11:27 31 İyul 2020 191
Ana səhifə Xəbərlər

Koronavirusdan özbaşına müalicə alanlar - REPORTAJ

Koronavirusun yaratdığı təlaş səbəbindən insanların əksəriyyəti bir az narahatlıq hiss edən kimi evdə özlərini müalicə etməyə başlayırlar.

APA TV-nin xəbərinə görə, virusa yoluxmamaq və immunitetini gücləndirmək istəyənlər həkim məsləhəti olmadan müxtəlif dərman vasitələrindən istifadə edirlər.

- Selenium tərkibli dərmanlardan istifadə edirəm. İmmuniteti artırmaq üçün.

- Poroşoklardan, siroplardan istifadə edirik. Çox insan öz-özünü müalicə edir bu zamanda.

- Ən çox uşağa içirirəm. Çünki qoymuram bayıra çıxsın. Pandemiya müddətində cəmi 5 dəfə bayıra çıxıb. Vitamin C içirdirəm. Həkimə getmirəm, özüm alıb içirəm.

- Vitamin C önəmlidir. İynəsi olsun, tabletkası olsun. Bundan başqa, qlükoza, sistem - bunlar da immuniteti artırmağa kömək edir.

- Çaylardan istifadə edirik. Kəkotu, cökədir, bunlar xeyirlidir.

Elə sorğudan da məlum olduğu kimi, vətəndaşlar daha çox vitaminlərdən istifadə edirlər. Bəs indi hansı dərmanlar daha çox istifadə olunur?

Əczaçı Kifayət Məhərrəmova deyir ki, vətəndaşlar əsasən antiviruslardan istifadə edirlər: “Son zamanlar ən çox antiviruslara Arbidol, Erqaferon, Anaferon kimi dərmanlara tələbat artıb. Vitamin çox alınır. Xüsusilə də D vitamini, sink. Qızdırma olanda antibiotik veririk. Çox dərinə getmirik, çünki həkim məsləhəti daha yaxşıdır”.

Nizamsız və həkim göstərişi olmadan istifadə edilən bu dərmanlar qaş düzəltmək yerinə göz çıxara bilər. Çünki hər bir orqanizm fərdidir. Həkim-infeksionist Azər Nağıyev isə müayinə olunmadan, özbaşına qəbul edilən dərmanların ağır fəsadlar verəcəyini istisna etmir: “Çox təəssüf ki, bəzi vətəndaşlar özləri həkim məsləhətsiz müalicə alırlar. İnsanlar təsiri az olan dərmanlarla yanaşı, eyni zamanda reseptlə verilməli olan güclü təsirə malik və yaxud iltihab əleyhinə preparatlardan, antibakterial müalicə preparatlarından, qandurulaşdırıcalardan istifadə edirlər ki, bunların pərakəndə şəkildə, həkim təyinatı olmadan qəbulu qəti tövsiyə edilmir”.

Bəs bunun fəsadları nə ola bilər? Azər Nağıyev bu suala da aydınlıq gətirir: “Bu dərmanlardan müxtəlif allergiyalar, anafilaktik şok kimi insan həyatına təhlükə yaradan hallar, zəhərlənmələr ola bilər. Dərmanların dozası həddən artıq qəbul edilərsə, bu da daxili orqanlara toksiki təsir göstərə bilər. Eyni zamanda doza aşılarsa, sonradan qəbul ediləcək dərmanlara qarşı rezidentlik yaradır ki, bu da müalicə effektini aşağı salır. İnsanlar vitaminləri qəbul edəndə, onların öz istədikləri miqdarda qəbul etməyi normal hesab edirlər. Ancaq vitaminlər bir-biri ilə uyuşmadığı halda, onların təsiri zəifləyir. Bəzən zəhərlənmə halları da baş verə bilər”.

Əsasən də sosial platformalarda immunitet gücləndirən, koronavirusun qarşısının alınmasında köməkçi vasitə kimi bir çox dərmanların effektivliyi nümayiş olunur. Bütün bu əsassız informasiyalar pandemiyanın yaratdığı təlaşdan dolayı həssaslaşan insanlara virusdan qorunmaq üçün çıxış yolu kimi görünsə də, infeksionist Azər Nağıyev insanları bu kimi dezinformasiyalara inanmamağa çağırır.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin evdə müalicə ilə bağlı açıqladığı qaydalara əsasən, yoluxma halı təsdiqlənərsə, xəstəliyi yüngül formada keçirən şəxslər həkim rəyinə əsasən yaşadıqları və ya olduqları yerdə təcrid olunur və onların üzərində tibbi müşahidə həyata keçirilir. Özünün COVİD-19 virusuna yoluxduğuna şübhəsi olan vətəndaşlar ilk addım olaraq poliklinikaya telefon vasitəsilə zəng etməlidir.

Fatma Zahidqızı

Musa Qulammirzəyev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın