15:10 14 Avqust 2020 735
Ana səhifə Xəbərlər

Koronavirusa yoluxsalar da özünütəcrid qaydalarına əməl etmədilər – POLİS SAXLADI

Ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarına hərtərəfli əməl olunmasına ciddi nəzarət tədbirləri polis əməkdaşları tərəfindən davam etdirilir.

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, bu istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində «COVİD-19» infeksiyasına yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən və ətrafdakı şəxslərə də bu virusun keçməsinə şərait yaradan şəxslər müəyyən edilərək saxlanılıblar.

Belə ki, polis əməkdaşlarının sanitar-gigiyenik qaydalara riayət etməklə həyata keçirdikləri əməliyyat nəticəsində bu hərəkətlərə yol verən Salyan rayon sakinləri Anar Vəliyev, Məmməd Ağayev, onun oğlu Elvin Ağayev və Kürdəmir rayon sakini Gülöyşə Əhmədovanın olduqları yerlər müəyyən edilib və onlar tutulublar.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərdən Anar Vəliyev və Elvin Ağayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyi hazırda “COVİD-19” virusundan müəlicə alan və həkim nəzarətində olan şəxslərdən özünütəcrid qaydalarına ciddi əməl etmələrini tələb edir. Xəbərdarlıq edərək bildiririk ki, bu qaydaları pozan və digərlərinin yoluxmasına şərait yaradan şəxslər qanunvericiliklə nəzərdə tutulan qaydada cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın