06:40 30 İyun 2020 270
Ana səhifə Xəbərlər

Koronavirus hamilə qadınlar üçün nə dərəcədə təhlükəlidir? – HƏKİM MƏSLƏHƏTİ

Ölkəmizdə koronovirus infeksiyasına yoluxanların sayının günbəgün artması hamımızı narahat edir. Ən çox da hamilə qadınları. Çünki onlar təkcə özlərindən yox, həm də bətnlərindəki körpələrin sağlamlığı baxımından narahatdırlar.

- Gün-gündən xəstəlik çoxalır. Mən də bətnimdəki körpəmdən çox narahatam. Mən tutsam, körpəm də yoluxarmı deyə qorxuram. Evimdəki iki balaca körpəmə görə də narahatam.

Bəs həqiqətən də narahatlığa əsas varmı? Əgər bir hamilə qadının koronovirus testi müsbət çıxıbsa, bu, onun bətnindəki körpəyə zərər verə bilərmi? Ana virus daşıyıcısıdırsa, körpəsinə süd verməsi təhlükəlidirmi?

Qeyd edək ki, bu həftə Azərbaycanda koronavirusa yoluxan iki hamilə qadın dünyasını dəyişib. Bu səbəbdən Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova APA TV-yə açıqlamasında hamilə qadınları ehtiyatlı olmağa çağırır: “Əgər bir xanımda koronovirus testi müsbət çıxıbsa, o, ilk öncə gərək mütləq 103 xidmətinə zəng edərək bu haqda xəbər versin. COVID-19 virusu hava-damcı yolu ilə yoluxur. Ona görə ana bətnində inkişaf edən uşağa keçə bilməz. Amma hər halda, hər bir ana gərək özünü elə qorusun ki, onun bətnindəki inkişaf edən uşağı, doğulmuş uşağı süd vermə zamanı yoluxdurmasın. Sübut olunmayıb ki, süd ilə uşağı yoluxdurmaq olar. Yoluxma nəfəslə bas verir. Ona görə də ananın testinin cavabı pozitiv çıxarsa, gərək mütləq maska taxsın, uşağa öz nəfəsini verməsin. Əgər ana xəstədirsə, təlimata uyğun olaraq ananın südü sağılaraq başqa sağlam şəxs tərəfindən uşağa verilə bilər”.

İndiyədək virus daşıyıcısı olan hamilə qadının uşağını yoluxdurması müşahidə olunmayıb. Bu, ana olmağa hazırlaşan xanımların gərginliyini az da olsa, aradan qaldırır. Amma bu, arxayınlıqla nəticələnməməlidir. Hamiləlik qadının daxilindəki bütün gizli xəstəliklərin aşkara çıxdığı həssas dönəmdir. Hamilə qadınlar gigiyenik qaydalara, izolyasiya olunmağa daha çox diqqət etməlidirlər. Uşaqlarını südlə qidalandırdıqları zaman maskadan istifadə etməli, əllərinin təmizliyinə diqqət yetirməlidirlər.

Sevinc Məmmədovanın sözlərinə görə, düzgün həyat tərzi sürülmürsə, bütün qaydalara riayət olunmursa, hamilə olmayan insanlar belə risk qrupuna daxildirlər. Əgər hamilə və ya yenicə uşaq dünyaya gətirmiş qadın koronavirusa yoluxubsa, 7 gün ərzində təcrid olunmalıdır. Müalicədən sonra yenidən test verməli, cavabı neqativ çıxarsa, o zaman uşaqla təmasda olmalıdır.

Ana olmağa hazırlaşan, və ya yenicə körpələrini qucağına almış anaları maraqlandıran suallardan biri də budur ki, virusun yayıldığı dövrdə yeni doğulmuş körpəyə peyvənd vurulmalıdırmı?

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədovanın sözlərinə görə, vaxtı-vaxtında uşaqlar mütləq şəkildə peyvənd olunmalıdırlar: “Bu, uşağın gələcək sağlamlığı üçün çox vacibdir. Peyvəndi vurmamışdan əvvəl pediatr uşağı diqqətlə yoxlayır, qızdırmasını ölçür. Əgər əks-göstəriş yoxdursa, o zaman peyvənd olunur”.

Baş mama-ginekoloqun dediyinə görə, indiyədək Azərbaycanda 30 nəfər hamilə qadında koronavirus aşkarlanıb. Virusun aşkarlanması hamiləliyin vaxtından əvvəl sonlanması demək deyil. Amma COVID-19 daşıyıcısı olan anada nəfəs darlığı, fəsadlaşma varsa, hamiləlik yarımçıq saxlanıla bilər.

Koronovirusun səbrimizi imtahan etdiyi bir dövrdə həm bətnindəki körpəni qorumaq, həm də uşaq dünyaya gətirmək çətindir. Bütün bu çətinliklərin öhdəsindən gəlməyin bir yolu var: eşitməkdən yorulsaq da, izolyasiya olmaq, sosial məsafə saxlamaq, maska taxmaq və daha səbirli davranmaq. Yalnız bu sadə, kiçik qaydalara əməl edərək, uşaqlara virussuz, təhlükəsiz dünya bəxş edə bilərik.

Fatma Zahidqızı

Əli Ələkbər

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın