişinə xidmət göstərən zaman qeyri-şərtsiz bu sistemlərdən istifadə etməlidir. Lakin, təəssüf ki, bu gün taksi qiymətləri dövlət tərəfindən tənzimlənmir. Burada qiymətlər çox vaxt şirkət və sürücülər tərəfindən müəyyən olunur. Buda taksi fəaliyyətində pərakəndəliyin olduğunun göstəricisidir. Bu kimi xoşagəlməz halların aradan qaldırılması üçün BNA tərəfindən bir sıra tədbirlər həyata keçirilmiş, beynəlxalq təcrübə öyrənilməklə xüsusi taksi konsepsiyası hazırlanmışdır. İnanırıq ki, bu hazırlanmış konsepsiyaya əsasən bu kimi hallar aradan qaldırılacaq”.

Yenə də taksi sifariş verərkən öncədən kondisionerlə bağlı operatora məlumat verin ki, sərinləmək üçün qoşdurduğunuz kondisionerin xərci gediş haqqından çox olmasın.

İsa İsmayılov

Əli Ələkbər

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın